Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Bahar Muradova: ‘Onun qalib olacağına şübhəm yoxdur’


Bahar Muradova
Bahar Muradova

“Dünyada elə seçki prosesi yoxdur ki, orda hər şey ideal səviyyədə olsun. İstisna etmirik ki, kimlərsə hansısa seçki hərəkətlərini düzgün yerinə yetirməsin.”

Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyasının üzvü Bahar Muradova AzadlıqRadiosuna müsahibə verib.

Bahar xanım, seçkilərin gedişini, səsverməni necə dəyərləndirirsiniz?

Mən özüm günün birinci yarısında, saat 11-ə yaxın seçki məntəqəsində oldum və səs verdim. Təşkilatçılıq, əhalinin fəallığı çox yüksək səviyyədə idi. Bütün günü həm televiziyadan, həm mətbuatdan, həm də onlayn şəkildə seçkinin gedişini izləmişəm. Yerli, xarici müşahidəçilərin səsvermə haqda fikirlərini dinləmişəm. Bütün bunları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, seçki prosesi Azərbaycan qanunlarına, Seçki Məcəlləsinin tələblərinə, beynəlxalq standartlara uyğun şəkildə keçirilir. İnsanlar öz iradələrini ifadə edərək layiq bildikləri namizədə səs vermək imkanı əldə ediblər. Seçki haqqında ümumi rəy müsbətdir. Ciddi narahatlıq doğuran halların olması ilə bağlı məlumata malik deyiləm.

AzadlıqRadiosunun əməkdaşları da müşahidə aparıblar. Məsələn, 72 saylı DSK-nın 45 saylı məntəqəsində gün ərzində müşahidə aparılıb. Burda gün boyu seçki qutuları boş olub, əməkdaş zəng edib iki dəfə seçici fəallığı ilə maraqlandıqdan sonra məntəqənin kamerası söndürülüb. Və yaxud 57 saylı DSK-da 2 saylı məntəqədə kameranın önü kağızla bağlanır. Başqa məntəqələrdə topa bülletenlər atılır qutuya və sair. Siyahını davam etdirmək olar. Sizcə, bu hallar rəsmi məlumatda deyildiyi kimi, seçkinin yüksək səviyyədə keçməsi, seçici fəallığı haqda deyilənləri şübhə altına almırmı?

Belə hallar varsa, müvafiq seçki administrasiyasına müraciət edilməlidir, bu da onlar tərəfindən araşdırmalıdır. Xahiş edirəm, bu məsələlərlə bağlı məlumatı aidiyyatı qurumlara ötürəsiniz. Onlar da vəzifələrini yerinə yetirməlidirlər və yetirəcəklər də, yəqin. Düşünürəm ki, bu cür tək-tək hallar varsa – mən əmin deyiləm olmağına – seçki prosesinin üzərinə bütövlükdə kölgə salacaq həddə ola bilməz. Seçki subyektlərinin hamısı, namizədlər də daxil olmaqla bütün məsələlərin qanun çərçivəsində həllində maraqlı olmalıdırlar. Mən öz mövqeyimi ifadə etmiş olsam, bizim namizədimiz yetərincə güclüdür, onun malik olduğu sosial baza, imkanlar, əhalinin ona münasibəti, fəaliyyətinin nəticələri imkan verir ki, bu seçkinin də qalibi o olsun. Onun qalib olacağına mənim şübhəm yoxdur. Buna əminəm. Amma hardasa buna kölgə salmaq istiqamətində kimlərsə cəhdlər edirsə... Mən informasiya aldım ki, kimlərsə seçkiyə kölgə salmaq istiqamətində həqiqətə uyğun olmayan, yanlış məlumatlar yayırlar. Bunların özü də araşdırılmalıdır ki, kimdir bu xəbərləri yayan, hansı məqsəd güdür. Hər halda, konkret danışa bilmək üçün deyilənlər araşdırılmalıdır. Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının, siyasi qüvvələrin yüksək fəallığını, ciddi marağını, beynəlxalq təşkilatların, müşahidə missiyalarının rəylərini, marağını nəzərə alaraq hesab edə bilərik ki, seçki bizim gözlədiyimiz və istədiyimiz səviyyədə gedib.

Amma büdcə təşkilatlarında çalışanların səsverməyə getməsi barədə göstəriş verildiyi haqda məlumatlar da gəlməkdədir.

“Deyilir”, “bildirilir” sözünü şərh etmək istəməzdim. Belə hallar varsa araşdırılmalıdır. Dünyada elə seçki prosesi yoxdur ki, orda hər şey ideal səviyyədə olsun. Harda insan varsa, nəsə ola bilər. İstisna etmirik ki, kimlərsə hansısa seçki hərəkətlərini düzgün yerinə yetirməsin. Amma bunu araşdırmaq üçün müvafiq qurumlar var və onlar vəzifələrini yerinə yetirəcəklər. Bunun yerinə yetirilməsinə isə kömək etmək lazımdır.

Bir neçə saata nəticələr açıqlanacaq. İlham Əliyev prezident olacağı təqdirdə YAP-ın, yeni hökumətin fəaliyyəti hansı istiqamətdə olacaq, ümumiyyətlə yeni hökumət formalaşdırılacaqmı?

Bu, yeni seçiləcək prezidentin səlahiyyətinə aid məsələdir. Vəzifəsinin icrasına başlayanda ardıcıl olaraq bəzi addımlar atacaq. Bunda təbii ki, parlament də iştirak edəcək. O ki qaldı siyasət necə davam edəcək, əlbəttə ki, YAP həm Heydər Əliyevin, həm də İlham Əliyevin əldə etdiyi nailiyyətlər üzərindən gələcəyə baxır. Proqramlarımız, layihələrimiz davam edəcək. Azərbaycan Heydər Əliyev yolu ilə, çiçəklənmə yolu ilə davam edəcək.

2008-ci ildə prezident seçkiləri başa çatmamış Siyavuş Novruzov bir nəfərin iki dəfədən artıq seçilməsi ilə bağlı limitin götürülə bilməsindən danışdı. Və...

Gəlin nə vaxtsa deyilən fikirlərə yenidən qayıtmayaq. Buna artıq şərh verilib. İndiki şəraitdən danışırıq. Seçki yüksək səviyyədə keçdi. Hansısa problem olacağını düşünmürəm. Proqnoz öz yerində, reallıq da var. Əvvəldən söylənən fikirlər şübhələr doğurmamalıdır. Proseslər də bu istiqamətdə gedir. Biz İlham Əliyevin imkanlarını, nüfuzunu, bugünə qədərki fəaliyyətinin nəticələrini bildiyimizdən əksəriyyət onun qalib gələcəyini proqnozlaşdırır. Qalib gələcəksə başladığı işləri davam etdirəcək.

Bu seçkidən sonra islahatlar da gözlənir?

İslahatlar birdəfəlik atılan addım deyil. Zaman, ictimai-siyasi durum, Azərbaycanın maraqları nəyi tələb edirsə, o istiqamətdə islahatlar gedib və bundan sonra da gedəcək. Bundan sonra biz davamlı yanaşmanın şahidi olacağıq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG