NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov barəsindəki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun icraatına verilib.
B.Məmmədovun vəkili Elçin Sadıqovun yaydığı xəbərə görə, gənc fəalın hazırlıq iclası noyabrın 1-nə təyin olunub.
B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Gənclərin əslində keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.
Q.İbrahimovun isə hazırda məhkəməsi gedir. Prokuror onun 9 il azadlıqdan məhrum edilməsini istəyib. Q.İbrahimov özü də məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə «Qul bayramınız mübarək» yazdığına görə həbs edilib.