Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 11:49

Keçən iyulda işıqların sönməsinin səbəbləri hələ də qaranlıq qalır


Bütün ölkənin işığının yenidən sönməməsi üçün hökümət nə edir?
Gözlə

No media source currently available

0:00 0:14:50 0:00

Bütün ölkənin işığının yenidən sönməməsi üçün hökümət nə edir?

Hökumət energitika sahəsində əsaslı islahat aparmaq istədiyini bildirir. Bir neçə gün əvvəl, mayın 29-da prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncama görə, elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflər hazırlanmalıdır. Sərəncam bu sahəyə özəl investisiyanın cəlbini nəzərdə tutur.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov deyir ki, indiki durumda bu sahəyə özəl investor cəlb etmək çətin olacaq:

“Biznesin bu sahəyə marağı çox aşağı səviyyədədir. 2016-cı ildə qəbul edilən strateji yol xəritələrində də öz əksini tapmışdı, böyük ehtimalla yeni strategiyada da bu məqamlar öz əksini tapacaq. Əsasən bu müəssisələrin sağlamlaşdırılması istiqamətində işlər aparılmalıdır. Qiymətlərin liberal şərtlər daxilində formalaşdırılması üçün mühit yaradılmalıdır. Və bundan sonra düşünürəm ki, özəl şirkətlər bu sahəyə maraq göstərə bilər”.

Rəşad Həsənov deyir ki, dövlətin idarə etdiyi energetika şirkətləri subsidiyalarla işləyir, səmərəlilik aşağıdır, son məhsulun və xidmətin maya dəyəri dəyişikliyə məruz qalır. Onun sözlərinə görə, bu sahədə mənimsəmə və korrupsiya barədə şübhələr var. İqtisadçı bildirir ki, bütün hallarda bazara özəl şirkətlərin girməsi əhaliyə xidmətin keyfiyyətini yaxşılaşdıra bilər.

Barmek niyə uzaqlaşdırıldı?

2001-2006-cı illərdə Bakının elektrik şəbəkəsinin idarə olunması bir Türkiyə şirkəti olan Barmekə verilmişdi, amma daha sonra şirkət idarəetmədən uzaqlaşdırıldı. Rəşad Həsənov hesab edir ki, həmin dövrdə bu sahədə xeyli müsbət irəliləyiş əldə olunmuşdu.

Prezident Ilham Əliyevin imzaladığı sərəncama görə, elektrik sahəsindən başqa, qaz və istilik təchizatı sistemlərinin də səmərəliliyi artırılmalı, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsi təmin edilməlidir. Bununçün tanınmış beynəlxalq məsləhətçi şirkətlər də cəlb olunacaq.

Təqribən bir il əvvəl, keçən ilin iyulunda ölkənin əksər hissəsində elektrik kəsilmişdi, Azərenerji bunu Mingəçevir İstilik Elektrik Stansiyasında aşırı yüklənmə ilə izah etmişdi.

Müxalifətdəki ReAl Partiyasının icra katibi Natiq Cəfərli isə deyir ki, həmin qəzanın səbəbləri insanlara hələ də tam aydın deyil:

“Çox təəssüf ki, araşdırmaların nəticələri bizə detalları ilə açıqlanmadı. Bu günə qədər biz bilmədik ki, qəzanın əsl səbəbi nə idi. Qəzanın sığortalanması üçün hansı tədbirlər görüldüyü də bilinmir. Verilən açıqlamalar ümumidir, detallı məlumat verilmir. Bunun özü də problemdir. Çünki dövlət büdcəsindən maliyyələşən işlərin görülməsi barədə ictimaiyyətin məlumat almaq hüququ var. Amma çox təəssüf ki, rəsmilər ümumi sözlərdən başqa heç bir açıqlama vermədilər”.

Keçən iyuldakı qəzadan sonra prezident İlham Əliyev müşavirə keçirmişdi, “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev elə toplantıda danlanmış və müşavirədən az sonra onu işdən uzaqlaşdırılmışdı. Onun yerinə isə “Azərişıq”ın rəhbəri Balabala Rzayevi təyin edib.

Amma iqtisadçı Rəşad Həsənov deyir ki, sistemi hələ də eyni adamlar idarə edirlər və əsaslı dəyişiklik üçün yeni sistemin qurulmasına ehtiyac var.

İqtisadçı alim Qubad İbadoğlu hesablayıb ki, son 10 ildə Azərenerji şirkətinə infrastrukturu yenilənəmək üçün ayrılan pullar təxmini hesablamalara görə 6 milyard dollardan da çox idi və bununla belə ciddi elektrik böhranı yarandı.

Hökumət energetika sektorunun yeni, uzunmüddətli inkişaf strategiyasının layihəsini bir il ərzində prezidentə təqdim etməlidir.

Hazırda ölkədə elektrik istehsalı ilə dövlət şirkəti “Azərenerji” məşğul olur, elektrik şəbəkəsinin idarəolunmasını isə başqa bir dövlət şirkəti “Azərişıq” həyata keçirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG