Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Baş prokuror Rusiya hesabatının tam variantını Konqresə vermək niyyətində deyil


ABŞ-ın baş prokuroru William Barr aprelin 9-da Konqres komitəsi qarşısında ifadə verərkən
ABŞ-ın baş prokuroru William Barr aprelin 9-da Konqres komitəsi qarşısında ifadə verərkən

ABŞ-ın baş prokuroru William Barr aprelin 9-da Konqres komitəsi qarşısında verdiyi ifadədə deyib ki, o, Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair xüsusi prokuror Robert Mueller-in hesabatının daha geniş versiyasının Konqresə “bir həftə ərzində” veriləcəyini gözləyir.

Amma Barr əlavə edib ki, hesabatın tam və redaktəsiz variantını Konqresə təqdim etmək niyyətində deyil:

"Mən hazırkı mərhələdə tam və redaktəsiz hesabatı komitəyə göndərmək niyyətində deyiləm”.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, ABŞ-ın baş prokuroru William Barr aprelin 9-da konqresmenlər qarşısında ifadə verəcək. O, Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə müdaxiləsinə dair xüsusi prokurorun hesabatını qəbul edəndən və onun icmalını açıqlayandan ilk dəfədir ifadə verir.

Barr Nümayəndələr Palatasının komitəsində Robert Mueller-in hələ də tam açıqlanmamış hesabatına dair sualları cavablandırmalıdır.

Barr martın 24-də Konqresə məktubunda Mueller-in 400 səhifəlik hesabatının icmalını təqdim edib. Hesabatın gəldiyi qənaətə görə, Rusiya ABŞ-da seçki kampaniyasına müdaxiləyə cəhd göstərib.

“ƏDALƏTSİZ İCMAL”

Ancaq baş prokurorun məktubunda yazmasına görə, istintaq “Trump kampaniyası üzvlərinin Rusiya hökuməti ilə seçkiyə müdaxilə fəaliyyətində sövdələşdiyini, yaxud koordinasiya etdiyini müəyyənləşdirməyib”.

Robert Mueller (solda) və Donald Trump
Robert Mueller (solda) və Donald Trump

Barr istintaqın Prezident Donald Trump-ın istintaqın gedişində ədaləti əngəlləməsinə dəlil tapmadığını da yazıb.

Amma Mueller Trump-ın yaxın ətrafının 2016-cı il seçki kampaniyası dövründə Rusiyayla bağlı əlaqələri, bəzilərinin təhqiqat dövründə yalan danışmasını da üzə çıxarıb, məktubda bunlardan söz açılmır.

Mueller-in təhqiqat komandasının bəzi üzvləri ABŞ mediasına deyiblər ki, Barr hesabatın icmalını ədalətsiz şəkildə hazırlayıb.

İndi baş prokuror demokratları narahat edən suallara cavab verməlidir. Barr Trump-ın ədaləti əngəlləməsinə cəhd məsələsinə də aydınlıq gətirməlidir.

Nümayəndələr Palatasındakı demokratlar Mueller-in hesabatını bütünlükdə istəyiblər. Barr isə bildirir ki, Ədliyyə Departamenti rəsmiləri hazırda həssas informasiyanın redaktəsi ilə məşğuldur. O vəd edib ki, hesabatı bacardığı həcmdə açıqlayacaq.

Həssas informasiyaya böyük jürinin topladığı dəlil, məxfi kəşfiyyat mənbələri və metodları, davam edən cinayət təhqiqatları daxil ola bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG