Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:36

Milli Şuranin mitinq istəyinə şəhər rəhbərliyindən müsbət cavab


Milli Şuranın mitinqi Bakı, 8 aprel 2017
Milli Şuranın mitinqi Bakı, 8 aprel 2017

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının mitinqlə bağlı müraciətinə cavab verib.

Milli Şuranın məlumatına görə, BŞİH onların sentyabrın 23-nə planlaşdırdıqları mitinqin keçirilməsinə razılıq verib.

Milli Şura mitinq qərarını ötən həftə verib.

Elə ötən həftə aksiyanın keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdi.

Aksiyanın məqsədini Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli açıqlamışdı. O, dünyanın müxtəlif mətbu orqanlarında Azərbaycanla bağlı dərc olunmuş araşdırmalara istinad edərək demişdi:

“Milli Şura Baş Prokurorluqdan korrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını istəyib. Lakin indiyədək nə prokurorluq cinayət işi başlayıb, nə də dövlət başçısı İlham Əliyev bununla bağlı izahat verib”, - o qeyd edib.

Kərimli bildirib ki, Milli Şura xalqın pullarının geri qaytarılmasını, günahkarların cəzalandırılmasını tələb edir.

Xatırlatma

“The Guardian” qəzetində dərc olunmuş araşdırmaya görə, 2012-2014-cü illərdə ölkədən 2,9 milyard dollar çıxarılaraq Böyük Britaniyada qeydiyyatdan keçən 4 ofşor şirkətə ötürülüb.Həmin pulların “yuyularaq” mənimsənildiyi və rüşvət verildiyi iddia edilir.

Öz növbəsində rəsmi Bakı araşdırma yazısında qeyd edilənləri təkzib edir.

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov bildirib ki, məqalədəki “məlumatlar” absurd xarakter daşıyır.

“Dünyada müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisinin maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycana qarşı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Özü də bu cür yazılar elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır”, – o qeyd edib.

Rəsmilər bəyan ediblər ki, həmin məsələlərin nə Azərbaycan dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyatı var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG