MSK: 26.88 faiz
Mərkəzi Seçki Komissiyası bu gün, dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı növbəti açıqlamasını yayıb.
MSK-dan açıqlanan rəqəmlərə görə, saat 15:00-a qədər seçkidə seçicilərin 26.88 faizi iştirak edib. Qurumdan vurğulanıb ki, həmin vaxta qədər 1336733 nəfər səs verib.
Bələdiyyə sədrinin müşahidəçini hədələdiyi bildirilir
13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə hazırkı bələdiyyə sədri olan Mirbaba Hüseynovun müşahidəçi Asif Cəfərova təzyiq etdiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna A.Cəfərovun özü məlumat verib. A.Cəfərov namizədlərdən Rafiq Əliyevin müşahidəçisidir. Onun sözlərinə görə, insident 13 saylı Xəzər-Pirallahı seçki dairəsinin 9 saylı seçki məntəqəsində baş verib: «Mən gördüm ki, seçki komissiyanın üzvü seçki kabinəsinə daxil olub seçicilərə nəsə izah edir, ya da öyrədir. Sonra isə Mirbaba müəllim mənə zəng vurub hədələdi. Mən orada nə Mirbaba müəllimə, nə də digər namizədə qarşı heç nə etməmişəm. İstəyirdim ki, seçkilər şəffaf keçsin. Ancaq Mirbaba müəllimin mənə qarşı etdiyi təzyiqi bilmirəm necə dəyərləndirim?».
«Turan» agentliyinin məlumatına görə, 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən bildirilib ki, onlar bu deyilənlərdən xəbərsizdirlər: «Məsələni araşdıracağıq. Qanun pozuntusu varsa, tədbir görüləcək».
Bələdiyyə sədri M.Hüseynovdan isə məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb. M.Hüseynovla telefon vasitəsilə əlaqə saxlasaq da, o, sualı eşidən kimi əlaqəni kəsib.
MSK: 30.57 faiz
Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı saat 17:00-a olan seçici fəallığını açıqlayıb.
MSK-dan bildirilib ki, həmin vaxta qədər 1520133 nəfər səs verib.
Bu da seçicilərin 30.57 faizinin səsverməyə qatıldığı anlamına gəlir.
Müşahidəçilər: 'Bizi polis vasitəsilə məntəqədən uzaqlaşdırırlar'
24 saylı Nizami birinci seçki dairəsinin 1, 2, 3 və 4 saylı məntəqələrində müşahidəçilərin polis vasitəsilə məntəqələrdən uzaqlaşdırılmasına cəhdlər olduğu bildirilir .
Bu barədə «Turan» agentliyinə müşahidəçilər məlumat verib.
Xəbər verildiyinə görə, müşahidəçilər vətəndaşların seçkilərdə təkrarən səs verməsinin qanun pozuntusu olduğunu dediklərinə görə təzyiqlərlə üzləşiblər: «Çoxlu sayda karuselin (bir neçə şəxsin bir yox bir neçə məntəqədə səs verməsi) baş verməsinə imkan verməmişik. İndi isə bizi səs saymadan əvvəl buradan uzaqlaşdırmaq istəyirlər. Məntəqəyə polislər girib».
Məsələ ilə bağlı 24 saylı Nizami birinci seçki dairəsinin sədri Niyazi Nəcəfov agentliyə bildirib ki, müşahidəçilərlə heç bir problem yoxdur: «Gəlib müşahidə edə bilərlər. Onlara bir söz deyən yoxdur. Karusel ilə bağlı deyilənlər isə yalandır».
Bu deyilənlərə Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyindən isə münasibət öyrənmək mümkün olmayıb.