Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:26

Səfir: 'ABŞ şəffaf seçkilərin tərəfdarıdır'


Robert Sekuta
Robert Sekuta

«Biz hələ bu işin ilkin mərhələsindəyik. Amma, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələrinin Azərbaycana gələcəyi barədə məlumatımız var».

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkisi haqda danışarkən belə deyib.

Səfir ABŞ dövlət katibi müavinin müşaviri Bricet Brinkin bir müddət əvvəl Azərbaycana səfər etməsini xatırladıb, onun seçkilərlə bağlı müəyyən fikirlər səsləndirdiyini qeyd edib.

R.Sekuta ABŞ-ın dövlət katibi Reks Tillersonun Misirdəki seçkilərlə bağlı fikirlərinə istinad edərək, ölkəsinin şəffaf və nəticəsi güvənli seçkilərdən yana olduğunu vurğulayıb.

***Buna da bax-Birləşmiş Ştatlardan Azərbaycana azad seçki tövsiyəsi

«Reks Tillerson bildirib ki, ABŞ bütün ölkələrdə olduğu kimi, Misirdə də şəffaf və nəticəsinə inanıla bilən seçkilərin keçirilməsinin tərəfdarıdır. Elə bir seçkilər ki, orada hər bir vətəndaşa öz seçimini, öz mövqeyini ədalətlə və azad şəkildə ifadə etmək imkanı yaradılsın. Biz bu məqamlara diqqət yetirərək fikrimizi açıqlayacağıq», - səfir seçki ilə bağlı ölkəsinin mövqeyini ifadə edib.

«Münaqişənin sülh yolu ilə həllindən ötrü əlimizdən gələni edirik»

R.Sekuta Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı suallara da toxunub. O, ölkəsinin münaqişənin sülh yolu ilə həllində əlindən gələni etdiyini vurğulayıb.

«Vasitəçi ölkə kimi münaqişə tərəflərini bir araya gətirərək Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik», - deyən ABŞ-ın Azərbaycandakı səfiri bu il münaqişəsinin başlanmasından 30 il ötdüyünü qeyd edib.

***Buna da bax-Paşazadənin seçkilərdə İlham Əliyevi dəstəkləmə çağırışı qanunidirmi? [rəylər]

«Bütün bu hadisələri, keçmişi xatırlamaq əlbəttə vacıbdir. Keçmişdən ibrət dərsi almaq vacibdir. Eyni zamanda, daha yaxşı gələcək qurmaq bundan da vacibdir. Məhz bu baxımından ABŞ olaraq, problemin həlli ilə bağlı vasitəçi ölkə kimi münaqişə tərəflərini bir araya gətirərək məsələnin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik».

Səfir ABŞ hökumətinin Azərbaycanın məcburi köçkün əhalisinə yardımı davam etdirəcəyini ifadə edib. ​«Bununla bərabər, qeyd etdiyim kimi, münaqişənin dinc yolla həll edilməsindən ötrü səylərimizi davam etdirəcək, artıracağıq», - səfir vurğulayıb.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısının istəyi ilə 6 ay önə çəkilib. Oktyabrda keçirilməli olan prezident seçkisi aprelin 11-nə təyin edilib.

Artıq 10-dan çox iddiaçının namizədliyi təsdiqlənib. Amma bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat, Klassik Xalq Cəbhəsi partiyaları seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG