ABŞ Ədliyyə Nazirliyi bildirir ki, baş prokuror William Barr Rusiyanın Amerikada prezident seçkisinə müdaxiləsini araşdırmış xüsusi prokuropr Robert Mueller-in hesabatının redaktə edilmiş variantını aprelin 18-də açıqlamağı planlaşdırır.
Ədliyyə Nazirliyinin sözçüsü Kerri Kupec aprelin 15-də deyib ki, hesabat həm Konqresə təqdim olunacaq, həm də ictimaiyyət üçün açıqlanacaq.
Xanım Kupec hesabatın səhər saatlarında açıqlanacağını desə də, dəqiq vaxt göstərməyib.
Demokrat konqresmenlər Barrdan martın 24-dək 400 səhifəlik hesabatın olduğu kimi açıqlanmasını tələb etmişdilər. Barr indiyədək bu hesabatın özü tərəfindən hazırlanmış 4 səhifəlik xülasəsini təqdim edib.
Demokratlar bunun kafi olmadığını bildirmiş və belə bir narahatlıq ifadə etmişdilər ki, vəzifəsinə bu yaxınlarda Trump tərəfindən təyin edilmiş baş prokuror hesabatda prezidentə aid neqativ faktları ört-basdır etməyə çalışa bilər.
Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi ötən həftə Associated Press agentliyinə demişdi ki, Barrın hesabatla bağlı hərəkətlərindən “çox narahatdır”.
O habelə Barrı Trump-ın siyasi əmrlərini yerinə yetirməkdə ittiham etmişdi:
"O Donald Trump-ın baş prokuroru deyil. O Birləşmiş Ştatların baş prokurorudur. Mən Barra inanmıram. Mən Mueller-ə inanıram”.
Trump aprelin 10-da demişdi ki, onun kampaniyası ilə Rusiya arasında mümkün əlaqələrin təhqiqatı əslində “dövlət çevrilişı və prezidenti devirmək cəhdi idi”.
Həmin gün Senat komitəsi qarşısında ifadə verən Barr demişdi ki, onun fikrincə, ABŞ kəşfiyyatı Trump-ın 2016-cı il seçki kampaniyasından casusluq edib.
Barr bu iddiasını heç bir faktla əsaslandırmamışdı. Trump isə bu iddiaları dəfələlərlə etmişdi.
Sonrakı dinləmədə Barr belə görünür ki, dediklərindən geri çəkilmiş və bu təhqiqatla bağlı hər hansı qanunsuzluğa əl atıldığına dair faktı olmadığını etiraf etmişdi.