Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:55

Bakıdakı alman icması: 'İcmanın adını dəyişiblər, bizə xəbər verməyiblər'


Bakıdakı Lüteran kilsəsi hazırda dövlətin balansındadır, Kamera və Orqan Musiqisi Zalı kimi fəaliyyət göstərir
Bakıdakı Lüteran kilsəsi hazırda dövlətin balansındadır, Kamera və Orqan Musiqisi Zalı kimi fəaliyyət göstərir

Bakıda fəaliyyət göstərən Xilaskar Yevangelik-Lüteran Dini İcması iddia edir ki, onların xəbəri olmadan adlarını dəyişiblər. Qurum bu üzdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib.

İcma birinci dəfə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə üz tutsa da, orada dövlət komitəsinə qarşı şikayətə baxmaqdan imtina ediblər. Yuxarı instansiyaya - Bakı Apellyasiya Məhkəməsinə şikayət də nəticə verməyib. Bu məhkəmə də icmanın iddiasına baxılmasını mümkün saymayıb və əsas kimi şikayət verməkdən ötrü qanunda nəzərdə tutulan müddətin ötürüldüyünü göstərib.

Ad 10 il öncə dəyişdirilib

İcmanın adı 10 il öncə - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 14 may 2010-cu il tarixli sərəncamıyla dəyişdirilib. Xilaskar Yevangelik-Lüteran Dini İcması yeni adla - Xilaskar Yevangelik-Lüteranların Bakı Dini İcması kimi dövlət qeydiyyatına alınıb.

İcmanın təmsilçiləri deyirlər ki, bu sərəncam barədə onlara heç bir məlumat verilməyib və dəyişiklikdən uzun müddət sonra media vasitəsilə xəbər tutublar. Ancaq sərəncam indiyədək onlara göndərilməyib.

Ali Məhkəmə: «İddiaçı tərəf etiraf edir ki…»

Bugünlərdə məsələyə Ali Məhkəmədə baxılarkən, icmanın vəkili Qayıb Cənnətov aşağı instansiyaların qərarının əsassız olduğunu söyləyib. Vəkilin fikrincə, iddiaya baxılmalı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sözügedən sərəncamı ləğv edilməlidir: «Sərəncam rəsmən icmaya təqdim edilmədiyinə görə prosessual müddətin ötürülməsi barədə gətirilən arqument əsassızdır».

Komitənin mövqeyini müdafiə edən vəkil Vüqar Əmrahov şikayəti yenə əsassız sayaraq məsələyə baxılmamasını istəyib.

Ali Məhkəmə də belə qərara gəlib ki, icma bu məsələni mübahisələndirmək üçün gecikib: «Mübahisələndirilən sərəncam 2010-cu ilə aiddir. İddiaçı etiraf edir ki, sərəncam haqda KİV-dən xəbər tutub. Lakin cavabdehin həmin sərəncamı rəsmən ona təqdim edilməməsini əsas gətirir. Halbuki, məlumatlı olduğu halda, məhkəməyə müraciət edə bilərdi, lakin etməyib».

Lüteranlar 1870-ci ildən Bakıda təşkilatlanıblar

Cənubi Qafqazda Lüteranlıq XIX əsrin 20-ci illərindən, Azərbaycanda isə Yelenendorf və Annenfeld alman koloniyalarının yaradılmasından sonra yayılmağa başlayıb. Bakıda 1870-ci ildə qurulmuş Yevangelik-Lüteran İcmasının da təşkilatçıları alman lüteranlar olub. 1873-cü ildə Bakıya Robert Nobellə birlikdə lüteran inanclı isveçlilər də köçüblər.

Azərbaycan paytaxtında lüteran dini icması 1994-cü ildə yaradılıb və dövlət qeydiyyatına alınıb.

Bakıdakı Lüteran kilsəsi hazırda dövlətin balansındadır, Kamera və Orqan Musiqisi Zalı kimi fəaliyyət göstərir.

«Vəsait ayrılıb»

Bir müddət öncə Xilaskar Yevangelik-Lüteran Dini İcmasının sədri Vera Viktorovna bildirmişdi ki, kilsədə bazar günü ibadətlərinin keçirilməsi üçün onlardan icarə haqqı tələb olunur. O şikayətlənmişdi ki, həftədə bir dəfə 2-3 saatlıq ibadət üçün davamlı icarə haqqını ödəyə bilmirlər. Bunun ardınca Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəyan etdi ki, bütün dini icmalar kimi, lüteran icmasına da dövlət büdcəsindən vəsait ayrılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG