Yanvarın 24-ü və 25-də Aşqabadda Azərbaycanla Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov rəhbərlik edib.
Türkmənistan nümayəndə heyətininin rəhbəri isə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov olub:
“Birgə işçi qrupunun iclası zamanı Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş layihəsinin müddəalarının müzakirəsi davam edib”.
Müzakirənin detalları açıqlanmır.
Bir daha Xəzərin statusu barədə
Xəzərin hüquqi statusu Sovet dönəmində 1921 və 1940-cı il SSRİ-İran razılaşmalarına əsaslanıb.
Keçmiş hüquqi rejimdə perspektivli neft-qaz strukturlarının bölünməsi mexanizminin olmaması beş ölkə arasında (Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxstan, İran) konsensus əsasında Xəzərin yeni statusunun müəyyən olunması vacibliyinə gətirib çıxartdı.
Uzun müzakirələrdən sonra 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində ölkə başçılarının növbəti zirvə görüşündə Xəzərin hüquqi statusuilə bağlı konvensiya imzalandı.
Bununla belə Xəzərin səthindən fərqli olaraq dibinin bölüşdürülməsi ilə bağlı müzakirələr hələ də davam edir.
Azərbaycanla Türkmənistan arasında “Kəpəz” (“Sərdar”) və başqa bir sıra yataqlar ilə bağlı mübahisələr olub.
Lakin 2021-ci ildə iki ölkə arasında “Kəpəz”in ( artıq “ dostluq adlandırılır) birgə istismarı ilə bağlı memorandum imzalanıb.