Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 06:26

AXH İran səfirliyi qarşısında piket keçirib-yenilənib


Bakıda, İran səfirliyi qarşısında aksiya, arxiv foto

Noyabrın 23-də Azərbaycan Xalq Hərəkatının (AXH) İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında keçirdiyi aksiya zamanı saxlananların hamısının sərbəst buraxıldığı bildirilib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən AXH tərkibində olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, onlar cərimələnib: "Onlar Səbail Rayon Məhkəməsinə aparılaraq hər biri 200 manat məbləğində cərimələniblər".

Onun deməsinə görə, cərimə edilənlər İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə təqsirləndiriliblər.

Amma O, dəqiq neçə nəfərin cərimələndiyini açıqlamayıb.

Bu deyilənləri də, hələlik, Səbail Rayon Məhkəməsindən dəqiqləşdirmək və onlardan da münasibət almaq mümkün olmayıb.

***

Noyabrın 23-də Azərbaycan Xalq Hərəkatının (AXH) bir qrup fəalı İran İslam Respublikasının Azərbaycan paytaxtı Bakıdakı səfirliyinin qarşısında aksiya keçirməyə cəhd ediblər. Onlar İranda son günlərdə baş verən hadisələrə etiraz ediblər.

Aksiya iştirakçıları əllərində müxtəlif plakatlar tutaraq "Azərbaycan oyaqdı, Bakı Təbrizə dayaqdı" və başqa şüarlar səsləndiriblər. Aksiya zamanı qətnamə oxunub. Qətnamədə İranda dinc etirazçılara qarşı güc tədbiqinə etiraz bildirilib və hakimiyyətdən bu ölkənin vətəndaşlarının tələblərini yerinə yetirmək tələb edilib.

Hadisə yerinə cəlb olunmuş polis qüvvələri qətnaməni oxumağa ciddi maneçilik törətməsələr də, bundan sonra şüarları səsləndirən etirazçıları uzaqlaşdırmağa başlayıblar.

Sonda bir neçə aksiya iştirakçısı polis maşınına mindirilərək aparılıb.

Hələlik, saxlanan şəxslərin taleyinə aydınlıq gətirmək mümkün olmayıb.

Aksiyaya da İran İslam Respublikasının Bakıdakı səfirliyi və Azərbaycan Daxili İşlər Nazirliyindən münasibət almaq cəhdləri nəticə verməyib.

Xatırlatma

Son günlər İranda benzinin qiymətinin qaldırılması ilə bağlı etirazlar baş verib. Bu etirazların yatırılması zaman bir neçə yüz insanın öldürüldüyü, çoxsaylı fəalların saxalandığı bildirilir.

İranın rəsmi şəxsləri etirazları xarici qüvvələrin təhriki ilə baş verən təxribatlar kimi dəyərləndirirlər.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG