Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:26

Bakıda polis postlarının sayı artırılıb


Bakıda karantin

Bakıda xüsusi karantin rejimi ilə əlaqədar mobil polis postlarının sayında artım var. İyulun 10-dan paytaxtın əsas küçə və prospektlərində Yol Patrul Xidməti əməkdaşları postlar quraraq yoxlamalar aparır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin küçə və prospektlərinə polis əməkdaşları nəzarət edir. Onun sözlərinə görə, müvəqqəti mobil postların təşkil edilməsi ilə bağlı göstəriş var və sərt karantin rejiminə nəzarəti polis əməkdaşları bir neçə üsulla həyata keçirir: "Mobil postlar yaratmaqla və yaxud reydlər təşkil etməklə hərəkətdə olan avtomobillər və sərnişinlər yoxlanılır. Evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır".

V.Əsədov deyir ki, sərt karantin rejimi davam edir, vətəndaşlar yalnız karantin rejiminə uyğun icazə aldıqda evdən çıxmalı, qoruyucu vasitələrdən istifadə etməlidirlər.

Bakıda postlar ötən həftə iyulun 2-də yığışdırılmışdı. O zaman Daxili İşlər Nazirliyi bunu polisin qapalı yerlərdə karantin qaydalarına nəzarəti gücləndirməsi ilə izah etmişdi.

Xatırlatma

Martın 14-dən Azərbaycanda koronavirus pandemiyasına görə karantin elan edilib. Karantin bir neçə dəfə uzadılıb. Vətəndaşlar zəruri hallarda 8103 nömrəsinə SMS göndərib icazə almaqla küçəyə çıxa bilirlər.

Azərbaycanda ümumilikdə 22 min 464 nəfərin koronavirus infeksiyasına yoluxduğu, 13 min 591 nəfərin sağaldığı, 284 nəfərin vəfat etdiyi, 8 min 589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsinin davam etdiyi bildirilir.

XS
SM
MD
LG