Keçid linkləri

2017, 22 İyun, Cümə axşamı, Bakı vaxtı 18:22

'Azəriqaz'ın 'romantik' melodiyaları abonentləri qəzəbləndirib


«Azəriqaz»

«Bu gün düz 1 ay tamam olur ki, evlərimizə qaz gəlmir. Hündürmərtəbəli binalarda qaz balonlarından istifadə etmək məcburiyyətindəyik. Son vaxtlar eşidirik orda qaz partladı, burda insanlar zəhərləndi... İranın istehsalı olan bu balonlara etibar yoxdur. Çox adam düzgün istifadə qaydasını da bilmir. Bizi göz görə-görə ölümə sürükləyirlər».

Vəli Məstəliyev Təhsil Nazirliyinin yaxınlığında, Xətai prospektində yaşayır. AzadlıqRadiosuna deməsinə görə, 1 aydır ərazidəki binalar qazsız qalıb. Sakinlər səbəbləri öyrənmək üçün «Azəriqaz»ın qaynar xəttinə zəng etsələr də, qulaqları melodiyadan başqa heç nə eşitmir.

Buna da bax-Qaz var və qaz yoxdur

«ÖZÜMÜZ EVDƏ QAZ YANDIRIRIQ Kİ?»

Vəli Məstəliyev «Telefon xəttində gözləyin, elə sizinlə danışa-danışa yenə zəng vururam», – deyib başqa telefonla harasa zəng vurur və səsgücləndiriciyə keçirir. Telefon xəttinin o başından ahəstə romantik melodiya eşidilir. Müsahibim qəzəblə sözünə davam edir: «Bax, bunlar bizi beləcə ələ salırlar. 1 aydır qulaqlarımız melodiya eşitməkdən bezib. Biz dərdimizi kimə deyək?».

Beləcə, abonentlərə nə qəza xidməti, nə də qaynar xətt xidmət göstərmir.

Eyni ünvanda yaşayan başqa sakin Ləman Məmmədova mavi yanacaq tələbi ilə rayon qaz idarəsinə getdiyini və qovulduğunu bildirir: «Dedilər, «özümüz evimizdə qaz yandırırıq ki, bir sən də üstümüzə gəlmisən? Qəza olub, nə vaxt düzələcək, qaz da olacaq». Başa düşmürəm, 1 ay ərzində bu qəza aradan qaldırılmadı ki? Bayram qapıdadır, bayram taamlarımız hələ də hazır deyil. Bir qazan aş dəmləməyə yanacağımız yoxdur».

Buna da bax-Qonşular olmasaydı, çoxdan donmuşduq

«BU SÖHBƏT OLA BİLMƏZ»

Nərimanov rayon Qaz İdarəsindən «Qaynar xətt»ə bildirilib ki, qeyd olunan ərazilərdə söküntü planına gedən evlər olduğundan ərazidəki bəzi ünvanlara qaz verilişi dayandırılıb. Ancaq bunu bütün ünvanlarla bağlı demək olmaz: «Təzyiq aşağı ola bilər, ancaq «yerli-dibli qaz yoxdur» söhbəti ola bilməz. Qaynar xətt də, qəza xidməti də günün 24 saatı abonentlərin xidmətindədir».

Əsasən qış aylarında AzadlıqRadiosunun «Qaynar xətt»inə mavi yanacaqlarla bağlı çoxlu şikayətlər daxil olur. Azərbaycanda təbii qazla təminata beş dövlət orqanı – «Azəriqaz» İB, Qaz Nəzarəti Müfəttişliyi, Qaz Nəzarəti İdarəsi, Yanğından Mühafizə İdarəsi və Energetika Nazirliyi nəzarət edir. Ekspertlər hesab edirlər ki, bu qurumların fəaliyyəti əhalinin mavi yanacaqla təminatına yetərli deyil.

Sənin fikrin

Şərhləri göstər

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG