Bugün, fevralın 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmin məlumata görə, onlar iki ölkə arasında ikitərəfli münasibətlərin cari gündəliyi, regionda vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh prosesi barədə ətraflı müzakirə aparıblar.
XİN-in bildirməsinə görə, Ceyhun Bayramov “Laçın yolunda etiraz aksiyasının legitim olduğunu və aksiyanı həyata keçirən şəxslərin tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb”.
Habelə, rəsmi açıqlamaya görə, o, bölgədə “blokada” və “çətin humanitar vəziyyət”ə aid “heç bir dəlillərin olmadığı barədə faktları” diqqətə çatdırıb:
“Tərəflər telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar”.
Laçın dəhlizində...
Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər.
Rəsmi Bakı Qarabağdakı separatçı rejimi və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.
Ermənistan tərəfi isə Azərbaycan hökumətini bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.