Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 00:24

Azərbaycanla Rusiya yenə dostluqdan və əməkdaşlıqdan danışır...

Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası çərçivəsində avtomobil nəqliyyatı üçün elektron beynəlxalq yük qaiməsinin (e-CMR) tətbiqinə dair "Yol Xəritəsi" imzalanıb.
Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası çərçivəsində avtomobil nəqliyyatı üçün elektron beynəlxalq yük qaiməsinin (e-CMR) tətbiqinə dair "Yol Xəritəsi" imzalanıb.

Azərbaycan ilə Rusiya arasında investisiya əməkdaşlığında müsbət dinamika müşahidə olunur.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə aprelin 16-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iki ölkə arasında Hökumətlərarası Komissiyanın 24-cü iclasında bildirib. İclas Azərbaycanda keçirilib.

"Rusiya investisiyalarının Azərbaycan iqtisadiyyatına yönəlmiş ümumi həcmi 10.7 milyard ABŞ dolları təşkil edir ki, bunun 2.9 milyard dolları qeyri-neft sektorunun payına düşür", - Ş.Mustafayev vurğulayıb.

Azərbaycandan Rusiyaya yatırılan investisiyaların həcmi isə 1.2 milyard dollar göstərilir.

Ş.Mustafayev deyib ki, Azərbaycan Rusiya ilə münasibətlərdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiq qalır: "İkitərəfli əməkdaşlığın inkişafı prezidentlərin siyasi iradəsi və strateji kursu əsasında formalaşır, bütün istiqamətlər üzrə dərinləşir. Mürəkkəb regional vəziyyətə baxmayaraq, tərəflər arasında əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir".

Azərbaycan-Rusiya qarşılıqlı ticarəti...

O, Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri kimi xarici ticarət dövriyyəsində mühüm yer tutduğunu bildirib. Qeyd olunub ki, 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 4.9 milyard ABŞ dollarını ötüb. Cari ilin ilk üç ayında isə qarşılıqlı ticarətin həcmi 750 milyon dollar təşkil edib.

İclasda Rusiya nümayəndə heyətinə baş nazirin müavini Aleksey Overçuk rəhbərlik edib. Görüşün yekununda Mustafayev və Overçuk Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclasının protokolunu imzalayıblar.

Protokolun detalları hələlik açıqlanmayıb.

Putin 'AZAL qəzası' ilə bağlı vədinə əməl etmədi
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

Xatırlatma

Dörd il əvvəl, fevralın 22-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə' imzalayıblar. Lakin iki il öncə, dekabrın 25-də baş vermiş təyyarə qəzası iki ölkə arasındakı münasibətlərdə ciddi gərginliyə və qeyri-ənənəvi bəyanatlara yol açmışdı.

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer-190" tipli təyyarə Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstan ərazisində qəzaya uğramış və 38 nəfər həlak olmuşdu. Azərbaycan rəsmiləri təyyarəyə Rusiya hava məkanında müdaxilə olunduğunu və onun kursdan çıxaraq Qazaxıstan istiqamətinə yönəldiyini vurğulayaraq hadisəyə görə Rusiyanın məsuliyyət daşıdığını bildirirdilər. Bakı rəsmi Moskvadan qəzaya görə məsuliyyəti etiraf etməyi, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edirdi. Rusiya tərəfi ilkin mərhələdə üzrxahlıq etsə də, digər tələblər uzun müddət yerinə yetirilməmiş qalırdı.

Bu gərginlik fonunda Rusiyada Azərbaycan diasporunun nümayəndələrinə qarşı silsilə əməliyyatlar keçirildi, ölənlər və həbs edilənlər oldu. Azərbaycan tərəfi ölüm halları ilə bağlı cinayət işləri başlatdı. Cavab tədbiri kimi Bakıda aralarında "Sputnik Azərbaycan"ın əməkdaşlarının da olduğu bir neçə Rusiya vətəndaşı müxtəlif ittihamlarla saxlanıldı. İki ölkə rəhbərinin təmaslarından sonra "Sputnik Azərbaycan"ın əməkdaşları azadlığa buraxılsa da, bir çox məsələlərdə anlaşılmazlıqlar davam edirdi. Nəhayət, dünən — aprelin 15-də tərəflər arasında razılığın əldə olunduğu elan edilib.

Hər iki ölkənin Xarici İşlər nazirliklərinin yaydığı birgə sənəddə qeyd olunur ki, tərəflər 2024-cü il dekabrın 25-də "Rusiya hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində" AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı məsələlərin həlli, o cümlədən kompensasiya ödənilməsi barədə tam razılığa gəliblər.

XS
SM
MD
LG