Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Aprel, şənbə, Bakı vaxtı 16:36

Baş redaktoru nazir qəbul edib


Anar Məmmədov

Bu gün, yanvarın 13-də daxili işlər naziri Vilayət Eyvazov Criminal.az saytının baş redaktoru Anar Məmmədovu qəbul edib.

Anar Məmmədov bildirib ki, nazir onu son günlər sosial şəbəkələrdə guya naməlum şəxslər tərəfindən “vəhşicəsinə döyülməsi” və bu hücumu hansısa “oliqarx”ın təşkil etməsi barədə yayılmış məlumatlarla bağlı dinləyib:

“Nazirə barəmdə sosial şəbəkədə yayılmış yalan məlumatlar, eyni zamanda, bu qəbildən olan məlumatları yaymaqda şübhəli hesab etdiyim şəxslərlə bağlı məlumat verdim. Bildirdim ki, son zamanlar əsassız iddialarla məhkəmələrə cavabdeh qismində cəlb olunuram. Barəmdə bu qəbildən olan məlumatları əsassız iddia müəlliflərinin yaya biləcəyini də istisna etmirəm. Bütün hallarda baş verənlərin peşə fəaliyyətimlə bağlı olduğunu Vilayət Eyvazovun diqqətinə çatdırdım. Məni diqqətlə dinlədi. Bildirdi ki, ona ünvanladığım açıq məktubda ifadə edilən məqamları nəzərə alıb, dərhal şəxsi nəzarətə götürüb. Vurğuladı ki, müraciətimlə bağlı zəruri araşdırma aparılacaq. Nazir əlavə etdi ki, bunun üçün kifayət qədər texniki imkanlara malikdirlər. O dedi ki, Daxili İşlər Nazirliyi MDB (Müstəqil Dövlətlər Birliyi) məkanında ən yüksək səviyyədə texniki təchizata malikdir, bütün vətəndaşlar, o cümlədən jurnalistlərin təhlükəsizliyi onlar üçün önəmlidir. Nazir vurğuladı ki, “heç kəsə imkan vermərik ki, kimisə təhdid etsin””.

Vilayət Eyvazov
Vilayət Eyvazov

Criminal.az saytının baş redaktoru Anar Məmmədovun bu fikirlərinə, onun məhkəmə çəkişmələrində olduğu şəxslərdən, hələlik, münasibət almaq mümkün olmayıb.

O, yazılarına görə, artıq bir neçə dəfə məhkəməyə verilib. Sonuncu dəfə ötən ilin sonlarında "Məlahət" MMC-nin rəhbəri Məlahət Qurbanova xüsusi ittiham qaydasında iddia qaldıraraq onun həbsini tələb edib.

Uzun müddətdir ki, Məlahət Qurbanova ilə keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov arasında əmlak davası olduğu bildirilir.

Paytaxtın mərkəzindəki qeyri-yaşayış sahəsi ilə əlaqədar onların arasında məhkəmə çəkişməsi getdiyi söylənir.

A.Məmmədovun da rəhbərlik etdiyi saytında bu barədə «Keçmiş nazir «Lombard Məlahət»i məhkəməyə verdi: «Torpaqlarımı boşalt...»» və «Lombard Məlahət»lə sabiq nazirin davası: «Rolls-Royce» mərkəzinin zirzəmisini bölə bilmirlər» başlıqlı məqalələr yayılıb.

Məlahət Qurbanova iddia edir ki, Anar Məmmədov həmin yazılarda onu “Lombard Məlahət” kimi təqdim etməklə böhtan atıb, nüfuzuna zərbə vurub.

İşə yanvarın 8-də Ağdam rayon Məhkəməsində hakim Mahir Niftiyevin sədrliyi ilə baxış başlayıb.

Redaktorun verdiyi məlumata görə, Qurbanova onu böhtan atmaqda ittiham edir, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə mühakimə olunmasını tələb edir.

Bundan öncə Yasamal Rayon Məhkəməsi iki dəfə Məlahət Qurbanovanın jurnalistə qarşı iddiasını qəbul etməyib.

Anar Məmmədov da iddia ərizəsində yazılanlarla razılaşmır və kimsəyə böhtan atmadığını, heç kimi təhqir etmədiyini iddia edir.

Xatırlatma

Anar Məmmədov 2019-cu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay şərti cəzaya məhkum edilib.

İddia olunur ki, onun Gəncə hadisələri (2018-ci ilin yayında sabiq icra başçısı Elmar Vəliyevə silahlı hücüm) haqqında yazıları bir neçə vətəndaşda narahatlıq yaradıb və onlar jurnalistin cəzalandırılması üçün prokurorluğa şikayət edib.

Anar Məmmədov özünü təqsirli bilmir və jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

XS
SM
MD
LG