Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:52

'Azərxalça' sənaye parkına girmək istəyir


İ.Əliyev Xalçaçılıq Muzeyində
İ.Əliyev Xalçaçılıq Muzeyində

Ötən ilin mayında qurulan və səhmlərinin 100 faizi dövlətə məxsus «Azərxalça» Açıq Səhmdar Cəmiyyəti 2019-cu ilin sonunadək xalçaçılıq sexlərinin sayını 30-a çatdırmağı nəzərdə tutur. Amma planlar bununla yekunlaşmır. Sumqayıt Kimya Sənaye Parkında (SKSP) gələn ilin sonunadək ASC-nin əyirici-boyaq fabriki də tikilə bilər.

«Azərxalça» ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov mediaya açıqlamasında deyib ki, İqtisadiyyat Nazirliyi ilə birlikdə fabrikin yaradılması istiqamətində işlər görülür. İl ərzində 52 rayondan 1000 ton yunun tədarükü, istehsal olunacaq məhsulun həm «Azərxalça»nın filiallarında istifadəsi, həm də ölkənin özəl xalçaçılıq müəssisələrinə satılması nəzərdə tutulur. «Azərbaycan boyaq maddələrin hazırlanması üçün yetərincə zəngin təbii ehtiyatlara malikdir. Müəssisənin yaradılması yun və təbii boyaq maddələrinin idxalından asılılığı aradan qaldıracaq», – V.Muradov bildirib.

NAZİM BƏYDƏMİRLİ: «BU, NÖVBƏTİ QEYRİ-ADEKVAT ADDIMDIR»

Bəs SKSP-də dövlətə məxsus bir şirkətin zavod-fabrik qurması real iqtisadiyyata sərmayələrin cəlb olunması məqsədilə elə həmin dövlətin yaratdığı sənaye parklarının fəlsəfəsinə uyğundurmu? Suala iqtisadçı-ekspertlər cavab verirlər.

İqtisadçı Nazim Bəydəmirli «Azərxalça» ASC-nin sənaye parkına onun rezidenti statusu ilə daxil olmaq planlarını «qeyri-adekvat qərar» kimi qiymətləndirir. Onun fikrincə, bu cür addımlar iqtisadi islahatların imitasiyası haqda təsəvvürləri möhkəmləndirir, situasiyaya uyğun kadrların çatışmamasından irəli gəlir.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

«Dövlət bazar iqtisadiyyatı şəraitində hər hansı bir kommersiya ilə məşğul olursa, bu, rəqabətli mühitin yaradılmasına maneədir, büdcə vəsaitlərinin səmərəsiz xərclənməsidir. «Azərxalça» sənaye üsulu ilə əmtəəlik məhsul istehsal etmək istəyirsə, buna normal baxmaq olardı. Lakin hesab edirəm ki, bu kommersiya fəaliyyəti ilə özəl şirkətlər məşğul olsa, daha doğru olar». Nazim Bəydəmirlinin sözləridir.

Ekspert əlavə edib ki, son iki ildə büdcə hesabına müxtəlif səhmdar cəmiyyətlərin yaradılması narahatlıq yaradır. Axı, süni yolla yaradılan həmin müəssisələrin növbəti mərhələdə əlavə imtiyaz istəməsi onların rəqabətə davam gətirəcək əmtəə istehsal edə biləcəyini bəri başdan şübhə altına salır.

QADAĞAN EDƏN NORMA YOXDUR, AMMA...

Onun həmkarı – Natiq Cəfərli sənaye parklarının daxilində 100 faiz dövlətə məxsus istehsal müəssisəsinin yaradılması ilə bağlı hüquqi sənədlərdə məhdudlaşdırıcı normanın olmadığını deyir: «Sənaye parklarının yaradılmasının məqsədi yerli və əcnəbi sahibkarların iştirakıyla sənaye müəssisələri yaratmaq və ölkənin ixracat potensialı artırmaqdır. Şəxsən mən «Azərxalça»nın yunəyirici və boyaq fabriki qurmasını effektiv addım hesab etmirəm».

ƏSAS ÜSTÜNLÜK – VERGİ VƏ GÖMRÜK GÜZƏŞTLƏRİ

Yeni qurulacaq fabrikin sərmayə ehtiyacları, onun maliyyələşdirmə mənbələri haqda AzadlıqRadiosunun suallarına «Azərxalça» ASC-də cavab verməyiblər.

Sənaye və texnologiya parklarının yaradılmasına 2011-ci ilin dekabrından başlanıb. İndiyədək 4 sənaye və 2 texnologiya parkı təsis olunub. Qaydalara görə, onların rezidentlərinə 7 il müddətinə əmlak, torpaq və mənfəət vergilərində güzəştlər verilir. Burada qurulacaq müəssisələrin texnoloji avadanlıqları və qurğuları ƏDV-dən və gömrük rüsumundan azad olunurlar.

Hazırda SKSP-də 10 şirkətə rezident statusu verilib. Onlardan yalnız birində («SOCAR Polymer» MMC) dövlət müəyyən paya sahibdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG