Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Sentyabr, şənbə, Bakı vaxtı 09:41

Qızıyla birlikdə ölən qadının yaxınları istintaqdan narazıdır


İlkin Süleymanov

Ana və uşağın ölümüylə əlaqədar Səbail Rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq gedir.

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində 1-yaşlı qızı Tahirə ilə birlikdə yaşadıqları üçmərtəbəli evin çardağından yıxılaraq ölən Aytən Niftəliyevanın yaxınları istintaqın gedişindən narazıdır. Hesab edirlər ki, CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) yox, 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanmalıydı.

Bu barədə AzadlıqRadiosuna danışan İlkin Süleymanov deyir ki, əllərində bacısı Aytənin öldürüldüyünü təsdiqləyən sübutlar var.

“Çardaqda dartışma olub”

Onun sözlərinə görə, əsas sübut da hadisədən sonra xəstəxanada olduğu müddətdə bacısının dediklərinin videoyazısıdır:

“Aytən deyirdi ki, uşağın necə düşdüyünü xatırlamıram. Amma ərinin onu itələdiyi dəqiq yadındadır. Evdə yenə dava olub, bacım uşağını da götürüb səssizliyə – çardağa çəkilib. Əri də arxasınca gəlib, orada da vurub onu. Çardaqda dartışma olub. Uşaq düşəndən sonra əri onu itələyəndə deyib ki, məni atma. Hətta aşağı düşəndə sallanıb, cəhd eləyib ki, xilas olsun. Qollarında sallanmaya xarakterik qançırlar vardı. Amma əri kömək eləməyib, əksinə...”

O bildirib ki, bacısını vəkil danışdırıb və bunu videoya çəkib. Qardaşının dediyinə görə, Aytən sualları cavablandıranda dediklərinin mahiyyətini dərk edib, ev ünvanı və sair məsələlər haqda dəqiq cavablar verib. Onlar həmin videogörüntünü prokurorluğa təqdim ediblər.

Süleymanov deyir ki, bacısı xəstəxanada olduğu dörd gün ərzində ora müstəntiq də gəlib, onu danışdırıb. Amma həmin vaxt bacısının dedikləri rəsmiləşdirilməyib və cinayət işinin materiallarına əlavə olunmayıb:

“Bu adam açıq şəkildə deyir ki, mən intihar etmək istəməmişəm, məni atıblar. 4 gün ərzində onun ifadəsinin protokollaşdırılmaması da istintaqın qüsurudur”.

“Bacımı taleyin ümidinə buraxıblar”

Ailənin istintaq qarşısında qaldırdığı məsələlərdən biri Aytən Niftəliyevanın əri Rəhman Niftəliyev və onun valideynlərinin hadisə vaxtı harada olduğunu müəyyənləşdirmək məqsədilə onların telefon anten məlumatlarının çıxarılmasıdır:

“Deyirlər ki, guya həmin vaxt evdə olmayıblar. Yalandır. Onların üçünün də həmin vaxt evdə olduğunu təsdiqləyən şahidlərimiz var. Uşağı babası tez maşına qoyub xəstəxanaya aparıb, bacım isə yerdə qalıb, onu taleyin ümidinə buraxıblar. Ora toplaşanlar onu sonra bir maşına qoyub xəstəxanaya göndəriblər”.

Süleymanov vurğulayıb ki, bacısı və onun körpəsinin ölümüylə bağlı obyektiv, hərtərəfli istintaq aparılması, təqsiri olanların cəzalandırılması üçün müxtəlif dövlət orqanlarına müraciət ediblər. Eyni zamanda, hadisənin necə baş verdiyini görənlərin dindirilməsi və o şahidlərin təhlükəsizliyinin təmin olunmasını istəyiblər:

“Bu məsələyə təkcə bizim ailəmizin faciəsi, bizim məsələmiz kimi yanaşılmamalıdır. Buna biganə yanaşma yeni-yeni qadın və uşaq qətllərinə rəvac verəcək”.

Hər cür cəzaya hazır olduğunu deyir

Rəhman Niftəliyev isə qızı və həyat yoldaşının ölümündə təqsiri olması haqda iddiaları təkzib edib. O, “Instagram” hesabından yayımda bildirib ki, istintaq getdiyinə görə bir çox məsələləri açıqlaya bilmir. Həyat yoldaşı və qızının ölümündə təqsiri sübuta yetirilərsə, hər cür cəzaya hazır olduğunu vurğulayan Niftəliyevin sözlərinə görə, ailəsində baş vermiş faciədən sonra yaşamaq istəyi də yoxdur:

“Əgər Tahirənin qatiliyəmsə, mənə ən ağır söyüşlər söyün, Badamdarda yaşayıram, evimi daş-qalaq eləyin. Mənim balam ölüb, onsuz da yaşamağa çox da meylim qalmayıb. Mən bu gün onun qanı üçün savaşıram”.

O, baş verənlərlə bağlı səslənən iddiaların ziddiyyətli olduğunu, bir-birilə uyğunlaşmadığını da əlavə edib:

“Gah deyirlər, ikinci mərtəbədən atılıb, gah üçüncü mərtəbədən. Əvvəl deyirdilər ki, özünü öldürməyə vadar edilib, sonra deyildi ki, mən atmışam...”

“Aytən bizə demirdi”

Aytən Niftəliyeva 2018-ci ilin sentyabrında nişanlanıb, 2019-cu ilin aprelində isə toyu olub. Qardaşının sözlərinə görə, hələ nişanlılıq dövründə də Aytən zorakılığa məruz qalırdı. Bu üzdən ailəsi bu nikaha razı deyildi:

“Amma Aytən ondan bərk yapışmışdı, biz də buna görə əl-qolumuz bağlı qalmışdıq. Hamiləlik dövründə, uşaq olandan sonra da zorakılıq olub, Aytən bizə demirdi. Əksinə, biz qarşı tərəfin valideynlərindən eşidirdik. Onlar da bizə Aytəni günahlandırmaq məqsədilə deyirdilər. Aytənin özü ilə söhbət eləyəndə qalırdı onlarla bizim aramızda. Bir müddət sonra bezdi və boşanmaq istəyirdi. Onda da uşağı əlindən almaqla, psixi xəstə kimi sənədləşdirməklə hədələdilər”.

“Lazım olan bütün addımlar atılır”

Ana və uşağın ölümüylə əlaqədar Səbail Rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq gedir. Prokurorluqdan AzadlıqRadiosuna bildirilib ki, bu cinayət işi müstəntiq Araz Əkbərovun icraatındadır.

“Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hərtərəfli istintaq aparmaq məqsədilə lazım olan bütün addımlar atılır. İstintaq sirri olduğuna görə əlavə məlumat verə bilmərik” - prokurorluqdan belə deyilib.

Hadisə avqustun 30-da baş verib. Uşaq elə həmin gün, ana isə sentyabrın 2-də vəfat edib.

XS
SM
MD
LG