Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 17:50

Serj Sarkisyandan qalmaqallı təyinat


Haykaz Bagmanyan (Arxiv)

Ermənistanda "işinin öhdəsindən gəlmədiyi üçün" vəzifədən azad edilən generalı MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birgə qərargahı rəisinin müavini vəzifəsinə təyin ediblər.

Maraqlıdır ki, general Aykaz Baqmanyan ötən ilin sonunda prezident Serj Sarkisyanın fərmanı ilə Ermənistan ordusunun qərargah rəisinin müavini vəzifəsindən çıxarılmışdı.

O zaman müdafiə naziri Vigen Sarkisyan demişdi ki, Baqmanyan onun çağırışından sonra tərxis olunmaq xahişi ilə raport yazıb.

Səbəbini soruşanda isə nazirin cavabı belə olmuşdu: "Səbəb onun işinin öhdəsindən gələ bilməməsidir. Bu şəkildə birgə işləmək mümkün deyildi".

Amma nazirin birgə işləmək istəmədiyi general Baqmanyan bundan sonra Moskvada mənzillənən birgə qərargahda çalışacaq.

Ermənistan müxalifəti isə "vacib sistemdəki həlledici postun" Baqmanyana həvalə edilməsini absurd sayır.

Ermənistanda MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ölkənin təhlükəsizliyinin qorunmasında mühüm vasitə sayırlar.

Azərbaycanın vaxtilə qoşulub, sonradan tərk etdiyi bu təşkilatda Rusiya dominantlıq edir.

Buna da bax: 'Sarkisyan Saakaşvilinin bacarmadığını edə bildi' - Politoloqun şərhi

"Yelk" müxalifət fraksiyasının üzvü Ararat Mirzoyan deyir ki, bu təyinat prezident Sarkisyanın ölkəni təkbaşına idarə etdiyini göstərir:

"O, kadr siyasətində hətta müdafiə naziri kimi nüfuzlu şəxsin də fikrini nəzərə almır. Bu absurddur. Burda səlahiyyətlərinin öhdəsindən gələ bilməyən adam orda necə gələcək?" - deyə müxalifətçi sual edir.

O, deyir ki, Sarkisyan bu təyinatı ilə ətrafındakı insanlara "yerlərini göstərir":

"Demək istəyir ki, məsələn, Vigen Sarkisyanın müdafiə naziri kimi işini yüksək qiymətləndirsəm də, nə o, nə də başqası mənim yerimə göz dikə bilməz".

General-leytenant Aykaz Baqmanyan 1999-2009-cu illərdə Ermənistan ordusunun əvvəlcə 5-ci, sonra isə 9-cu korpuslarının komandiri olub.

Onun adı daim müxtəlif şübhəli məsələlərdə hallanıb.

2010-cu ildə "Hetq" nəşri Baqmanyanın kriminal aləmin tanınan simalarından sayılan Armen Kanevskinin dəfnində iştirak etdiyini yazmışdı.

2014-cü ildə Ermənistan mediası Baqmanyanın 150 min dollarlıq "Porsche Panamera" markalı maşının sükanı arxasında şəklini dərc etmişdi.

Media sual edirdi ki, ordu zabiti öz maaşıyla belə bahalı maşını necə ala bilər. Korrupsiya şübhələrinə Müdafiə Nazirliyi reaksiya verməmişdi.

Ötən ilin sentyabrında isə Azadlıq Radiosunun Ermənistan xidmətinə müsahibə verən pendir zovadonun direktoru Tatul Baqdasaryan bəyan etmişdi ki, general Baqmanyan onun biznesini əlindən alıb.

XS
SM
MD
LG