Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:08

Baş həkim: '100 uşaqdan 20-nə peyvənd etdirmirlər'


Vaksinasiya
Vaksinasiya

Bir qədər öncə Azərbaycanda Səhiyyə Nazirliyinin 20-40 yaşlı vətəndaşların qızılca xəstəliyinə qarşı peyvənd olunması ilə bağlı elanlarına rast gəlmək olardı. Söhbət təbii ki, zamanında vaksinasiya edilməmiş şəxslərdən gedirdi.

Nazirlik bu addımı qonşu Gürcüstanda qızılcanın alovlanması, bu ölkədən də Azərbaycana gətirilməsi səbəbi ilə izah edirdi. Hərçənd, bəzi mütəxəssislər Azərbaycanın özündə də son illər ailələrin peyvənddən imtina etdiyini və buna görə qızılca, məxmərək kimi xəstəliklərin yayıldığını söyləyirlər. Məsələn, Bakıdakı uşaq poliklinikalarından ikisinin baş həkimi AzadlıqRadiosuna bəzi valideynlərin uşaqlarını peyvənd etdirməkdən çəkindiklərini təsdiqləyiblər.

«Qonşu respublikada qızılca epidemiyası təhlükəsi var deyə, belə elan vurulur. Məqsəd epidemiya təhlükəsinin qarşısını almaqdır. Çalışırıq uşaqları cəlb edək, məktəblərə xəbər göndərmişik, peyvənd almayan uşaqları seçib bizə istiqamətləndirirlər», – Bakıda 14 saylı Uşaq Poliklinikasının baş həkimi Zemfira Mirzəyeva AzadlıqRadiosuna deyir. Amma bununla belə nəinki qızılca, hətta bütün peyvəndlərdən imtina edən ailələrin olduğunu bildirir: «Məsələn, vəhhabi təriqətinə mənsub ailələr imtina edirlər, onları başa salmaq da olmur».

Baş həkim öz müşahidələrinə əsasən, təxminən hər doğulan 100 körpədən 20-nə peyvənd vurulmadığını bildirir. O, peyvənd əleyhinə təbliğatın haradan qaynaqlandığını söyləyə bilmir.

«Kimi internetdə, kimi orda-burda danışır ki, fəsadı olur, ziyanlıdır, valideynlər də bu söhbətlərə qulaq asıb gəlmirlər», – Bakıda 9 saylı Uşaq Poliklinikasının baş həkimi Aidə Hüseynzadə söyləyir. O, şübhələrə əsas olmadığını bildirir, nəvələrinə də işlədiyi poliklinikada peyvənd vurdurduğunu vurğulayır.

«Peyvənd mütləq edilməlidir. Amma çoxunun öhdəsindən gəlmək olmur. Kimi aparılan təbliğata qulaq asır, ondan başqa, vəhhabilər ümumiyyətlə, yaxına buraxmır. Əgər peyvənd Ümumdünya Səhiyyə Təşkilatının möhürü ilə yayılırsa, orda təhlükə yoxdur», – A.Hüseynzadə qeyd edir.

«Evlərə gedib yalvarırıq ki, gəlin peyvənd vurdurun»

Z.Mirzəyeva valideynlərin daha çox difteriya, göyöskürək, tetanus əleyhinə olan peyvənddən, yəni AKDS kimi tanınan peyvəndi vurdurmaqdan imtina etdiklərini deyir. O, bu peyvənd nəticəsində bəzən körpənin iflic keçirməsi, əqli inkişafının ləngiməsi haqda iddiaları rədd edir. Həkim bu cür halların, adətən, anadangəlmə xəstə uşaqlarda rastlandığını qeyd edir.

«Peyvənd edildikdən sonra yerli, bəd reaksiyalar ola bilər, bu da uşaqda xəstəliyə qarşı immunitetin yaranmasını göstərir», – Z.Mirzəyeva izah edir.

Baş həkimin dediyinə görə, peyvənd almayan uşaqların sayı çoxaldıqca, infeksion xəstəliklərin baş qaldırmasına da şərait yaradılır.

Valideynlər peyvənddən niyə ehtiyatlanır?
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

A.Hüseynzadənin sözlərinə görə, sahə həkimləri bununla bağlı izahat işləri aparırlar: «Peyvənd vurulmayan uşağın sonradan xəstələndiyi, valideynlərinin peşman olduğu hallara da rast gəlmişik. Evlərə gedib yalvarırıq ki, gəlin peyvənd vurdurun. Kimi inanır, kimi də yox. Amma son vaxtlar nisbətən yaxşılaşma var. Səbəb də təbliğatdır».

Z.Mirzəyeva bir məqama da toxunur: «Əksəriyyət poliklinikalarda peyvənd vurdurmaqdan yayınır ki, özəl klinikada daha yaxşıdır, keyfiyyətlidir. Özəl klinikaya daha çox etibar edirlər. Ancaq dövlət xətti ilə gətirilən peyvənd daha keyfiyyətlidir. Orda saxlanma qaydasına daha çox nəzarət edirik, soyuducuda gətirilir və s».

Elə həmkarı A.Hüseynzadə də özəl klinikalarda vurdurulan peyvəndlərin ölkəyə dövlətin, Səhiyyə Nazirliyinin xətti ilə gətirildiyini söyləyir.

Valideyn niyə imtina edir?

5 yaşlı Fatimə də (ad şərtidir) peyvənd edilməyən uşaqlardan biridir. Hicablı qızı məktəbə aparan bacısı Zəhranın sözlərinə görə, atası peyvəndin əleyhinədir. Ona görə də poliklinikaya gedərək üç bacısı və iki qardaşının peyvənd edilməməsi üçün rəsmi şəkildə ərizə yazıb. Zəhranın valideynləri qızlarının söylədiyini təsdiqləsələr də, bu haqda danışmaq istəmirlər. Sadəcə bunu deyirlər: «Allah özü onları hər bəladan qoruyacaq».

«Peyvənddəki ağır metallar uşağın beynində tormozlanma yaratdı»

Azad İstehlakçılar Birliyindən Əhməd Rəhmanov da peyvənd əleyhdarıdır və bu haqda yana-yana danışır. O, 2 yaşına kimi fiziki və əqli baxımdan normal olan övladına peyvənd vurulduqdan sonra gerilədiyini söyləyir, buna görə də peyvəndin əleyhinədir.

«O vaxt uşağın analizlərini ABŞ-a göndərdik. Cavab gəldi ki, ağır metal zəhərlənməsi nəticəsində uşağın beyninin bir hissəsində tormozlanma gedir, həmin hissə korlanıb. O da autizmə gətirib çıxardı. Uşaq anadan olandan ilk 12 saat ərzində Hepatit B vaksini vurulur. Onun tərkibində ağır metal var, civə və alüminium. Ağır metal uşağın harasında problem varsa, o hissəsini sıradan çıxarır. Uşaqda nəfəs çatışmazlığı vardı. O da təbii ki, ilk növbədə beyinə vurur. Peyvənddəki ağır metal da uşağın beynində bir hissəni sıradan çıxarıb. Ola bilər, o peyvənd vurulmasaydı, uşağım ömrünün axırına kimi normal yaşayacaqdı. Buna imkan vermədilər», - Ə.Rəhmanov danışır. Onun sözlərinə görə, vaksin istehsalçısı olan şirkət özü də rəsmi izahatında fəsadlar haqqında xəbərdarlıq edir:

«İstehsalçı özü yazır ki, bu vaksinasiyadan sonra uşaqda ürək çatışmazlığı, damarlarda tromb və autizm kimi problemlər yarana bilər. Heç kim qatığına qara deməz, amma istehsalçı şirkət izah edir ki, peyvənddən öncə uşağı yoxlatdır. Azərbaycanda yoxlama yoxdur, bu, çox bahalıdır, ona görə yoxlama aparılmadan ucdantutma vurulur. Bu, təhlükəlidir».

A.Qeybulla
A.Qeybulla

Həkim: «Mümkündür...»

Tibb elmləri doktoru, professor Adil Qeybulla bəzən Azərbaycana gətirilən vaksinlərin keyfiyyətinin aşağı ola biləcəyini istisna etmir. Buna görə də Ə.Rəhmanovun dediyi fəsadların üzə çıxmasını mümkün sayır.

Professor da vurğulayır ki, nevroloji, allergiyası və başqa problemi olan uşaqlara diqqətli yanaşmaq gərəkdir, onlar tam müayinə edildikdən sonra peyvənd vurulmalıdır.

«Nevropatoloq və terapevtin birgə məsləhətləşməsindən sonra peyvənd aparılıb-aparılmaması haqqında qərar verilməlidir», – professor bildirir.

«Ölkədə qızılca, məxmərək baş alıb gedir»

Bununla belə, A.Qeybulla peyvəndin əleyhinə deyil, əksinə, uşaqlar arasında vaksinasiya aparılmasının tərəfdarıdır.

«Əvvəla, peyvənd UNICEF-in proqramı əsasında uşaqlara vurulmalıdır. Vəba, taun kimi dünyanın dörd karantin infeksiyasından biri olan çiçək xəstəliyi vaksinasiya nəticəsində artıq yoxa çıxıb. Son illərə qədər vaksinasiya nəticəsində bölgədə infeksion xəstəliklər az idi, demək olar, yox idi. Amma son illər əhali peyvənd etdirmədiyi üçün ölkədə infeksion xəstəliklər – qızılca, məxmərək və s. baş alıb gedir. Ona görə də buna ciddi yanaşmaq lazımdır», - A.Qeybulla qeyd edir.

Azərbaycanda uşaqların peyvənd olunmasına tibb işçiləri ilə yanaşı, valideynlər də məsuliyyət daşıyırlar, uşağı peyvənddən yayındıran valideyn yazılı şəkildə tibb müəssisəsinə izahat verib, səbəbləri əsaslandırmalıdır.

Azərbaycanda, adətən, uşaq doğulan gün «B» virusu hepatitinə qarşı, 4-7-ci gündə isə vərəm və poliomielitə qarşı peyvənd vurulur. İki aylıq müddətdə uşağa 5 xəstəliyə - difteriya, göy öskürək, tetanus, pnevmokok, hemofil çöplərinə qarşı vaksın vurulur. 1 yaşında uşaqlar qızılca, məxmərək və parotitə qarşı peyvənd olunur. Bundan sonrakı dövrlərdə revaksinasiya, yəni peyvəndin möhkəmləndirilməsi həyata keçirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG