31 Mayda heyvansevərlər Kamran Məmmədli və Əli Məlikov Prezident Adminstrasiyası önündə “İlham Əliyev cavab ver” şüarı ilə aksiya keçirib.
Etirazçılar "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin və İcra Hakimiyyətlərinin itləri öldürdüyünü iddia ediblər.
Aksiyaçı Kamran Məmmədli deyib ki, məqsədi “Toplan”ın qanunsuz fəaliyyətləri ilə bağlı dövlət başçısından cavab tələb etməkdir.
Heyvansevərlər bundan əvvəl də “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə aksiyalar ediblər. Hər dəfəsində polis aksiyaya müdaxilə edib və aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.
Bugünki aksiyada da Polis Kamran Məmmədli və Əli Məlikovu ərazidən uzaqlaşdırıb, daha sonra sərbəst buraxıb.
"Toplan" barədə
“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində yaradılıb.
Bakının Balaxanı qəsəbəsində yerləşən mərkəz 2019-cu ilin fevralın 15-də istifadəyə verilib. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
2021-ci ilin avqustun 19-u "Toplan" Mərkəzinin əməkdaşları iddiaları təkzib edir və heyvansevər fəallar - Elxan Mirzəyev, Nicat İsmayılov, Aynur Babazadə və İlhamə Nəsirovaya cinayət işi açılması üçün məhkəməyə müraciət edib.
İşçilər fəalların keçirdikləri aksiyalar zamanı onlara qarşı təhqir və böhtanlar ünvanladıqlarını iddia edirlər.
Qurumun əməkdaşları dörd fəalın birlikdə 100.000 min manat təzminat ödəmələrini və ya həbs edilmələrini tələb edir. Hazırda məhkəmə prosesi davam edir.
İş vaxtı olmadığından "Toplan" Mərkəzindən və adıçəkilən icra hakimiyyətindən münasibət almaq mümkün olmayıb.