Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

‘Azərenerji’yə daha 30 milyon manat ayrıldı


İlham Əliyev Mingəçevir Su Elektrik Stansiyasında (Foto arxivdəndir)
İlham Əliyev Mingəçevir Su Elektrik Stansiyasında (Foto arxivdəndir)

Azərbaycanda elektrik enerjisi istehsalının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Prezident İlham Əliyev bu gün, dekabrın 17-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda Azərbaycanın elektrik enerjisi sisteminin əsas generasiya mərkəzləri olan “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarının real generasiya güclərinin artırılması nəzərdə tutulur.

Sənədə əsasən, adları çəkilən elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə (ASC) 30 milyon manat ayrılacaq.

Prezident İlham Əliyev bu il bundan öncə, oktyabrın 30-da “Azərenerji” ASC-yə dövlət büdcəsindən 48 milyon manat ayrmışdı

Sərəncamda bu “Azərbaycan” (Mingəçevir şəhərində yerləşir) İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilən nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə izah edilirdi.

Daha sonra isə o, noyabrın 30-da Azərbaycandakı bəzi kiçik və orta elektrik stansiyalarının təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalamışdı.

Həmin sərəncam “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işləri görülməsi məqsədi ilə “Azərenerji” ASC-yə 12 milyon manatın ayrılmasını nəzərdə tuturdu.

Xatırlatma

Bu il Mingəçevir İstilik Elektrik Stansiyasından (İES) bir neçə dəfə həyacanlı xəbərlər gəlib. İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İES-də qəza baş verdiyi bildirilirdi.

Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. Yalnız iyulun 3-ü səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.

Ancaq iyulun 3-ü saat təqribən 18-45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik kəsilib.Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilib. Yalnız gecə saatlarında Bakıda və bölgələrdə elektrikin böyük ölçüdə bərpa edildiyi açıqlanıb.

Həmin qəzalar zamanı bəzi ekspertlər vurğulayırdılar ki, bu sektora böyük pullar xərclənib və həmin vəsaitlərdən səmərəli istifadə edilməyib.

“İndi sual olunur ki, elektrik enerjisi təsərrüfatına son 15 ildə 5 milyard dollar investisiya yatırılan olkədə bir mühəndis səviyyəsində adam olmayıb durub desin ki, enerjinin paylanması və avtomatik idarəedilmə infrastrukturunu da yaratmaq lazımdır”, deyə ekspertlərdən İlham Şaban sual edirdi.

XS
SM
MD
LG