MSK: 'Bütün veb-kameralar işləyir'
Seçki eksperti Bəşir Süleymanlı onlayn veb-kameraların işləmədiyini bildirib. Bu barədə o, dekabrın 23-də səhər saatlarında açıqlama verib.
Bununla bağlı «Turan» agentliyinin sualını cavablandıran Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin rəhbəri Şahin Əsədli bunları deyib: «Bütün veb-kameralar işləyir və media təmsilçiləri də buradan müşahidələrini aparırlar».
Az sonra B.Süleymanlı da kameraların işə düşdüyünü açıqlayıb.
Bundan əvvəl MSK-dan açıqlama verilmişdi ki, 1000 seçki məntəqəsində seçki prosesinin canlı izlənilməsi ilə bağlı veb-kameralar quraşdırılıb. Seçkilər ümumilikdə 5049 məntəqəni əhatə edir.
«Seçki prosesinin şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb». Bunu da dekabrın 23-də keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
O bildirib ki, məntəqələrdə müşahidəçilər və kütləvi informasiya vasitələri (KİV) işçilərinin peşə fəaliyyətlərini qanunvericiliyin tələbinə uyğun həyata keçirmələri üçün bütün şərait yaradılıb: «Həmçinin, hər bir şəxs MSK-nın rəsmi saytına daxil olaraq seçkiləri onlayn izləyə bilər. Hesab edirəm ki, seçki prosesinin şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb».
«Şəffaflıq maksimum səviyyədə təşkil olunub». Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün, dekabrın 23-də keçirdiyi mətbuat konfransında deyib.
M.Pənahov vurğulayıb ki, əgər hansısa bu və ya digər xoşagəlməz hallarla bağlı MSK-ya müraciət daxil olarsa, dərhal Seçki Məcəlləsinin tələbinə uyğun addımlar atılacaq: «İndiyə qədər MSK-ya hansısa rəsmi müraciət daxil olmayıb. Ancaq qaynar xətt vasitəsilə müəyyən müraciətlər daxil olub. Onlar da texniki xarakter daşıyıb və dərhal həllini tapıb...».