Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 02:17

Azərbaycan banklarının verdiyi toplam kredit məbləği azala-azala gedir. Zərərli meyl - kreditlərin bank aktivlərinin 50 faizinə düşməsi ekspertlərin diqqətini çəkir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının ötən ilin bank sektoruna dair yekun göstəricilərinə görə, bu ilin əvvəlinə bankların müştərilərə verdiyi kreditlərin ümumi məbləği 16 milyard manata yaxındır. Kreditlərin aktivlərdəki xüsusi çəkisi son 5 ildə ən aşağı səviyyəyə - 50 faizə enib. Banklar vəsaitlərinin əhəmiyyətli bir hissəsini – 7.6 milyard manatını digər banklarda depozit kimi saxlayır, iqtisadiyyata yatırmırlar. Bank sektorunda yaşanan bu durumla bağlı AzadlıqRadiosunun suallarını «İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi sədrinin müavini, iqtisadçı ekspert Rövşən Ağayev cavablandırır.

- Rövşən bəy, sizcə, banklar əllərindəki vəsaiti niyə iqtisadiyyata yönəltmir?

- Manat dəyərsizləşəndən sonrakı mərhələdə bankların müştərilərə verdiyi kreditlərin ümumi həcmi 25 faizədək azalıb. Devalvasiyadan öncəki dövrlə müqayisədə kreditlərin bank aktivlərindəki payının da azalma meylinin gücləndiyini görürük. Əvvəlki illərdə (2013-cü ildə) bu göstərici, beynəlxalq təcrübədə olduğu kimi, yüksək idi və 73.5 faizə çatırdı. Təkcə son bir ildə bu nisbət 60-dan 50 faizə enib. Bu, son 5 ilin ən aşağı göstəricisidir. Önəmli siqnal odur ki, aktivlərdə kreditləşmə payının itirilməsi bank sektorunun iqtisadiyyatın inkişafına maliyyə dəstəyi vermək missiyasını zədələyib.

- Bankların kreditləşmədənkənar saxladığı vəsaitin önəmli hissəsi (təxminən 5 milyard manat) bir bankın - Azərbaycan Beynəlxalq Bankının payına düşür...

- Səbəbləri kənara qoyub, nəticəyə baxaq: kreditlərin aktivlərdə payının kəskin aşağı düşməsi o deməkdir ki, iqtisadi inkişafda, real sektorun dəstəklənməsində bankların potensialı əhəmiyyətli dərəcədə məhdudlaşıb. Bank sektorunda ümumi göstəricilərin, yəni həm aktivlərin, həm də kreditlərin azalmasında ABB-nin rolu şəksizdir. Beynəlxalq Bankın «toksik» aktivləri kənarlaşdırıldıqca (bu vəsaitlər «Aqrarkredit» QSC Bank olmayan kredit təşkilatına ötürülür), onun aktivləri (12.2 milyard manat) ciddi şəkildə (1 milyard manat) azalıb.

Manat
Manat

- Bankları kredit verməkdən çəkindirən nədir? Əllərində olanımı qoruyurlar?

- Bank sektoru iqtisadiyyatdan ayrıca, əlahiddə fəaliyyət göstərmir, birbaşa və qarşılıqlı şəkildə real sektordan asılıdır. Bank sektorunun fəaliyyəti, onun effektiv işləməsi, vəsaitlərini dəyər gətirən resursa çevirə bilməsi real sektorun durumundan asılıdır. Real sektor nə qədər aktiv olursa, onun əlavə dəyər yaratmaq potensialı nə dərəcədə yüksəlirsə, bank sektorundan vəsait cəlb etmək səviyyəsi də yüksək olur. Azərbaycanda ciddi problemlərlə üzləşən real sektor ixrac yönümlü məhsul və yüksək əlavə dəyər yaratmaq potensialına malik olmadığından, özəlliklə son iki ildə böhran dərinləşdiyindən bank sektorundan «ayrı düşüb». İkincisi, bank sektorunun özü böhran yaşadığı üçün real sektora ucuz resurslar təklif edə bilmir. Bankların iqtisadiyyata təklif etdiyi kreditlərin «qiyməti» real sektorun potensial mənfəətliliyi ilə müqayisədə yetərincə bahadır. Bu ziddiyyət bank sektorunun sərbəst resurslarının investisiya qabiliyyətini və real sektor üçün cəlbediciliyini azaldır. Bu səbəbdən resursların kreditə çevrilmə imkanları tükənir. Nəticə göz qabağındadır: Bir ildə bank sektorunun aktivləri 34.9 milyard manatdan 31.4 milyard manata düşüb və digər mənfi meyllər güclənib.

- Bəs bu böhran nöqtəsindən tərpənmək üçün hansı addım tələb olunur?

- Problemi bank sektoru yaratmayıb ki, çıxış yolu da ondan asılı olsun. Bu, hökumətin müdaxilə etməli olduğu, dövlətin tənzimləyəcəyi məsələyə çevrilib. Bankların funksiyası pulu qəbul edib ötürməkdir. Bankların ucuz kredit resurslarına ehtiyacı var. Hazırda bankların sərəncamındakı resursların böyük hissəsi əhalidən əmanət şəklində qəbul olunub. Əmanəti, özəlliklə manatla ifadə olunan pulları ucuz cəlb etmək iki səbəbdən mümkün deyil: Birincisi, milli valyutanın daim dəyərsizləşmə təhlükəsi var və insanlar manatda olan pulunu aşağı faizlə yerləşdirməyə maraq göstərmirlər. Bu səbəbdən manat əmanətlərinin faiz dərəcəsi yüksəkdir. İqtisadiyyat artan inflyasiya potensialını da özündə daşıyır. İkirəqəmli inflyasiya müşahidə olunan ölkədə depozit cəlbetmə faizinin buna adekvat olması qaçılmazdır. İkinci səbəb - bankların kənardan resurs cəlb edə bilməməsidir. Halbuki əvvəllər elə il olub ki, onlar xarici maliyyə bazarlarından ölkəyə 1.5-2.5 milyard dollar resurs çəkib gətiriblər. Həm bir ölkə kimi Azərbaycanın, həm də bankların investisiya reytinqinin aşağı düşməsi kənardan kredit resursu cəlb etməyi problemə çevirib. Odur ki, banklar onlara baha oturan resursları bundan da baha iqtisadiyyata təklif etməyə məhkum olunublar.

- Elə Mərkəzi Bank da onlara 15 faizdən aşağı kredit vermir...

- Bəli, bir tərəfdən də inflyasiya təhlükəsi riski qarşısında AMB sərt pul-kredit siyasəti yürüdür və ötən ilin sonunda manatın pul bazası 10 faiz azalıb. Faktik olaraq, Azərbaycanda monetarizasiya səviyyəsi (16-17 faiz) üçüncü dünya ölkələrinə uyğundur. İnkişaf etmiş ölkələrdə bu göstərici 80 faizi keçir, Azərbaycanla qonşu olan ölkələrdə isə 40 faizdən aşağı deyil. Belə bir şəraitdə ucuz resurs tapmaq mümkün deyil. Burada artıq müdaxiləyə ehtiyac var. Bunu hökumət təmin etməlidir. Amma ucuz resursların olması da şərt deyil. Gərək hökumət özəl sektorda da azad sahibkarlıq mühiti yaratsın ki maliyyə resursu real sektorda əlavə dəyərə çevrilə bilsin. Bu halda hökumətin resurs yaratmaq imkanı və onu tənzimləmək qabiliyyəti lazımi effekti verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG