Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Fuad Qəhrəmanlıya cinayət işi açılıb


F.Qəhrəmanlı
F.Qəhrəmanlı

Baş Prokurorluq Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin keçmiş müavini Fuad Qəhrəmanlıya cinayət işi açıb.

Söhbət Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələrindən gedir.

Bu barədə Baş Prokurorluq oktyabrın 16-da məlumat yayıb.

İttihamlar sübuta yetirilmiş sayılarsa, müxalif siyasətçiyə 5 ilə qədər həbs cəzası verilə bilər.

İddiaya görə, F.Qəhrəmanlı yetkinlik yaşına çatmayan qızlarına və həyat yoldaşı Zümrüd Qəhrəmanlıya (Yağmur) qarşı zorakılıq edib.

Açıqlamaya görə, cinayətin xarakteri, işin xüsusiyyətləri və hadisələrin Abşeron rayonunun ərazisində baş verməsi nəzərə alınaraq cinayət işinin istintaqı Abşeron rayon Prokurorluğuna həvalə edilib.

F.Qəhrəmanlı: «Siyasi fəaliyyətimlə bağlı mənə edilən təzyiqdir»

F.Qəhrəmanlı isə AzadlıqRadiosuna açıqlamasında ittihamı əsassız, uydurma adlandırıb: «Bunlar hamısı uydurmadır, siyasi fəaliyyətimlə bağlı mənə edilən təzyiqdir və bunun başqa adı yoxdur».

Bir müddət öncə, müxalifətdə olan AXCP sədrinin keçmiş müavini F.Qəhrəmanlının qızı sosial şəbəkədən atasının ailədə şiddətə yol verdiyi ilə bağlı açıqlama yaymışdı. Amma F.Qəhrəmanlının özü qızına və xanımına ağır xəsarət yetirməsi ilə bağlı iddiaları yalanlamışdı. Bununla belə, o, sonradan bu iddiaların mənsub olduğu partiyanın lideri Əli Kərimliyə ziyan vuracağını söyləyərək onun müavinliyindən istefa verdiyini açıqlamışdı.

Onun ailə üzvləri isə F.Qəhrəmanlının bu məsələdə açıqlamasının heç də həqiqət olmadığını bildirmişdilər. Həyat yoldaşı Zümrüd Yağmur AzadlıqRadiosuna qızının zorakılıqla bağlı yazdıqlarının doğru olduğunu söyləmişdi.

Daha sonra isə Baş prokuror Zakir Qaralov demişdi ki, F.Qəhrəmanlı barəsində bəzi qeyri-hökumət təşkilatları (QHT) onlara müraciət edib və bu müraciət Baş Prokurorluqda baxılma ərəfəsindədir: «İlk növbədə zərərçəkənlərin rəsmi mövqeyini öyrənməliyik. Həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənəndən sonra qanun çərçivəsində qərar qəbul olunacaq».

Z.Qaralov deyib ki, bu gün özünü müxalifət adlandıran, özlərini daim cəmiyyətə vətəndaşların hüquqlarının müdafiəçisi kimi təqdim edən şəxslər öz ailələrində bu cür qanunsuz və vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar.

Amma, öz növbəsində, F. Qəhrəmanlının xanımı yazar Zümrüd Yağmur baş prokurorun açıqlamasını «siyasi hoqqabazlıq» adlandırmışdı.

Z.Yağmur hesab edirdi ki, Azərbaycanda ədalətsizliklərin baş verməsinin səbəbləri elə Z.Qaralovun da təmsil olunduğu iqtidardır: «Mən onların ədalətinə, yaxud da heç bir siyasi mənfəət güdmədən Azərbaycanda hər hansı bir insanın, qadının, kişinin, uşağın - fərq etməz - haqqını doğrudan da qorumaq istəyi ilə bağlı səmimiyyətinə inanmıram. Belə bir təşəbbüsüm də yoxdur ki, kimdənsə kiminsə haqqında araşdırma istəyim, kiminsə cinayət məsuliyyətinə cəlb olunmasını istəyim».

Z.Yağmur sual etmişdi: «Bəs mənim 14-yaşlı qızım küçədə döyüləndə onlar haradaydı?».

Z.Yağmurun sözlərinə görə, əgər onlar səmimidirsə, ölkədə işgəncələrlə bağlı şikayətləri araşdırmalıdırlar.

Xatırlatma

Bu ilin aprelində Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun qızının küçədə fiziki zorakılıq və təhqirlə üzləşdiyi açıqlanmışdı.

Bu məsələyə görə xırda xuliqanlıqda ittiham edilən Tural Qarayev adlı şəxs 15 sutka inzibati həbs cəzası almışdı. T.Qarayev həmin vaxt yaydığı videomüraciətdə F.Qəhrəmanlı və Z.Yağmuru xarici qüvvələrə işləməkdə günahlandırmışdı.

F.Qəhrəmanlı və Z.Yağmur isə hesab edirdilər ki, həmin şəxs yuxarıdan himayə olunur, əks halda, inzibati cəza ilə məsələ bitməzdi.

Hüquq-mühafizə orqanları da, öz növbələrində, polisdə və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı iddiaları qəbul etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG