Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Barmek dövlətə xeyir verirdi, onu ziyan gətirən AzərEnerji ilə niyə əvəz etdilər?


Dövlət Şirkəti niyə ziyana düşür? Hüseyn Arabulun izahı
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

Dövlət Şirkəti niyə ziyana düşür? Hüseyn Arabulun izahı

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti 2018-ci ili 307 milyon manat zərərlə başa vurub. Bu haqda Cəmiyyətin 2018-ci il üzrə maliyyə hesabatında qeyd olunur.

Şirkətin 2017-ci ildəki zərəri isə 600 milyon manatda çox olub.

Bəs, necə olur ki, dövlət büdcəsindən 240 milyon manat yardım alan, üstəlik elektrik enerjisi satışından 1 milyard manatdan çox gəlir götürən bir şirkət zərər edib?

AzərEnerjinin mətbuat xidmətinin rəhbəri Teymur Adullayevlə söhbətimizdə bir neçə dəfə cəhd etsək də bu və digər suallarımıza cavab ala ala bilmədik:

“Biz maliyyə hesabatını yaymışıq. Orada tanış ola bilərsiz bu məlumatlarla bütün məlumatlar detallı açıqlanıb”.

“AzərEnerjinin” 2018-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatı cəmi 5 səhifədən ibarətdir. Orda qeyd olunur ki, şirkətin 2018-ci ildə 1 milyard 40 milyon manat gəliri olub. Əsas xərcləri isə yanacaq, köhnəlmə və amortizasiyaya ilə bağlı olub.

Bu hesabatla yaxından tanış olan təhlilçi Toğrul Maşallı deyir ki, əslində maliyyə hesabatında məlumatlar olduqca məhduddur, şəffaf hazırlanmayıb. Şirkətin bu qədər gəliri olduğu halda, üstəlik dövlətdən də əlavə yardım aldığı halda niyə bu qədər zərərə düşməsi detallı göstərilməyib. O düşünür ki, bu da korrupsiya ehtimallarını artırır:

“Dövlət həm “AzərEnerji” ASC-yə investiyalar yatırır, həm də onun borcunu ya silir, ya da ödəyir. Təsəvvür edin ki, bu şirkətin 2018-ci ildə mənfəət gəliri cəmi 80 milyon manat olub, halbuki dövlət büdcəsindən onun 84 milyon manatlıq borcu silinib. Həm investisiya yatırmaq, həm də bu şirkətin borclarını silmək dövlətə olduqca baha başa gəlir. Şirkətin hara, nə qədər, niyə xərclədiyi haqda detallı məlumat yoxdur. Halbuki o hesabatdakı hər hissə ayrıca izah olunmalı, faktlar göstərilməli idi. Bu cür məlumatların olmaması, ictimaiyyətdən gizlədilməsi korrupsiya risklərini artırır”.

Toğrul Maşallı deyir ki, bütün Azərbaycanı AzərEnerji elektriklə təmin edir, üstəlik xaricə də elektrik satır. Belə olan halda dövlət büdcəsinə gəlir gətirməli olan bir sahənin bu qədər zərərlə işləməsi korrupsiya şübhələrinə yol açır.

Pirverdiyev gedib, problem qalır

AzərEnerjinin işindəki nöqsanlar 2018-ci ilin iyulunda Mingəçevir İstilik Elektrik Stansiyasındakı qəzadan sonra bir daha gündəmə gəlmişdi.

Hətta prezident İlham Əliyev özü də həmin qəza ilə bağlı müşavirədə bildirmişdi ki, Azərbaycan enerji sisteminə çox böyük investisiya yatırılıb.

Bununla elə bir sistem qurulmalı idi ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin.

Müstəqil ekspertlər isə 15 ildə bu sahəyə yatırılan 5 milyard manatdan çox vəsaitin səmərəsiz xərcləndiyini, korrupsiyaya yem olduğunu bildirirdilər.

Keçənilki qəzadan bir neçə ay sonra isə prezident İlham Əliyev AzərEnerjinin ovaxtkı rəhbəri Etibar Pirverdiyevi tutduğu vəsifəsindən azad elədi. Onun yerinə isə Bakı Elektrik Şəbəkənin rəhbəri Baba Rzayev gətirildi.

2001-ci ildə paytaxt Bakının elektrik paylama sistemi özəl “Barmek Azərbaycan” Şirkətinə həvalə olunmuşdu. Türkiyəli işadamı Hüseyn Arabul bu sahədə 2006-cı ilin sonuna kimi işlədi.

Hüseyn Arabul

Bəs, onda necə, dövlətdən hər hansı maliyyə yardımı almayan Barmek bu sahədən gəlir götürə bilirdi, ya indiki kimi ziyanla işləyirdi. Keçmiş “Barmek-Azərbaycanın” rəhbəri Hüseyn Arabul bu sualı belə cavablayır:

“Zərərin olması sistemin necə işləməsindən aslıdır. Özəl sektor da zərər edirmi? Mən 2001-də Azərbaycana gəldim, 2006-nın sonuna kimi də işlədim. Bu müddətdə hər il gəlir götürdüm. Hər il ən azı 8-10 milyon dollar gəlirim oldu, bunu da Azərbaycanın elektrik şəbəkəsinə yatırdım. Ən çox vergi ödəyicilərindən oldum. Zatən hər şey də burdan başladı. Dövlət təmsilçisiləri mənə səni Azərbaycana ən çox vergi ödəyicisi olasan deyəmi çağırdıq dedilər”.

Hüseyn Arabul
Hüseyn Arabul

“Barmek Azərbaycan” Şirkəti 2001-ci ilin noyabrında Bakı və Sumqayıt elektrik şəbəkələrini 25 illiyə idarəetməyə götürmüşdü. 2006-cı ildə o idarəetmədən uzaqlaşdırılıb, 2007-ci ildə isə şirkətin rəhbəri Hüseyn Arabul 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilmişdi. O özü və şirkətin 6 əməkdaşı mənimsəmə və israfetmə, vəzifə saxtakarlığı kimi cinayətlərdə ittiham olunurdu. 2009-cu ildə isə o ölkəni tərk etməli olub.

Hərçənd ki, 2001-ci ildə Hüseyn Arabulun özünün də bu layihəni sağlam rəqabət əsasında deyil, siyasi dəstək vasitəsilə əldə etdiyinə dair iddialar var.

Barmek nümunəsi sübut edir ki...

Müxalif Real Partiyasının icra katibi Natiq Cəfərli deyir ki, “Barmek Azərbaycan” nümunəsi bir daha sübut etdi ki, Azərbaycanda yüksək vəzifəli şəxslər gəlirli sahələri öz nəzarətində saxlamağa can atır.

Onun sözlərinə görə, dövlətin idarəetməsində olan bütün şirkətlər bərbad gündədir, korrupsiya, “otkat” və “şapka” kimi adlarla tanınan qanunsuz ödənişlər yuvasıdır. Natiq Cəfərli deyir ki, bu sahə özəl şirkətin idarəetməsinə verilən zaman xeyli işlər görülmüşdü, inkişaf var idi:

“Sonradan onun fəaliyyətində ciddi problemlər yaşandı və Barmek şirkəti Azərbaycandan getməyə məcbur qaldı. Bu da Azərbaycanın investisiya imicinə çox böyük zərbə oldu. Ona görə də dövlət şirkətlərinin ziyanla işləməsinin əsas səbəbi korrupsiya sxemləridir, qeyri-şəffaf fəaliyyət, xərclərin artıq olması və büdcə üzərinə yük olmasıdır. Bunun da çıxış yolu tam və ya qismən özəlləşdirmə, ya da hansısa özəl şirkətin uzun müddətə idarəetməsinə verilməsidir”.

Natiq Cəfərli deyir ki, bu sahədə ciddi islahatlar aparılmasa, əslində dövlət büdcəsinə gəlir gətirməli olan bu sahələr əksinə, yükə çevriləcəklər.

Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəy hesabatında qeyd olunur ki, AzərEnerji-yə ötən il ümumilikdə 240 milyon manat vəsait ayrılıb. Bunun 140 milyon manatı prezidentin ehtiyat fondundan ayrılmadır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG