Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 11:35

'Azərbaycanda ən peşəkar vəkilin də prosesi udmaq şansı yoxdur'-Media icmalı


Məhkəmə

Ölkədə beynəlxalq, yerli layihələrin icrası, vəkillik institutunun durumu və bank sektorunun iqtisadiyyata dəstək imkanları medianın aparıcı mövzularındandır...

«İmitasiya»

Azadliq.info saytında «Qanunun tənəzzülündə vəkilliyin inkişafı» sərlövhəli yazı oxumaq olar.

Yazıda dövlət başçısı İlham Əliyevin bu günlər ölkədə vəkillik institutunun inkişafı ilə bağlı sərəncamı fonunda bu sahədə vəziyyət qiymətləndirilir.

Müəllif hesab edir ki, ölkədə rəsmi sənədlər icrasız qalır. Əgər verilən sərəncamlar, yaradılan qurumlar, imzalanan fərmanlar icraya yönəldilsəydi, indi fərqli Azərbaycan olardı:

«Sərəncamlar artdıqca, yeni qurumlar yarandıqca, vəziyyət daha da pisləşir. Çünki hökumətin bütün fəaliyyəti imitasiyadır, real islahatlar üçün siyasi iradə yoxdur».

Yazıda bildirilir ki, məlum sərəncamda vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım alması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi kimi məsələlərdən bəhs edilir:

«Olduqca tragikomik mənzərə yaranıb. Bir tərəfdən bütün müstəqil vəkillər Kollegiyadan çıxarılır, ədalətin təntənəsi üçün çalışan vəkillərə qarşı süni ittihamlar irəli sürülür, o biri tərəfdən vəkilliyin inkişafıyla bağlı sərəncam imzalanır».

Müəllifə görə, qanunların işləmədiyi, hüququn hörmətdən salındığı, müstəqil məhkəmələrin olmadığı ölkədə vəkillik institutunun necə inkişaf edəcəyi düşündürücüdür:

«Dünyanın hər yerində vəkillik ən mötəbər peşələrdən biri hesab olunur. Azərbaycanda isə ən savadlı, peşəkar vəkilin də hər hansı prosesi udmaq şansı yoxdur, çünki ölkədə müstəqil hakim qalmayıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan vətəndaşları öz hüquqlarını qorumaq üçün Avropa Məhkəməsinə pənah aparırlar».

Yazıda vurğulanır ki, Azərbaycanda əksər sahələrdə olduğu kimi, vəkillik sahəsində də irəli getməkdən ötrü peşəkar olmaq yox, hüququn tapdanmasına göz yummağı bacarmaq lazımdır.

Bank borcları üçün hökumət nə edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

«Bank sektorunda böhranın fəsadları»

«Novoye Vremya» qəzetində «Bankların böhranı iqtisadiyyatı da batırır» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, Azərbaycan banklarında kapitallaşma yaxşı durumda deyil və belə olan halda sağlamlaşdırma mümkünsüzdür.

Müəllif vurğulayır ki, «Moody's» beynəlxalq reytinq agentliyinin analitikləri də hazırda Azərbaycan banklarının ölkə iqtisadiyyatını lazimi səviyyədə kreditlə təmin də bilmədiyini nəzərə çatdırıb:

«Bütünlükdə artıq 20 aydır ki, kreditləşmədə tənəzzülü davam edir. Real sektorun kreditləşmə səviyyəsi 2013-cü ilin martından bu yana bu qədər aşağı olmamışdı».

Müəllif hesab edir ki, 2015-ci ildən neftin qiymətinin kəskin enməsiylə başlayan iqtisadi böhran, manatın devalvasiyası və nağd valyuta qıtlığı öz işini görüb:

«Kreditləşmə sürətlə azalmağa başladı. Fiziki şəxslərin kreditləşməsinin tənəzzülü banklara qazanmaq imkanı vermirsə, iqtisadiyyatın kreditləşməməsi bu sahənin inkişaf tempinə əngəl olur».

Yazıda vurğulanır ki, kreditləşmə olmadan qeyri-neft sektorunun inkişafını düşünmək belə mənasızdır. Belədə, iqtisadiyyatın və Ümumi Daxili Məhsulun (ÜDM) artımına nail olmaq mümkün deyil.

Yazıda «Moody's»in 2018-ci ildə ÜDM-nin 1.5 faiz artacağı, iki il ərzində inflyasiyanın 5-6 faizə enəcəyi proqnozuna inamsızlıq bildirilir.

Müəllif qeyd edir ki, artıq 6 aydan çoxdur manat sabit məzənnədədir, amma inflyasiya nəinki enmir, əksinə, istehlak bazarında da, xidmət növlərində də qiymət artımı davam edir.

Yazıda ehtimal edilir ki, manatın məzənnəsinin sabit qalması neftin indiki qiymətinin imkan verdiyi valyuta müdaxiləsinə əsaslanır: «Buna görə də, bu məzənnə qiymətlərin enməsinə təsir göstərə bilmir».

İ.Əliyev Ro-Ro terminalının açılışında
İ.Əliyev Ro-Ro terminalının açılışında

Beynəlxalq və yerli layihələr

«Azərbaycan» qəzetində «Beynəlxalq və yerli layihələr paralel icra olunur» sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin istiqamətlərindən biri də infrastruktur layihələrinin reallaşdırılmasıdır və illər öncə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpası bu məqsədə xidmət edib.

Yazıda vurğulanır ki, sonrakı illər ərzində də beynəlxalq əhəmiyyətli böyük layihələr həyata keçirilib:

«Bu il yanvarın 9-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı oldu. Hazırda kompleksin inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malikdir. Onun yükdaşıma imkanı illik 15 milyon ton yük, o cümlədən 20 futluq 100 min konteynerdir. Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsində bu istiqamətdə görülən işlər həlledici rola malikdir».

Müəllif ölkə miqyasında icra edilən layihələr sırasında Bakı-Yalama, Bakı-Astara dəmir yolunun yenidən qurulmasını, Ağdaşın Ləki stansiyasından Qəbələyə yeni dəmir yolu xəttinin çəkilməsini də göstərir.

Yazıda vurğulanır ki, son 14 ildə hava nəqliyyatı infrastrukturu baxımından ölkədə 7 aeroport tikilib. Bunun 6-sı beynəlxalq əhəmiyyət daşıyır:

«Sosial mahiyyət daşıyan infrastruktur layihələrin icrası da diqqət mərkəzindədir. Ötən il belə layihələrin icrası davam etdirilib. Görülən işlər sayəsində ölkədə elektrik təchizatı yaxşılaşıb, qazlaşdırma 93 faizə çatıb, əlavə 100 min hektardan çox sahə suvarılmağa başlanıb. Son 14 il ərzində 12 min 300 kilometr avtomobil yolu salınıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG