Keçid linkləri

2025, 23 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:47

Human Rights Watch Bəxtiyar Hacıyevin işi ilə bağlı bəyanat yayıb


Girgi Qogiya
Girgi Qogiya

Siyasi şərhçi Azər Qasımlı deyir ki, fəalın oğurlanıb bu şəkildə zorakılığa məruz qalması Azərbaycan üçün təhlükəli tendensiyasıdır

“İctimai fəal Bəxtiyar Hacıyevi oğurlayıb ona qarşı zorakılıq edən şəxləri tapmaq üçün araşdırma ən effektiv şəkildə aparılmalıdır”.

Bunu AzadlıqRadiosuna müsahibəsində Human Rights Watch beynəlxalq İnsan Haqları təşkilatının Avropa və Mərkəzi Asiya şöbəsinin müdir müavini Giorgi Qogiya deyib.

“Hakimiyyətin tənqidçisi, ictimai fəal Bəxtiyar Hacıyevin dedikləri son dərəcə narahatedicidir. Hakimiyyət gərək bütün bu deyilənləri araşdırsın. Araşdırma isə sürətli və səmərəli olmalıdır. Araşdırma elə arapılmalıdır ki, nəticədə cinayətkarı doğrudan da müəyyən etmək mümkün olsun. Cinayətkarlar öz əməllərinə görə cavab verməlidirlər”.

İctimai fəal Bəxtiyar Hacıyev bildirir ki, ona aprelin 23-də naməlum şəxslər hücum edib, başına qara torba keçirib, zorakılıq tətbiq edib və daxili işlər naziri Vilayət Eyvazovla və başqa mövzularla bağlı Facebook postlarını sildiriblər.

Cəzasızlıq

Azərbaycan hakimiyyət rəsmiləri bu barədə açıqlama verməyiblər. Onlar bir qayda olaraq Azərbaycanda söz və ifadə azadlığının təmin olunduğunu deyirlər.

Giorgi Qogia deyir ki, bu hadisənin baş verməsinin əsas səbəblərindən biri budur ki, indiyə qədər fəallara qarşı hücumlar, o cümlədən hüquq mühafizə orqanları tərəfindən törədilmiş cinayətlər cəzasız qalıb.

Xatırladaq ki, keçən ilin dekabrında başqa bir fəal Tofiq Yaqublu döyüldüyünü bildirmişdi və bunun polislər tərəfindən edildiyini demişdi. Məhkəmə onun iddiasını təmin etmədi.

İctimai fəal Bəxtiyar Hacıyev özü isə AzadlıqRadiosuna müsahibəsində deyib ki, bugün, aprelin 25-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub, izahat verib və ekspertizadan keçib. O deyir ki, hələ ki, nə hadisə yerinə, nə də təhlükəsizlik kameralarına baxış keçirilməyib və o, bu prosesin uzanmasından narazıdır.

Siyasi şərhçi Azər Qasımlı deyir ki, Bəxtiyar Hacıyevin döyülməsi onun daxili işlər naziri Vilayət Eyvazovu kəskin tənqid etməsinin nəticəsidir.

“Artıq avtoritar rejimdən mafiya dövlətinə çevrilmişik”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elşad Hacıyev isə aprelin 25-də AzadlıqRadiosuna bildirib ki, iş araşdırılır, amma nəticəsi ilə bağlı hansısa məlumat yoxdur. O, Bəxtiyar Hacıyevə qarşı hücumu onun daxili işlər nazirini tənqid etdiyinə görə elə bu nazirliyin təşkil etməsi barədə səslənən tənqidləri rədd edir:

“Bu, mümkün olası bir hal deyil. Bu necə baş verə bilər?! Bəxtiyar Hacıyev Azərbaycan Respublikasının vətəndaşıdır. Bəxtiyar Hacıyevə qarşı Daxili İşlər Nazirliyi və ya hər hansı bir inzibati qurum hansısa bir addım atarmı, buna zərurət varmı?!”

Siyasi şərhçi Azər Qasımlı deyir ki, fəalın oğurlanıb bu şəkildə zorakılığa məruz qalması Azərbaycan üçün təhlükəli tendensiyasıdır:

“Artıq avtoritar rejimdən mafiya dövlətinə çevrilmişik. Irəlidə istənilən vətəndaşın başına bu oyunu gətirə bilərlər”.

Azərbaycan hakimiyyətinin təməl insan haqlarının, o cümlədən söz və ifadə azadlığını qoruduğunu desə də, ölkənin beynəlxalq insan haqları reytinqi aşağıdır.

Məsələn, mərkəzi ABŞ-da yerləşən Human Rights Watch və Freedom House təşkilatları Azərbaycanı qeyri-azad ölkə hesab edir.

Azərbaycan hakimiyyəti bu qurumların qərəzli olduğunu deyir.

XS
SM
MD
LG