Keçid linkləri

2026, 08 Aprel, çərşənbə, Bakı vaxtı 16:29

FHN: Sabunçuda ev çöküb, bir nəfər xəsarət alıb [Video]

Bibiheybət yolunda sürüşmə təhlükəsi yaranıb, hərəkət məhdudlaşdırılıb (Arxiv. 2019)
Bibiheybət yolunda sürüşmə təhlükəsi yaranıb, hərəkət məhdudlaşdırılıb (Arxiv. 2019)

Fövqəladə Hallar Nazirliyi (FHN) bildirir ki, Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evi çöküb.

"Torpaq uçqunu səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi nəticəsində 1996-cı il təvəllüdlü Günel Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib", - açıqlamada bildirilir.

"Xilasedicilər xüsusi vasitələrin köməyi ilə dağıntı altında qalan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər”, məlumatda əlavə edilir.

Hadisə ilə əlaqədar aidiyyəti qurumların araşdırma apardığı bildirilir.

Məsələyə zərərçəkən tərəfdən və Sabunçu rayonun aidiyyəti qurumlarından münasibət almaq mümkün olmayıb.

Bibiheybət yolunda sürüşmə təhlükəsi yaranıb, hərəkət məhdudlaşdırılıb

Aramsız yağışlar nəticəsində Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb, hərəkət qismən məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), Fövqəladə Hallar Nazirliyi ( FHN) və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında bildirilir.

"Sürücülərdən alternativ olaraq "20-ci sahə" adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şosesindən istifadə etmələri xahiş olunur", - məlumatda əlavə edilir.

Yaponiyadan mütəxəssis çağırılmışdı

Son illər Bakının Səbail rayonunda bir çox ərazilərdə sürüşmələr baş verib. 2018-ci ildə rayonda bəzi yerlərdə istinad divarları uçmuşdu. Hətta həmin ərazilərdə sürüşmədən bir sıra evlər dağıntıya, köçürülməyə belə məruz qalmışdı.

Mütəxəssislər bu sürüşmələrə səbəb kimi mövsümi yağışları, ev tikintisi ilə bağlı ərazinin yuxarı hissəsinin həddən artıq yüklənməsini və kanalizasiya sisteminin olmamasını göstərirdilər.

Daha sonra məsələni araşdırmaq və çıxış yollarını göstərmək üçün Yaponiyadan mütəxəssis dəvət olunduğu açıqlanmışdı. Həmin mütəxəssisin ərazidə baxış keçirdiyi də deyildi. O vaxt rəsmilər həmin mütəxəssisə istinadla bildirdilər ki, sürüşmə zonalarında olan bəzi evlər sökülməlidir. Amma sonradan yaponiyalı mütəxəssisin gəldiyi yekun rəy barədə hər hansı rəsmi açıqlama verilmədi.

Bakıda subasma
Bakıda subasma

Yağışdan sonra yenə Bakıda, Abşeronda küçələri, evləri su basdı...

Son günlər fasilələrlə davam edən yağışlar yenə paytaxt Bakıda və ətraf yaşayış məntəqələrində fəsadlar yaradıb.

Bir çox ərazilərdə küçələri, həyətləri və hətta evləri su basıb.

Fövqəladə Hallar Nazirliyi( FHN) aprelin 6-da bildirib ki, Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirləri görülür, o cümlədən suçəkmə və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi həyata keçirilir.

Ancaq ayrı-ayrı vətəndaşlar da şikayətlənirlər ki, çağırışlarına heç də vaxtında və adekvat münasibət bildirilmir. Bakı və Masazır kəndinin adlarının çəkilməsini istəməyən bəzi sakinləri yağış suları ilə köməksiz vəziyyətdə başlı-başına buraxıldıqlarını iddia edirlər. Belə şikayətlər xüsusilə Masazırdan çox eşidilir. Aprelin 6-da kəndin ayrı-ayrı sakinləri küçələrini və evlərini su basdığından işə gedə bilmədiklərini söyləyiblər. Vətəndaşlardan əmlaklarına da ciddi ziyan dəyməsi ilə bağlı şikayətlər eşidilir.

Hərçənd, hələ aprelin 4-də baş nazir Əli Əsədovun sədrliyi ilə bir sıra mərkəzi, şəhər və rayon hakimiyyət orqanlarının rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirilmişdi.

Nazirlər Kabinetinin açıqlamasına görə, müşavirədə martın 26-28-də leysan yağışları, habelə sel sularının ən kəskin ziyan vurduğu bir sıra şəhər və rayonlarda nəticələrin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunub. "Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib", - Nazirlər Kabinetinin məlumatında vurğulanır.

Təqribən 10 gün əvvəl, martın 26-28-də yağan yağışlarda Bakıda və ətraf ərazilərdə oxşar mənzərə yaratmışdı. Hətta ötən il yağıntılı havadan sonra Qaradağ rayonu, Umbakı qəsəbəsi ilə mərkəzi birləşdirən yolun üzərindəki körpü dağılandan sonra çəkilən alternativ yolun da bu yağışlar nəticəsində sıradan çıxdığı açıqlanmışdı.

Rəsmi açıqlamalarda yaranmış vəziyyət, əsasən, yağıntının normadan artıq olması ilə izah edilir. Amma ayrı-ayrı vətəndaşlar sosial şəbəkələrdə qeyd edirlər ki, hökumət strukturlarının illər uzunu "normadan kənar" addımları belə bir vəziyyəti doğurub.

Üstəlik, yağıntılı hava təkcə selbasma kimi fəsadlar törətmir. Bakının, eləcə də Abşeronun bəzi ərazilərində son 10 gündə içməli su verilməsində də ciddi problemlər yaşandığı açıqlanıb.

Bakı - yağışın, yoxsa korrupsiyanın qurbanı?
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Xatırlatma

Son illər Bakı və ətraf ərazilərdə güclü yağış zamanı eyni problemlər yaranır. Hətta 2024-cü ilin oktyabrında sel Sabunçu rayonunda tuneli basarkən iki nəfər həlak olmuşdu.

Ekspertlər problemi, əsasən, son illər paytaxt Bakı və ətraf yaşayış məntəqələrində yeni tikinti işlərinin plansız aparılması ilə izah edirlər. Üstəlik, vurğulayırlar ki, son iki onillikdə paytaxt Bakıda su və kanalizasiya problemlərinin həllinə böyük pullar ayrılıb. Onların fikrincə, əgər həmin vəsaitlərdən səmərəli istifadə edilsəydi, problem bu səviyyəyə çatmazdı.

XS
SM
MD
LG