Britaniyanın Baş naziri Boris Conson mayın 3-də Ukrayna Ali Radasına videomüraciətində bu ölkəyə 300 milyon funt-sterlinq (376 milyon dollar) dəyərində hərbi yardım göstəriləcəyini bəyan edib.
“Biz uzunmüddətli məqsədimizə çatana, Ukraynanı heç kəsin bir daha hücum etməyə cəsarət göstərməyəcəyi həddə gücləndirənəcən silahlarla, maliyyə və humanitar yardımla təmin edəcəyik”, – Conson deyib.
***
Rusiya ordusu Mariupoldakı Azovstal polad zavoduna hücumları bərpa etdiyini bildirib. Rusiya Müdafiə Nazirliyinin məlumatıa görə, “Rusiya ordusunun və Donetsk Xalq Respublikasının bölmələri artilleriya və təyyərələr vasitəsilə” Ukrayna hərbçilərinin “atəş açan mövqeləri”ni “dağıtmağa başlayıb”.
“Donetsk Xalq Respublikası” Ukraynanın şərqində separatçıların qurduğu qondarma qurumdur.
Odessa strateji liman şəhərində, eləcə də Ukraynanın şərqində döyüşlər davam edir. Odessaya Rusiyanın zərbəsində 15 yaşlı oğlan öldürülüb.
Ukrayna ordusunun mayın 3-də yaydığı məlumata görə, Ukraynanın ikinci böyük şəhəri Xarkov da atəş altındadır.
***
Ukraynanın mühasirədə olan Mariupol liman şəhərindəki Azovstal polad zavodunda azı 200 dinc sakin qalıb. Bunu şəhərin meri Vadim Boyçenko mayın 3-də deyib.
Onun sözlərinə görə, Marupolda 100 minədək dinc sakin var. Müharibədən öncə şəhər əhalisinin sayı 400 minə yaxın idi.
Bir milyondan artıq ukraynalı Rusiyaya aparılıb
Mayın 1-də Mariupoldan 100-dək ukraynalı çıxaraq 230 km cənubşərqdə yerləşən Zaporojye şəhərinə gedib. Ancaq mayın 2-də Rusiya Azovstalı yenidən atəşə tutduğundan dinc sakinlərin evakuasiyası alınmayıb. Bu dəmir polad kompleksi ukraynalı döyüşçülərin son istehkamına çevrilib.
Rusiyanın TASS dövlət xəbər agentliyi isə mayın 3-də Müdafiə Nazirliyinə istinadla bildirib ki, son iki ayda Ukraynadan Rusiyaya 1 milyondan artıq insan, o cümlədən 200 minədək uşaq aparılıb.
Nazirliyin rəsmisi dinc sakinlərin Ukraynanın şərqində Donetsk və Luhansk vilayətlərinin “təhlükəli yerlərindən Rusiya Federasiyası ərazisinə köçürüldüyünü” bildirib. Sözügedən ərazilər Rusiyanın nəzarətindədir.
Conson əlavə yardımı elan edəcək
Mayın 3-də Britaniyanın Baş naziri Boris Conson Kiyevdə parlamentə müraciətində Ukraynaya əlavə hərbi yardımla bağlı açıqlama verəcək. Rusiya Ukraynaya qarşı səbəbsiz müharibəyə başlayandan ilk dəfədir xarici ölkə başçısı Ukrayna parlamentində çıxış edəcək.
Videoəlaqə vasitəsilə çıxışda Consonun Kiyevə əlavə 300 milyon funt-sterlinq (376 milyon dollar) məbləğində hərbi yardım elan edəcəyi gözlənir.
Britaniya indiyədək Ukraynaya raketlər, raket buraxıcıları göndərib. Yeni yardıma isə elektron hərbi avadanlıq, batareya əleyhinə radar sistemi, GPS boğucu sistemi, minlərlə gecəgörmə cihazı daxildir.
Consonun çıxışında 2-ci dünya müharibəsi lideri Uinston Çörçilin 1940-cı ildəki çıxışına istinad edəcəyi bildirilir. O zaman Britaniya nasist Almaniyasının hücumuyla üzləşmişdi.
Yeni sanksiyalar gəlir
Avropa Komissiyasının isə yeni tədbirlər paketini, o cümlədən Rusiya neftinə embarqo açıqlayacağı gözlənir. Sanksiyalara ölkənin ən böyük bankı Sberbank da daxildir. Onun SWIFT qlobal bankçılıq kommunikasiyası sistemindən çıxarılacağı gözlənir. Bunu adının çəkilməsini istəməyən diplomatlar deyib.
Bu arada Birləşmiş Ştatlar xəbərdarlıq edib ki, Moskva Ukraynanın şərq regionlarını rəsmən ilhaq etməyi planlaşdırır. ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenterin sözlərinə görə, Rusiya şərqi Donbas regionundakı Luhansk və Donetskin referendumlar yoluyla ilhaqını nəzərdə tutur.
Rusiya fevralın 24-də Ukraynanın işğalına başlayanda şimaldakı Kiyev və Çerniqov vilayətlərində sərt müqavimətlə üzləşib. Sonradan Rusiya qüvvələri ölkənin cənub və şərqinə yönəldilib.
Rusiya bu əraziləri tutmaqla 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krım arasında quru əlaqəsi qurmaq istəyir.