Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:15

Boşanmaq üçün pul tapmaq boşanmaqdan çətindir


Sosial şəbəkələrdə yeni kampaniya: Kimlərə azadlıq tələb edilir?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Sosial şəbəkələrdə yeni kampaniya: Kimlərə azadlıq tələb edilir?

İnsanın həyatındakı ən ağrılı və çətin vaxtlardan biri də boşanmaq qərarının verilməsidir. Amma Azərbaycan reallığında bu çətin qərarın həyata keçirilməsi daha müşkül məsələyə çevrilir.

Bir çox hallarda boşanmaq istəyənlər pul tapmırlar ki, vəkil tutsunlar, məhkəməyə ərizə versinlər.

Hüquqşünas Elman Fəttah deyir ki, Azərbaycanda, xüsusilə də regionlarda belə hallar çoxdur - adamlar yoxsulluqdan sadə vəkil xidmətindən yararlanmaqda çətinlik çəkirlər.

“Hətta mənim də belə qohumlarım var, hal-hazırda məndən xahiş ediblər, ərizə hazırlayıram. Mən vəkillər Kollegiyasının üzvü olmadığım üçün onu təmsil edə bilməyəcəm, Sırf maddi imkansızlıq ucbatından boşanma işində vəkilsiz iştirak etməli olacaq. Çünki minimal xərcləri, bir neçə yüz manatlıq xərcləri ödəmək imkanından məhrumdur. Azərbaycanın regionlarında xüsusilə də bu sahədə vəziyyət həddindən artıq pis vəziyyətdədir. Onlar ən ucuz hüquqi xidməti əldə etmək üçün vəsaitə sahib deyillər”.

Hüquqşünas Səməd Rəhimli deyir ki, hazırda, Bakıda mülki işlər üçün iddia ərizəsi yazmağın qiyməti 100 manat civarında, işə çıxmaq xidmətinin qiyməti 700-1000 manat civarında dəyişir, cinayət işi üçün bu qiymət vəkildən asılı olaraq bir qədər çoxdur.

Səməd Rəhimli
Səməd Rəhimli

Səməd Rəhimli deyir ki, mülki işlərdə vəkillik xidmətinin qiyməti 2017-ci ildə, nümayəndəlik institutu ləğv edildikdən sonra, vəkil sayı da az olduğundan iki dəfəyə qədər bahalaşdı. Həmin dəyişiklikdən sonra Vəkillər Kollegiyasının üzvü olmayan nümayəndələrin mülki işlərdə təmsilçiliyinə qadağa qoyuldu.

Bakı sakini İradə Qafarova deyir ki, bugünlərdə ailəsinin vəkilə ehtiyacı olub, amma pul dərdindən müraciət etməyib:

“Qızım torpaq almışdı, sənədlərində problem var idi. Bir idarədən digərinə göndərirlər. Qızıma dedim ki, vəkilə müraciət edək, dedi ki, bununçün də pul ödəmək lazımdır, bizim imkanımız yox idi, ona görə də qərara gəldik ki, müraciət etməyək”.

Əslində, dövlət vəkil xidmətlərinin bir qismini qarşılayır. Amma məsələn, mülki işlərdə dövlət vəkili almaq üçün gərək iş gəlib Ali Məhkəməyə çıxsın. Başqa sözlə, boşanma işi yalnız Ali Məhkəmə mərhələsinə çatanda dövlət vəkilinin xidmətindən istifadə etmək olur. Hüquqşünas Səməd Rəhimli deyir ki, dövlətin bu sistemi səmərəli deyil, həm xidmət keyfiyyətli olmur, həm də, xüsusilə də cinayət işlərinə çıxan dövlət vəkilləri müştəridə etimad doğurmaya bilir.

Tanınmış vəkil Fuad Ağayev deyir ki, Azərbaycanda vəkil xidmətinin qiyməti işin mahiyyətindən, vəkilin təcrübəsindən asılı olaraq dəyişir, amma vəkil xidmətinə çıxmağın çətinliyi yalnız qiymətlərlə bağlı deyil. Vəkil deyir ki, 2017-ci ildə nümayəndəlik institutunun ləğv olunması ilə hüquqi müdafiəyə çıxış imkanı da azaldı:

“Əsas problem süni olaraq yaradıldı və digər ali təhsilli hüquqşünaslara faktiki olaraq nümayəndə qismində çıxış etmək qadağan edildi. Problem burdan doğur, problem ondan doğmur ki, hansısa vəkil çox alır, hansısa vəkil az alır. Fəaliyyətinə görə yüksək məbləğdə pul tələb edən vəkillərin heç də hamısı yüksək ixtisaslı vəkillər deyil”.

Milli Məclisin deputatı Fazil Mustafa AzadlıqRadiosuna müsahibəsində deyir ki, nümayəndəlik institutunun ləğvi vətəndaşların hüquqi xidmətə çıxış imkanını məhdudlaşdırıb. O təklif edir ki, nümayəndəlik institutu bərpa olunsun:

“Nümayəndəlik ləğv edilməməli idi. Bir çox vətəndaşlar artıq öz hüquqlarını müdafiə etmirlər. Çünki xidmət çox bahalıdır. Həm də vəkilin imkanları nümayəndə qədər deyil”.

Bakı vəkillərin ən çox məskunlaşdığı şəhərdir, regionlarda qıtlıq daha çoxdur. Bunu da söhbət etdiyimiz hüquqşünaslar deyir.

Avropa Şurası İnsan Hüquqları Direktorluğunun rəhbəri Kristof Puarel isə keçən ilin noyabrında Bakıda olanda deyib ki, Azərbaycanda hər 100 min əhaliyə 10 vəkil düşür. Bu, Avropa üzrə orta göstəricidən 15 dəfə azdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG