Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:15

Bayram Məmmədova görə aksiyada saxlananlar buraxılıb


Aksiya

Bakıda “ siyasi məhbuslara azadlıq” və “işgəncələrə son” tələbi ilə keçirilən aksiyda saxlananlar buraxılıb.

Bunlar ictimai fəal Fatimə Mövlamlı, Gülnarə Rəhimova və Amid Həsənovdur.

Saxlananlar Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə gətirilmişdilər.

Təqribən 2 saatdan çox bölmədə saxlanan gənclərin cərimə edilmədikləri bildirilir.

Saxlananların verdiyi məlumata görə, onlarla kobud davranılıb, amma bölmədə fiziki müdaxilə ilə üzləşməyiblər.

Onların qeyd etməsinə görə, ümumi sorğu-sualdan sonra sərbəst buraxılıblar.

Bütün bu deyilənlərə, hələlik, sözü gedən bölmə və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

***

Bu gün, aprelin 11-də bir qrup fəal Bakıda «siyasi məhbuslara azadlıq», «işgəncələrə son» tələbi ilə etiraz aksiyası keçiriblər. Əllərində müxtəlif şüarlar yazılan plakatlar və gənc fəal Bayram Məmmədovun şəkilini tutan aksiya iştirakçıları metronun «Qara Qarayev» stansiyasının yaxınlığında bir neçə dəqiqə irəliləyiblər. Amma daha sonra mülkigeyimli şəxslər və polis əməkdaşları onların qarşısını kəsib. Aksiya iştirakçılarının əllərindəki plakatlar alınaraq, əzilib yerə atılıb.

İctimai fəal Fatimə Mövlamlı və daha bir neçə şəxs saxlanaraq polis maşınına mindiriliblər. F.Mövlamlı polis maşınına aparılarkən şüarlar səsləndirməyə davam edib. Bir mülki şəxs əlləri ilə onun ağzını qapadıb. Hadisə yerində olan jurnalistlər polisdən saxlananların hara aparıldığını soruşublar. Onlar isə saxlananların Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə aparılacaqlarını bildiriblər.

Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma polis, bir qayda olaraq, bildirir ki, şəhər icra hakimiyyəti ilə razılaşdırılmayan aksiyalara icazə vermirlər. Hakimiyyət rəsmiləri habelə, ölkədə siyasi məhbusların olması fikrini də qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər. Üstəlik, hüquq-mühafizə orqanları təcridxana və cəzaçəkmə müəssisələrində işgəncələrin olması ilə bağlı deyilənləri əsasən gerçək saymırlar.

Bayram Məmmədovla bağlı nə baş verib?

Bu il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxan gənc fəal Bayram Məmmədov 13 gün sonra polisin qanuni əmrini yerinə yetirməməkdə günahlandırılaraq 30 sutka inzibati həbs cəzası alıb.

Gənc fəalla bağlı Sabunçu Rayon Məhkəməsinin verdiyi həmin inzibati həbs qərarından şikayətə aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədov baxıb. Şikayət təmin edilməyib.

Verilən ittihamı qəbul etməyən B.Məmmədov məhkəmədə saxlandıqdan sonra işgəncə ilə üzləşdiyini, döyüldüyün açıqlayıb. Hakim işgəncə şikayətinin araşdırılmasından ötrü prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə AzadlıqRadiosuna gənc fəalın işgəncə ilə üzləşməsi ilə bağlı dediklərinin gerçək olmadığını söyləmişdi.

Dünən, aprelin 10-da isə B.Məmmədovun özünün ayrıca verdiyi şikayətə də Bakı Apellyasiya Məhkəməsində baxılıb. Bu şikayət də təmin edilməyib.

Xatırlatma

Bayram Məmmədov bundan öncə digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanmışdı.

Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum etmişdi.

Amma gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi.

Onların hər ikisi bu ilin martında imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıblar.

XS
SM
MD
LG