Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:42

Bakıdakı obyektlər yenidən sürətlə boşalır- [Fotolar]


►Gözləməkdən bir şey çıxmadığını görənlər əlacı bağlanmaqda görür

Bakının mərkəzində, Üzeyir Hacıbəyov küçəsində boşalmış iri mağazaların birində iki nəfər əşyaları qablaşdırır.

Karton yeşiklərin ağzını bağlayıb üst-üstə yığırlar.

Deyirlər, fəhlədirlər, neçə gündür mağazanın köçürülməsi ilə məşğuldurlar. Mağaza isə bir aya yaxındır işləmir:

“İşimiz buraları təmizləməkdir. Sahibi müflis olub, deyir, bundan sonra mağaza işləməyəcək”.

İndi bu mənzərə ilə Üzeyir Hacıbəyov, 28 May, Rəşid Behbudov küçələrində, metronun İçərişəhər, Sahil, Nizami stansiyalarının yaxınlığında çox qarşılaşmaq olur.

Ötən ilki 21 fevral devalvasiyadan sonra başlanan proses bir ara dayanmışdı, yenidən sürətlənib. Üstünə “bağlanıb”, “icarəyə verilir” yazılmış obyektlərin sayı artmağa başlayıb. Bəzən 15 dəqiqə piyada getdiyin yolda 10-dan çox bağlanmış obyekt görürsən.

“Proses təkcə mərkəzdə getmir”

İqtisadçı Natiq Cəfərli deyir ki, bir müddət əvvəl iş adamları vəziyyətin düzələcəyinə ümid edirlərmiş. Onların da əksəriyyəti icarə müqavilələri ilə işləyirmiş. Ancaq bir müddət gözləmə mövqeyində dayananlar iqtisadi aktivliyin getdikcə zəiflədiyini, qazancın düşdüyünü görəndə obyektləri bağlamağa məcbur olublar. Hazırda bu proses sürətlənib:

“Artıq şəhərin mərkəzində iri dükanların, obyektlərin kütləvi bağlanmasını müşahidə edirik. Çünki mərkəzdə icarə haqları həddindən artıq yüksəkdir. Ona görə mərkəzdə bunu daha aydın görmək olur. Amma bu proses təkcə mərkəzdə deyil, mərkəzə yaxın hissələrdə də davamlı şəkildə gedir. Metro stansiyalarının ətrafı və alış-verişə uyğun yerlərdə belə ticarət obyektləri bağlanır”.

“İndi heç ev sata bilmirik, o ki ola obyekt”

İcarəyə verilən mağazalardan bir neçəsi ilə əlaqə saxladıq. Çoxu hələ müştəri gözlədiklərini, qiymətlərin isə 15-20 faiz ucuzlaşdığını bildirdilər.

Namiq Allahverdiyev deyir ki, metronun Xətai stansiyasının yaxınlığındakı 40 kvadratmetrlik obyekti 2 min manata icarəyə verir:

“Devalvasiyadan əvvəl isə 2 min 500-3 min manata verirdim. Heç vaxt da boş qalmırdı. Ancaq indi ucuzlaşsa da, 6 aydan çoxdur ki, müştəri tapa bilmirəm”.

Ev, əmlak alqı –satqısı, kirayəsi ilə məşğul olanlar mağaza, obyekt bir yana, indi heç ev sata bilmədiklərini deyirlər. Ev dəllalı Fərman Mənsimli təzə il girəndən cəmi bir mənzil satdığını, iki mənzili isə kirayə verdiyini söyləyir:

“Özü də indi qiymətlərdə 25-30 faiz ucuzlaşma var. Heç kim almır, hamı gözləyir. Elə bir vəziyyətdir ki, alıcı da gözləyir, satıcı da. İndi 50, 60 kvadratmetrlik ev satanda papağımızı göyə atırıq. Nə obyekt satmaq? Obyektlər hamısı bağlanır”.

Obyektlərin 25 faizi boşalıb

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, son iki ildə şəhərdəki qeyri-yaşayış obyektlərinin 25 faizi boşalıb:

Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

“Paytaxtda, xüsusilə, orta və bahalı qeyri-yaşayış, kommersiya təyinatlı obyektlərin boşalma prosesi sürətlənir. Ümumilikdə, həmin əmlakların 25 faizi boşalıb. İndi bəzi hallarda icarə haqlarında 40 faizə qədər ucuzlaşma var. Şəhərin mərkəzə yaxın ərazilərində qiyməti 1 milyondan baha əmlaklar vardı ki, aylıq icarə haqları 5 min- 20 min manat arasındaydı. Hətta bəzi ərazilərdə bu qiymət 25-30 minə qədər qalxırdı. İndi həmin obyektlərin icarə qiymətində 35-40 faiz azalmalar var. Əvvəllər belə şey olmasa da, indi icarəyə verənlər 6 ay, hətta 1 il müştəri axtarırlar.”

Ramil Osmanlı deyir ki, ölkədə bu proses hələ bir müddət davam edəcək.

Proses daha da sürətlənəcək

İqtisadçı Natiq Cəfərli, dəqiq statistika aparılmasa da, ikinci devalvasiyadan sonra irili-xırdalı yüzlərlə obyektin bağlandığını vurğulayır. Onun fikrincə, bu proses yaxın həftələrdə daha da sürətlənəcək:

“Çünki ölkədə ciddi manat qıtlığı var. Mərkəzi Bank həddən artıq sərt manat siyasəti yürüdür. Ölkədə manat dövriyyəsi iki dəfədən çox azalıb. Bunu da etməyinin səbəbi o idi ki, manata basqıları azaltsın, məzənnəni sabitləşdirsin. İndi məzənnə 1,50 – 1,55 ətrafında sabitləşib. Amma ticarət dövriyyəsi, iqtisadi aktivlik ölüb. Bu azalma obyekt işlədən adamların xərclərini ödəməkdə çətinliklərlə sonuclanır. Onlar məcbur qalıb icarədən imtina etməli, obyektlərini bağlamalı olurlar”.

Mərkəzi Bankın mətbuat xidmətindən deyilənlərə mövqe bildirmədilər.

Şəhərin mərkəzində alıcı qadın tanınmış brendlərdən birinin mağazasını axtara-axtara qalmışdı. Uzun axtarışdan sonra qonşu mağazanın satıcıları dedilər ki, həmin dükan 20 gün olar bağlanıb.

Buna da bax: Bakıda bağlanan dükanlar, restoranlar, maşın salonları

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun Radio proqramında

Lavrov yenə Qarabağa görə gəlir, bu dəfə nə gətirir?
Azərbaycan nə istehsal etməlidir ki, iqtisadiyyat dirçəlsin?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

Əliyevlər "Panama Papers"də.... (DETALLAR, VİDEO)
XS
SM
MD
LG