Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Bayram Məmmədov buraxılmadı


Bayram Məmmədov: Əfvlə nəsə dəyişəcəksə...
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

Bayram Məmmədov: Əfvlə nəsə dəyişəcəksə...

«Mənim apellyasiya şikayəti verməyim sizdən ədalətli qərar gözləməyimə görə deyil. Sadəcə, havamı dəyişmək, gəlib məhkəmədə dostları görmək üçün bu şikayəti vermişəm», - keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazmış gənc fəal Bayram Məmmədov aprelin 10-da məhkəmədə belə deyib.

2016-cı ilin mayında heykələ şüar yazdıqdan sonra narkotik ittihamıyla 10 il həbs cəzası alan B.Məmmədov martın 17-də əfv sərəncamıyla azadlığa buraxılsa da, martın 30-da yenidən həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə - polisin qanuni tələbinə tabe olmamaqda suçlanaraq, 30 günlük cəza verilib. İddia olunur ki, B.Məmmədov Sabunçu rayonu, 12-ci polis bölməsinin qarşısında söyüş söyüb.

Vəkili Elçin Sadıqov 30 günlük həbs qərarından apellyasiya şikayəti versə də, təmin olunmamışdı. Bu şikayəti isə B.Məmmədov özü ayrıca verib. Bakı Apellyasiya Məhkəməsində şikayətə hakim Əflatun Qasımov baxıb.

Məhkəmədə öncə Bayram özü çıxış edib. O, hakimə üz tutaraq deyib: «Adamlar gəlib, siz mantiya geyinmisiz, bunlar hamısı yaxşıdır. Amma mən bunu məhkəmə hesab edib, ədalətli qərar gözləmirəm. Apellyasiya şikayətini də ona görə verməmişəm. Həbsimə gəlincə, görünür, hakim fikirləşib ki, 3 il tamam olmayıb, 1 ay kəm gəlir, ona görə 30 sutkanı verib».

Hakimin «xahişiniz nədir» sualına isə gənc fəal belə cavab verib: «Xahişim yoxdur, tələbim var, qərar ləğv olunsun».

Vəkil E.Sadıqovun da istəyi inzibati xəta üzrə işə bəraətverici əsaslarla xitam verilməsi olub. Vəkil bildirib ki, Sabunçu Rayon Məhkəməsində bu işə baxılarkən işin faktiki halları araşdırılmayıb, raportu tərtib edən şəxslər belə dindirilməyib, videogörüntülərə baxış keçirilməyib.

E.Sadıqov B.Məmmədovun inzibati həbs olunanların saxlandığı məntəqədə işgəncələrə məruz qaldığını da vurğulayıb.

Hakim qısa müşavirədən sonra Sabunçu Rayon Məhkəməsinin B.Məmmədov haqqında 30 günlük inzibati həbs qərarının dəyişdirilmədən qüvvədə saxlandığını açıqlayıb.

Xatırlatma

Bayram Məmmədov bundan öncə digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanmışdı.

Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum etmişdi.

Amma gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi.

Onların hər ikisi bu ilin martında imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG