Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 11:45

Polisə aparılanlardan 10-u buraxılıb, 5-i hələ də saxlanır


Bakıda aksiya. 3 yanvar 2019

Yanvarın 3-də Bakıda metronun “Neftçilər” stansiyası yaxınlığında “Mehman Hüseynova azadlıq!” və başqa şüarlarla keçirilən aksiyada polisin saxladığı bəzi şəxslər sərbəst buraxılıb.

Onlar sərbəst buraxıldıqdan sonra verdikləri açıqlamada polisdə 7 saata yaxın saxlandıqlarını bildiriblər.Həmin şəxslərin dediyinə görə, polisdə saxlananlardan bəzilərinə fiziki güc tədbiq edilib.

"15 manat" iddiası

“Bizə irad tutdular ki, güya 15 manat müqabilində aksiyaya çüxmışıq. Ancaq özləri də başa düşürdülər ki, bu dedikləri həqiqət deyil”, deyə sərbəst buraxılanlardan biri vurğulayıb.

Sərbəst buraxılanların bu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Saxlananların verdikləri məlumata görə, ümumilikdə 15 nəfər polisə gətirilib. Onlardan 7-si elə polis bölməsindən buraxılıb. Daha sonra isə 3 xanım - Fatimə Mövlamlı, Məlahət Yaqubova və Pərvin Abışıva da Nizami Rayon Məhkəməsindən buraxılıblar. Amma dediklərinə görə, onlara yanvarın 4-də qərarla tanış olmaqdan ötrü yenidən məhkəməyə gəlmələri tövsiyə edilib.

Daha 5 gəncin isə təcridxanaya aparıldıqları söylənir. Onlara isə inzibati cəza veriləcəyi gözlənir. Həmin şəxslərin azel.tv saytının redaktoru Əfqan Sadıqov, jurnalist Ruslan Libre (Qəhrəmanlı), Fərid Abdinov, Saxavət Nəbiyev və Elimxan Ağayev olduqları qeyd edilir.

Bu məlumatı da hələlik, hüquq mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Bu gün, yanvarın 3-də bir qrup ictimai fəal 2 illik həbs cəzasının başa çatmasına bir neçə ay qalmış əlavə ittihamla üzləşən bloqqer Mehman Hüseynovun azadlığa buraxılması tələbiylə Bakıda aksiya keçiriblər.

Onlar əllərində Mehman Hüseynovun plakatlarını tutaraq “Mehmana azadlıq”, “Azadlıq” şüarları səsləndiriblər.

Aksiya iştirakçılarına polis müdaxiləsi olub. Onlardan bəziləri məcburi qaydada polis maşınına mindirilərək aparılıblar.

Rəsmi məlumata görə, Mehman Hüseynov bir həftə öncə, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyə bilər.

Vəkillərinin bildirməsinə görə, Mehman Hüseynovun özü ittihamı qurama sayır. Ailəsinin bildirməsinə görə, o, buna etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başlayıb. Bloqqerin yaxınları bu üzdən onun səhhətinin ağırlaşdığını bildirmişdilər. Ancaq Penitensiar Xidmətdən yanvarın 1-də bildiriblər ki, Mehman Hüseynov yemək qəbul edir.

***

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, yanvarın 3-də bir qrup ictimai fəal 2 illik həbs cəzasının başa çatmasına bir neçə ay qalmış əlavə ittihamla üzləşən bloqqer Mehman Hüseynovun azadlığa buraxılması tələbiylə Bakıda, metronun «Neftçilər» stansiyası yaxınlığında aksiya keçiriblər. Onlar əllərində M.Hüseynovun plakatlarını tutaraq «Mehmana azadlıq», «Azadlıq» şüarları səsləndiriblər.

Aksiya iştirakçılarından biri hadisə yerində olan media mənsublarına belə açıqlama verib: «Biz Mehmana azadlıq tələb edirik, adam həbsdə artıq bir həftədən çoxdur ki, aclıq edir. Aclıq etməsinə də səbəb budur ki, həbsdən çıxmasına 2 ay qalmış ona yeni cinayət işi açıblar. Onu azadlığa buraxmaq istəmirlər. Ona görə ki, Mehman ölkədəki korrupsiyanı, rüşvəti ifşa edirdi. Biz korrupsionerləri, rüşvətxorları, oğruları müdafiə etmirik. Əksinə, bu faktları ifşa edən bir media nümayəndəsini müdafiə edirik».

Aksiyaya polis müdaxiləsi olub. Polis aksiya iştirakçılarından Dilarə Miriyevanı, Fatimə Mövlamlını və bir çox şəxsi saxlayıb.

Saxlananların arasında bir neçə media nümayəndəsinin də olduğu bildirilir.

Hələlik, baş verənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Rəsmi məlumata görə, M.Hüseynova Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) maddəsi ilə yenidən cinayət işi başlanıb. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyir.

Bloqqerin yeni ittihamla üzləşdiyini onun vəkilləri də təsdiq edib. Amma vəkilləri başqa, oxşar maddədən bəhs ediblər.

«Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəsinin əməkdaşına təhlükəli şəkildə zor tətbiq etmək) maddəsi ilə cinayət işi qaldırılıb. İttiham təsdiqini tapdığı halda Mehmanı 5 ildən 7 ilə kimi həbs cəzası gözləyir», -deyə vəkili Ş.Hümbətova bildirib.

Vəkillərinin bildirməsinə görə, M.Hüseynov yeni ittihamı qurama sayaraq etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başlayıb. Bloqqerin yaxınları bu üzdən onun səhhətinin ağırlaşdığını bildirmişdilər. Ancaq Penitensiar Xidmətdən yanvarın 1-də bildiriblər ki, M.Hüseynov yemək qəbul edir.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.

XS
SM
MD
LG