“Bu adamlar pis-yaxşı bir şərait qurub, illərdir yaşayır. Minlərlə evi uçurub, adamları çölə tökmək bilirsiniz nə deməkdir?”. Bunu AzadlıqRadiosuna Rəşad Həsənov deyir. Məhkəmə onun evinin qanunsuz tikildiyini əsas gətirərək sökülməsinə qərar verib.
Son illərdə məhkəmələr Sulutəpə, Biləcəri, Binəqədi, Suraxanı və başqa Bakıətrafı qəsəbələrdə yüzlərlə fərdi yaşayış evinin sökülməsi barədə qərar çıxarır. Az qala, hər həftə çıxarılan bu qərarlar neft şirkətlərinin məhkəmələrə şikayətləri əsasında verilir.
İddia olunur ki, evlər neft şirkətlərinə məxsus torpaq sahələrində özbaşına inşa edilib. Həmin tikililər isə ərazidə neft-qaz əməliyyatlarının aparılmasına maneə yaradır. Bu üzdən hər bir evlə bağlı iddia ərizəsində onun sökülməsi, torpaq sahəsinin neft şirkətinin istifadəsinə qaytarılması tələb olunur.
“İllərdir qaz, su, işıq pulunu ödəyirik”
Ev sahibləri isə iddianı qəbul etmir. Deyirlər ki, 20-25 ilə yaxındır bu evlərdə yaşayırlar. Vaxtilə həmin torpaq sahələrini yerli bələdiyyələrdən alıblar, əllərində bunu təsdiqləyən sənədlər var. Ərazilərin hansısa neft şirkətlərinin istifadəsinə verilməsi barədə sazişlər olmasından xəbərləri olmayıb.
“Biz hardan biləydik ki, belə bir saziş var? İndi çıxır ortaya ki, bu torpaq filan neft şirkətinin istifadəsinə verilibmiş. Şəxsən biz 20 il əvvəl torpaq alıb, zülmlə ev tikmişik. İllərdir qaz, su, işıq pulunu ödəyirik. Göz gördükcə uzanır, bu qədər qanunsuz ev olar? Bu, insanlara nağıl danışmaqdır”, - Binəqədi sakini Sevinc Məmmədova belə deyir.
Rəşad Həsənov bildirib ki, məhkəmə qərarları çıxarılsa da, hələ ki, kimsənin evini sökməyiblər. Onun sözlərinə görə, belə ərazilərdə ev tikənlərin əksəriyyəti Bakıda binalarda ev almağa maddi imkanı çatmayan şəxslər olub:
“Düzdür, bir neçə mərtəbəli tikililər də var, əksəriyyəti isə iş üçün rayondan gəlib, sonra 1-2 sot torpaq alıb, içində kiçik ev tikənlərdir. Bir otağında yaşaya-yaşaya təmir edib. Bu adamlar pis-yaxşı bir şərait qurub, illərdir yaşayır. Onsuz da vəziyyət ağırdır. Minlərlə evi uçurub, adamları çölə tökmək bilirsiniz nə deməkdir?”
Məhkəmələr sağlamlıq hüququnu əsas gətirir
Bu qəbildən olan məhkəmə qərarlarının bir qismi ümumiyyətlə qiyabi – tərəflərin iştirakı olmadan çıxarılır. Ev sahibi bir də onda xəbər tutur ki, evinə məktub gəlir.
Evlərin sökülməsinə qərar verən hakimlər bunu həmin vətəndaşların təhlükəli ərazilərdə yaşaması ilə əlaqələndiriblər. Qərarda yazıblar ki, düzdür, insanların əksəriyyəti ömür boyu işləyib çalışmaqla yalnız bir evə sahib ola bilir. Amma yaşamaq, sağlamlıq hüququ daha önəmlidir. Nazirlər Kabinetinin qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilib:
“Potensial təhlükəli ərazidə yaşayış evinin mövcudluğu, həmin evdə yaşayanlar üçün daim yaşamaq hüququnun pozulması ilə bağlı riski şərtləndirir. Dövlət vətəndaşların həyat və sağlamlıq hüququnun mühafizəsinə görə məsuliyyət daşıyır. Ona görə də vətəndaşların həyat üçün təhlükəli ərazidə yaşamasının qarşısını almalıdır”.
“O adamları küçəyə atmaq mümkün deyil”
Vəkil Nemət Kərimli deyir ki, onillərlə insanların bu evlərdə yaşamasına imkan yaratmaqla, onları kommunal xidmətlərlə təmin etməklə dövlət faktiki vətəndaşların həmin əmlaklardan istifadəçi hüququnu tanıyıb. Belə olan halda, insanların istifadəçisi olduğu əmlakı onlara heç bir kompensasiya ödəmədən sökmək yolverilməzdir:
“Bu insanlar həmin əmlakların mülkiyyətçisi deyil, amma istifadəçisidir. Onların əllərində mülkiyyət hüquqlarını təsdiqləyən çıxarışları yoxdur. Lakin 20-25 ildir ki, o evlərdə təbii qazdan, elektrik enerjisindən və s. istifadəyə dair ödənişləri öz adlarına həyata keçirdiklərini təsdiqləyən sənədlər var. Belə olan halda, o adamların əmlakını qanunsuz elan edib, heç nə olmamış kimi sökmək, özünü də küçəyə atmaq mümkün deyil”.
Vəkil hesab edir ki, söküntü baş verərsə, mütləq həmin insanlara kompensasiya ödənilməlidir. N.Kərimli əlavə edib ki, məhkəmə qərarlarında həm də dövlət mülkiyyəti ilə bağlı sərəncam vermiş şəxslərin məsuliyyəti məsələsi əksini tapmalı, bu istiqamətdə araşdırma aparılmalıdır.
Qeyri-rəsmi hesablamalara görə, Bakıda və Abşeron yarımadasında 500 min civarında sənədsiz ev və qeyri-qanuni tikili var, burada yaşayan insanların sayı isə 2 milyona yaxındır. Hələ illər öncə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Prezident İlham Əliyev özbaşına tikililərlə bağlı problemə toxunmuş, bu məsələnin ciddi hal aldığını demişdi.