Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:31

Gəncə olayları ilə bağlı 14 nəfərə hökm oxunub


Bakı,Agır cinayətlər məhkəməsi.

Martın 1-də Sabunçu Rayon Məhkəməsində Gəncə olayları ilə bağlı həbs edilən iki qrupa hökm oxunub.

Bu barədə Azadlıq Radiosuna məhkəmə iştirakçıları məlumat verib. Onların deməsinə görə, bir qrupla bağlı keçirilən prosesdə 6 müttəhimə hökm oxunub.

İşə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun baxdığı bildirilir.

Proses iştirakçılarının bildirməsinə görə, təqsirləndirilənlərdən Elman Rüstəmovla, Nemət Heydərli 8, Elvin Allahverdiyev, Elvin Nəzərov və Vüqar Xudiyev 7, Renat Məmmdov isə 6 il azadlıqdan məhrum olunublar.

Verilən məlumata görə, bu şəxslər Cinayət Məcəlləsinin (CM) 220.1-ci ( zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsilə ittiham ediliblər.

Elman Rüstəmov və Nemət Heydərlinin isə əlavə olaraq CM-nin 315.2-ci ( hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə də təqsirli bilindiyi qeyd olunur.

Gəncə olayları ilə bağlı həbs edilənlərdən ikinci qrupun işində isə 8 nəfərə hökm oxunduğu deyilir. Bu qrupda isə C. Əzizovin 5, G. Nurzadənin 6, R. Nurzadənin 5, F. Mirzəliyevin 6 , E. Hacıyevin 7, S. Rəcəbovun 6, E. Quliyevin 8, S. Əzizovun isə 6 il azadlıqdan məhrum edildikləri vurğulanıb.

Verilən məlumata görə, amma onların əksəriyyəti özlərini ittiham üzrə günahkar saymayıblar.

Baş Prokurorluq Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun işinin məhkəməyə getdiyini açıqlamışdı.

Baş Prokurorluqda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilirdi ki, Gəncədə iyulun 3-də icra başçısına sui-qəsdlə bağlı 29 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunub.

Verilən məlumata görə, Gəncədə həmin ay sonrakı hadisələr və iki polisin qətli ilə bağlı isə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib. 1 nəfər barəsində də həbsli axtarış elan olunub. “Həmin cinayət işinin materiallarından 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılmaları üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib”, kollegiyada qeyd edilib.

Amma, bundan əvvəl Gəncə olaylarına görə məhkəmə qərarı ilə cəzalandırılan da olub. Söhbət Gəncə olaylarından sonra həbs edilən Rza Səfərsoydan gedir. O, Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. 2-ci qrup əlil, Qarabağ müharibəsi iştirakçısı olan Səfərsoy Facebook-dakı statuslarına görə məhkum edilib.

Ona qarşı CM-in 214.2-ci (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham irəli sürülüb.Sonradan məhkəmə qərarı ilə vaxtından əvəl azadlığa buraxılan R. Səfərsoy hazırda azadlıqdadır.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Yünis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Yunis Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisələrlə bağlı hüquq mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməlyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Multimedia

XS
SM
MD
LG