Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti, əmək hüquqlarının pozulması, yolların təmir-tikinti işlərindən şikayətlər və başqa məsələlər medianın aparıcı mövzularındandır...
“Bunun bir adı var: istismar”
“Modern.az” saytında “Qızmar istidə asfalt döşəyənlər - Hüquq müdafiəçisi: “Bunun bir adı var: istismar!” sərlövhəli yazı oxumaq olar.
Yazıda bildirilir ki, iyunun 27-dən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda təmirə başlayıb.
Müəllifin qeyd etməsinə görə, bu təmir işi bir tərəfdən nəqliyyatın hərəkətini iflic edib, digər tərəfdən isə 41 dərəcənin üzərində temperatur olduğu halda açıq havada işçilərə iş gördürülür.
Yazıda belə yüksək istidə əməkçilərin açıq havada işlədilmələsinin əmək qanunvericiliyinə uyğun olub-olmaması rəsmi qurumların təmsilçiləri və hüquq müdafiəçiləri ilə təhlil edilib.
“Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, hərarət + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada, sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır”, bunu sayta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.
Müəllif yazıb ki, Agentlik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) temperaturun kəskin yüksələcəyi ilə bağlı xəbərdarlığını belə nəzərə almayıb:
“Baxmayaraq ki, havalar çox istidir, amma iyunun 27-dən başlayaraq, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda təmir başlandı. Eyni zamanda şəhərin müxtəlif nöqtlərində aparılan tikinti işləri dayandırılmadı”.
Əmək hüquqlarını müdafiə üzrə ekspertlər də deyirlər ki, hava şəraiti uygun deyilsə işlər dayandırılmalıdır:
“Ümumilikdə, temperaturun yüksəlməsi saat 11-dən 17-ə qədər mümkündür. Həmin vaxt müşahidə aparmaq lazımdır ki, iş davam edir, yoxsa dayanıb. Əminəm ki, heç yerdə iş dayandırılmır. Agentliyə gəldikdə isə, yolları bağlayıb camaatı incitməklə məşğuldurlar”, deyə ekspertlərdən biri vurğulayıb.
Deputatların gileyləri...
“Qafqazinfo.az” saytında “Sumqayıt yolunun təmirində “pul yemək” məqsədi var” sərlövhəli yazı yer alır.
Yazıda qeyd edilir ki, Milli Məclisin iyunun 29-da keçirilmiş növbədənkənar iclasında deputatlar son günlər Bakı-Sumqayıt yolunda yaranan tıxac fonunda bir sıra məsələləri gündəmə gətiriblər.
Yazıda vurğulanır ki, deputat Fazil Mustafa müzakirələrdə “Bakıxanov” istiqamətində metro stansiyası açılacağı barədə iki ildir söz-söhbət getdiyini yada salıb:
“Amma bu iki ildə büdcədən metro stansiyası çəkilişi üçün vəsait ayrılmır. Baxmayaraq ki, indi (yəni, iyunun 29-da) təsdiq etdiyimiz büdcə 2 milyard artırılıb. Stansiyalar çəkilməsə, bir ildən sonra Bakı fəlakətli vəziyyətdə olacaq”.
F.Mustafa yol təmiri zamanı Xırdalan yolunun bağlanması ilə Bakıda hərəkətin iflic hala düşməsinə toxunaraq deyib ki, imkan varkən metro stansiyaları tikintisi həyata keçirilməlidir.
Yazıda bildirilməsinə görə, deputat Fəzail Ağamalı isə “20 Yanvar”- Masazır istiqamətində yollardakı halı “dəhşətli vəziyyət” kimi dəyərləndirib:
“Elə bir vəziyyətdir ki, söz tapıb deyə bilmirsən. Alternativ yollar da yoxdur. Həmin yol 4 il bundan qabaq çəkilib. Mən tam məsuliyyətlə deyirəm ki, o yolda çat yox idi. Orda yəqin ki, pul yemək, başqa məqsədlər var idi”.
Yazıda bildirilir ki, deputat Cavid Qurbanov isə həmkarlarının ittihamları ilə razılşmayıb. C.Qurbanov həmkarlarını ədalətli olmağa çağırıb və yolların genişləndirilməməsinin səbəblərini göstərib:
“Bakının hər bir tərəfi su ilə əhatə olunduğundan yolları genişləndirmək olmur: Buna görə də problemlər yaranır...”
“Enerji təhlükəsizliyi abidəsi”
“Azərbaycan” qəzetində isə “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi abidəsinə çevriləcək” sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, Azərbaycan qazını Avropaya nəql etməsi baxımından “Cənub Qaz Dəhlizi” (CQD) nəhəng layihələrdən biri kimi beynəlxalq miqyasda diqqət mərkəzindədir :
“Şahdəniz” yatağından əldə olunan qazı Avropadakı istehlakçılara çatdırmaq üçün bu dəhliz boyu 3 böyük kəmər bir-birinə birləşdirilərək vahid sistem yaradacaq. Bunlar CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans Anadolu Qaz Kəməri) və TAP-dır (Trans Adriatik Qaz Kəməri)”.
Bu sistemin parametrləri barədə danışan müəllif qeyd edib ki, CQBK Azərbaycanda 443 və Gürcüstanda 248 kilometr məsafə qət edərək TANAP-a qovuşur. TANAP isə Türkiyə ərazisi ilə 1850 kilometr boyu uzanaraq TAP-la birləşir :
“TAP dəhlizin sonuncu seqmentidir. Uzunluğu 878 kilometr olan bu kəmərin 550 kilometri Yunanıstandan, 215 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizinin altından keçəcək, sonuncu 8 kilometri İtaliya ərazisində quruda yerləşəcək. CQBK və TANAP artıq istifadəyə verilib. TAP-ın tikintisi isə davam edir”.
Müəllif daha sonra layihənin əhəmiyyətindən bəhs edir. Yazı bu sözlərlə də başa çatır:
“Beləliklə, “Cənub Qaz Dəhlizi” Cənub-Şərqi Avropa və Balkan ölkələrinin, eləcə də bütövlüklə qitənin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayacaq”