"Mübarizənin başındayıq"
Həbs edilən Fuad Qəhrəmanlının hazırda Türkiyədə səfərdə olan xanımı Zümrüd Yağmur öz Facebook səhifəsində yazıb ki, o, həyat yoldaşının həbsini gözləyirdi: «Rahatsız olmayın, bu gözlənilməz deyildi zatən... Olsun... Mən sakitəm, qürurluyam... Dünyanın sonunda deyil, mübarizənin başındayıq...».
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barədə dekabrın 8-də axşam saat 23.30 radələrində Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Hüseynovanın sədrliyi ilə ilkin istintaq dövrü üçün üç aylıq həbs qətimkan tədbiri seçilib.
AzadlıqRadiosuna vəkil Fəxrəddin Mehdiyev məlumat verərək bildirib ki, Fuad Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.
"Bank of Baku" neftçilərin kreditini bağışladı
“Günəşli” neft yatağında yanğında həyatını itirən və itkin düşən neftçilər arasında, “Bank of Baku”nun11 daimi müştərisi də olub.
Bankdan verilən məlumata görə, bank həyatını itirmiş və itkin düşmüş neftçilərin ailələrinə dəstək məqsədi ilə, həmin neftçilərin bankda mövcud olan bütün kredit borclarını bağışlayıb.
Həmin yanğında 7 nəfər həlak olub, 20-dən çox neftçi itkin düşüb. 33 nəfər xilas edilib.
Nardaranda Natiq Kərimov saxlandı
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bu gün Nardaran qəsəbəsində qurulan postda saxlanılıb.
Bu barədə Nardaran sakinləri AzadlıqRadiosuna məlumat veriblər.
Natiq Kərimovun hansı polis idarəsinə aparıldığı bilinmir.
Natiq Kərimov ifadə verir
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Baş Prokurorluqda ifadə verir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna bildirib ki, Nardaran hadisələri ilə bağlı Natiq Kərimovun ifadəsi alınır.
Natiq Kərimovun oğlu Kamran Kərimov APA-ya bildirib ki, atası həkimə gedərkən polis postunda saxlanılıb.
Noyabrın 26-da polis Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib, ikisi polis əməkdaşı olmaqla 7 nəfər ölüb, yaralılar və həbs olunanlar var.