BP Azerbaijan şirkəti Türkiyədə fevralın 6-da baş vermiş silsilə zəlzələlərin ardınca Azeri markalı xam neftin Ceyhan dəniz limanından daşınmasında fors-major elan edib.
Reuters agentliyi yazır ki, Ceyhan Dəniz Terminalından (CMT) daşıma əməliyyatlarının müvəqqəti dayandırılmasına dair bildiriş fevralın 8-də verilib.
BP Azerbaijan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan və Gürcüstan sektorlarının əməliyyatçısıdır.
Reuters bildirir ki, BP (BP.L) onun bu hadisə barədə sorğusuna hələ ki cavab verməyib.
Terminala zədə dəyib
Azərbaycan Türkiyənin Ceyhan portundan özünün əsas ixrac qovşağı kimi istifadə edir.
Bu da xəbər verilir ki, BTC terminalında işin fevralın 8-də və ya 9-da bərpa olunacağı gözlənilirdi.
Daşıma və ticarət mənbələri bu həftənin əvvəllərində Reuters agentliyinə hazırda terminala dəyən zədənin qiymətləndirildiyini bildirmişdilər.
Daşıma agentlərindən biri terminalın nəzarət mərkəzinin zədələndiyini bildirib.
İraq neftinin Ceyhan ixrac qoşvağına axını fevralın 9-da bərpa olunub.
Neftin nəqli dayanmayıb
Azəbaycan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli hazırda davam edir.
Bu kəmərlə günə 650 min barrel neft nəql olunur.
Reuters fevralın 9-da yazır ki, BP Azerbaijan şirkəti neftin nəqlinin anbarlar dolanadək hələ neçə müddətdə davam edəcəyini bildirməyib.
Bundan əvvəl mənbələr agentliyə bildirmişdilər ki, Ceyhandakı anbarlar dolandan sonra Azərbaycandakı Səngəçal terminalında 4 günlük nəql üçün yer qalacaq.