Cənubi Qafqazda Bakı yeganə paytaxt şəhəridir ki, meri xalq seçmir, prezident təyin edir.
Gürcüstanın paytaxtı Tbilisidə şəhərin rəhbərini 12 ildir, Ermənistanın paytaxtı Yerevanda isə 9 ildir ki, sakinlər seçirlər. Sentyabrın 24-də Yerevanda növbəti seçki baş tutdu.
Bəs Bakının da rəhbərini xalq seçsəydi, paytaxtın həyatında nə dəyişərdi? Qaradağ rayon icra hakimiyyətinin keçmiş başçısı Bəybala Əbil deyir ki, fərq fundamental olardı:
“İdarəetmədə bir hakimiyyətsizlik var. O mənada hakimiyyətsizlik var ki, eyni işlərlə müxtəlif idarələr məşğul olur, ortada isə heç bir iş görülmür. Bu da idarəetmədə bir anarxiya əmələ gətirir. Bakıda böyük hadisələr ola bilər- məsələn, zəlzələ. Adicə 15 dəqiqəlik yağışdan Bakı nə günə düşdü?! Belə fəlakətlər olarsa, Bakıda durumun necə olacağını Allah bilir, buna heç kim cavab verməyəcək”.
Bakıda, sentyabrın 23-də, yağışdan sonra küçələri bu basandan sonra Bakı şəhər icra hakimiyyəti, Azərsunu pis işləməkdə ittiham etmişdi, Azərsu isə demişdi ki, qurum öz işinin öhdəsindən tam gəlib.
Bəybala Əbil deyir ki, şəhərlə bağlı qərarları bir qurum verməli, problemlərə məsuliyyət daşımalı, vətəndaşlar da suallarını bu qurumdan soruşmalıdır.
Tbilisidə 2006-cı ildən bəri şəhərin rəhbərini - meri sakinlər seçirlər. İndiyə qədər şəhərin dörd seçilmiş meri olub. İndiki mer Kaxa Kaladze hakim partiyanın üzvüdür.
Gürcüstanda, Avropa Şurasının eksperti, David Losaberidze deyir ki, seçkili şəhər rəhbərliyi Tbilisidən kənarda daha effektiv işləyir, bələdiyyə sədrləri hətta seçicilərin xeyrinə mərkəzi hakimiyyətin qərarlarına da qarşı çıxa bilirlər. Tbilisinin meri isə əsasən hakim partiyadan olduğu üçün mərkəzi hakimiyyətin bir pilləsi kimi qavranır. Bununla belə, onun sözlərinə görə, Tbilisi sakinlərini şəhər rəhbərini özü seçməsi irəli doğru addımdır:
“Bələdiyyə maraqlarını müdafiə etmək üçün şəhər rəhbərlərinə hüquqi əsas yaranıb. İndi şəhər rəhbərlərinin imkanları artıb. Merlər indi daha çox tanınırlar. Vaxt var idi, regionlarda əhali meri tanımırdı. Əvvəllər hər kəs barmağını prezidentə tuşlayırdı, indi isə merin yaxşı və pis addımları müzakirə olunur”.
Gürcüstan və Ermənistan kimi Azərbaycan da Avropa Özünüidarəetmə Xartiyasına qoşulub və bu sənəd bütün qurumların özünüidarəetməsini nəzərdə tutur. Bəs, Bakıda niyə şəhərin rəhbərini seçmirlər?
Bəs görəsən bakılılar öz şəhərlərinin merini seçmək istəməzdilərmi? AzadlıqRadiosu şəhər sakinləri arasında sorğu aparıb:
Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, Avropa Şurasının Regional Özünüidarəetmə Konqresindəki görüşlərdə vaxtaşırı Azərbaycan hakimiyyətinə xatırladılır ki, yerli özünüidarəetməni gücləndirməyə ehtiyac var:
“Burada məsuliyyət Azərbaycan hakimiyyətinin üzərinə düşür ki, dünyanın sivil ölkələrində, 21-ci əsrdə insanlar öz idarəedicilərini seçirlər”.
Azərbaycan hakimiyyət rəsmiləri gün ərzində telefon zənglərimizə cavab vermədiyinə görə, mer seçkiləri ilə bağlı planları öyrənə bilmədik.
Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın fikrincə, belə görünür ki, Bakı rəhbərliyinin seçilməsi, hakimiyyətin gündəmində deyil:
"Seçkinin keçirilməsi ilə bağlı qanunda da dəyişiklik yoxdur. Belə görünür, hakimiyyət inanmır ki, Bakı kimi şəhəri seçki yolu ilə idarə etmək olar. Amma baş verənlər göstərir ki, burda mütləq bir məşvərətçi orqan, müəyyən məsələləri həll edən, Bakının özü ilə bağlı qanunvericilik mexanizmi hazırlaya bilən quruma ehtiyac var”.
Bu ilin aprelində, növbədənkənar prezident seçkisindən sonra yeni hökumət formalaşanda, Bakının keçmiş icra başçısı Hacıbala Abutalubov, baş nazirin müavini təyin olunub, paytaxtın icra başçısı postu boş qalıb. Hacıbala Abutalıbov 17 il Bakıya rəhbərlik edib.