Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:01

Azərbaycan-Ermənistan sərhədində nə baş verir?


Sərhəd
Sərhəd

Yanvar ayından indiyə kimi Azərbaycanın Ermənistanla sərhəd bölgəsində, daha dəqiq ifadə etməli olsaq, Qazax rayonu Quşçu-Ayrım istiqamətində üç əsgər həlak olub. Sonuncu əsgərin martın 5-də Ermənistan tərəfdən snayperdən açılan atəş nəticəsində öldüyü bildirilir.

«Bu, Ermənistanı narahat edir»

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruca görə, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, müasir müdafiə tələblərinə cavab verməsi prosesi bütün istiqamətlər üzrə gedir və bu da Ermənistanı narahat edir.

Z.Oruc
Z.Oruc

O deyir ki, Azərbaycanın, bütün istiqamətlərdə olduğu kimi, Qazax-Gədəbəy istiqamətində də Silahlı Qüvvələr gücləndirilib, üstəlik, bu istiqamətdə sərhəd qoşunları da ön cəbhəyə yerləşdirilib. Z.Oruc müasir müdafiə sisteminin tam təmin edilməsi üçün lazım olan bütün hərbi qurğu və vasitələrin Silahlı Qüvvələrin sərəncamında olduğunu vurğulayır.

«Həm hərbi balans Azərbaycanın xeyrinə dəyişib, həm də Azərbaycan tərəf sübut edib ki, müharibə və münaqişə təhlükəsi təkcə Qarabağ separatçılarından qaynaqlanmır, bunun mənbəyi həm də dövlət olaraq Ermənistandır. Bu fonda Azərbaycan ordusunun belə gücləndirilməsi Ermənistanı ciddi narahat edir», - Z.Oruc belə deyir.

Əsgər ölümlərinə gəlincə, STM rəhbərinin qənaətincə, bu, zaman-zaman baş verən təxribatdır: «Ermənistanın məqsədi Azərbaycanı lokal da olsa, toqquşmaya cəlb etməklə atəşkəsə əməl etməməkdə, sülh istəməməkdə günahlandırmaq cəhdidir. Amma bu, baş tutan məsələ deyil. Dünya bilir ki, işğalda olan Azərbaycan torpaqlarıdır. Odur ki, Ermənistan hərbi qüvvələri bu torpaqları tərk etməlidir. Məsələ həllini beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bunun başqa yolu yoxdur».

İ.İsmayıl
İ.İsmayıl

«Bu addımı atmazdan öncə düşünülməli idi»

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə ona diqqət çəkir ki, müəyyən dövrdən sonra Azərbaycan-Ermənistan sərhədlərinin qorunması sərhəd qoşunlarına tapşırıldı və müəyyən aktivlik oldu: «Amma bu istiqamətdə itkilər verildiyinə görə bu addımı atmazdan öncə düşünülməli idi, «Qarabağ cəbhəsi durduğu yerdə sərhəddə əməliyyat keçirməyə və ya xüsusi işlər görməyə dəyərdimi» sualına cavab verilməli idi».

İ.İsmayıl hesab edir ki, Ermənistan bu istiqamətdə təxribat törətməklə iki məqsəd güdür: «Atəşkəsi pozmaq təxribatları ilə Ermənistan, bir tərəfdən, Azərbaycan sərhədlərini tanımaq istəmədiyini göstərir. Digər tərəfdən, dünyaya Azərbaycanın Qarabağ məsələsindən əlavə də iddiaları olduğu görüntüsü yaratmaq istəyir».

2020-ci il yanvarın 7-də, fevralın 23-də və martın 5-də olmaqla Quşçu-Ayrım istiqamətində üç Azərbaycan əsgəri həlak olub. Azərbaycan tərəfi bu ölümlərə görə bütün məsuliyyətin Ermənistan siyasi rəhbərliyinin üzərində qaldığını bəyan edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığına kimi Dağlıq Qarabağ bölgəsi, bura bitişik 7 rayon işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG