MSK: 'Bütün veb-kameralar işləyir'
Seçki eksperti Bəşir Süleymanlı onlayn veb-kameraların işləmədiyini bildirib. Bu barədə o, dekabrın 23-də səhər saatlarında açıqlama verib.
Bununla bağlı «Turan» agentliyinin sualını cavablandıran Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli bunları deyib: «Bütün veb-kameralar işləyir və media təmsilçiləri də buradan müşahidələrini aparırlar».
Az sonra B.Süleymanlı da kameraların işə düşdüyünü açıqlayıb.
Bundan əvvəl MSK-dan açıqlama verilmişdi ki, 1000 seçki məntəqəsində seçki prosesinin canlı izlənilməsi ilə bağlı veb-kameralar quraşdırılıb. Seçkilər ümumilikdə 5049 məntəqəni əhatə edir.
İlham Əliyev səs verib
Dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev də bələdiyyə seçkilərində səs verib.
AZƏRTAC-ın xəbərinə görə, prezident, onun xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər. Onlar həmin məntəqədə səs veriblər.
MSK: 432361 nəfər səs verib
Bu gün, dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-dək seçici iştirakına dair rəqəm açıqlanıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildiriblər.
MSK-dan verilən məlumata görə, seçici fəallığı həmin saatadək 8.51 faiz olub.
MSK-dan deyilib ki, səsvermə hüququna malik 4972356 seçicidən həmin vaxta kimi 423361 nəfər səsvermədə iştirak edib.
Səbaildə vətəndaşların təkrar səs verdiyinə dair iddia var
29 saylı Səbail seçki dairəsinin 5 saylı məntəqəsində vətəndaşların təkrar səs verməyə buraxıldığı bildirilir.
Bu barədə «Turan» agentliyinə həmin dairədən namizəd olan Elgiz Qəhrəman məlumat verib: «Məntəqədə vətəndaşın səs verib-verməməsini yoxlayan xanım mənzil kommunal istismar sahəsinin işçisidir. O, özünün tanıyıb çağırdığı adamlardan bir neçəsini təkrar səsverməyə buraxır. Məni görüb tanıdı, məndən sonra gələnləri geri göndərdi».
29 saylı Səbail seçki dairəsinin sədri Cahangir Məmmədov isə «Turan» agentliyinə deyib ki, məsələ araşdırılıb: «Mən indi dediyiniz məsələni araşdırdım. Belə bir şey yoxdur. Veb-kamera vasitəsilə həmin məntəqəni izləyirəm. Bu məlumat təxribat xarakterlidir və seçkilərə qarşı yönəlib».