Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 08:56

Azərbaycanda ət qıtlığı yaşanır


«Bu ilin yanvar ayında mal ətinin orta qiyməti 10, qoyun ətinin 11 manat olub. Artıq fevralda qiymətlər azı 1-1.5 manat artıb».

«Turan» Agentliyinin araşdırmasında belə yazılır. Agentlik ət satıcıları arasında sorğu keçirib. Sorğuda iştirak edənlər deyiblər ki, ətin qiymətinin artmasına əsas səbəb qıtlıqdır. Satıcılar istehsalçılara istinadən deyir ki, ölkədə otlaq ərazilər kəskin azalıb. Bu ərazilər inzibati qaydada pambıq, üzüm və digər müxtəlif bitkilərin əkilməsindən ötrü tutulub.

Satıcıların sözlərinə görə, üstəlik, gömrük xərcləri də artıb.

STATİSTİK BİLGİLƏR NƏ DEYİR?

Dövlət Statistika Komitəsinin bilgilərinə görə, Azərbaycan özünü 90 faizdən çox ət və ət məhsulları ilə təmin edir.

Həmin statistikaya əsasən, özünü təminetmə faizi ildən-ilə artır. Əgər 2013-cü ildə Azərbaycan özünü mal əti ilə 86, qoyun əti ilə 97 faiz təmin edirdisə, 2014-cü ildə bu göstəricilərin 87 və 97 faizə yüksəldiyi bildirilir. 2015-c ildə bu göstəricilərin bir qədər də artdığı açıqlanıb.

Nazirlər Kabinetinin minimal istehlak səbəti ilə bağlı 2014-cü ildəki qərarına əsasən, orta hesabla adambaşına ət tələbatı 29.4 kq təşkil etməlidir. Bu rəqəmə əsasən, ölkədə minimal ət tələbatı 285.3 tondur. Başqa sözlə, statistikaya inansaq, təkcə daxili istehsal tələbatı təxminən iki dəfə ödəməlidir. Yəni, statistika iddia edir ki, adambaşına 58 kq ət düşür.

Ancaq sorğuda iştirak edən sadə vətəndaşlar göstərilən rəqəmdən az ətlə qidalandıqlarını bildiriblər. Sorğuda iştirak edən orta qazanclı 4 nəfərlik ailə ayda 4 kq, yaxud ildə adambaşına 12 kq ət yediklərini bildiriblər. Bu da minimal istehlak səbətinin tələbindən 2.5 dəfə azdır.

EKSPERTLƏR RƏSMİ RƏQƏMLƏRƏ ETİBAR ETMİR

Ancaq ekspertlər ət istehsalı ilə bağlı rəsmi rəqəmləri yanlış hesab edir. İqtisadi Tədqiqatlar Mərkəzinin departament rəhbəri Valeh Məhərrəmov qeyd edib ki, Dövlət Statistika Komitəsinin rəqəmləri həddən artıq şişirdilib, ikincisi də orda heyvanların diri çəkisi qeyd olunub.

Onun fikrincə, əgər diri çəki ətə çevrilsə, istehsal 250 min ton təşkil edir. İdxalla birgə bazarın ümumi həcmi 260 min tondan artıq deyil. Rəsmi rəqəmlərə əsasən, ölkədə 8.8 mln xırdabuynuzlu və 2.7 mln iribuynuzlu heyvan var. «Ölkədə heyvanların identifikasiyası həyata keçirilməyib və bu rəqəmin haradan götürüldüyü məlum deyil», - deyə o bildirib.

Ekspertin fikrincə, əslində, ət istehsalı hətta minimal istehlak səbətində göstərilən rəqəmi də ödəmir. «Əgər beynəlxalq standartları götürsək, ondan çox uzaqdayıq. O, 2.9 dəfə azdır. Beynəlxalq Səhiyyə Təşkilatı hesab edir ki, illik istehlak adambaşına 84 kq təşkil etməlidir. Məsələn, Rusiyada ət istehsalı adambaşına 70 kq təşkil edir və onlar bunu 84 kq-a çatdırmağı qarşılarına məqsəd qoyub», - deyə o bildirib.

V.Məhərrəmov qeyd edib ki, hazırda paradoksal vəziyyət yaranıb - əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb, tələbat azalıb, ancaq ətin qiyməti qalxır. «Ət qıtlığı göz qabağındadır. Otlaq sahələri azalır. Son 3 ildə əkinə əlavə 100 min hektar otlaq sahəsi ayrılıb. Yaxın vaxtlarda əkinə daha 50 min hektar otlaq sahəsinin ayrılması nəzərdə tutulur», - deyə o bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG