Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:21

Azərbaycan Avropadan qaz əvəzinə investisiya və qarantiya istəyir


Cənub Qaz Dəhlizinin simvolik fraqmenti
Cənub Qaz Dəhlizinin simvolik fraqmenti

Azərbaycan xəbərdarlıq edib ki, onun Avropa İttifaqına qaz ixracını iki dəfə artırmaq öhdəliyini yerinə yetirməsi blokun onun kəmər şəbəkəsinə yeni investisiyalar yatırması və Avropa şirkətlərinin uzunmüddətli müqavilələr bağlamasından asılı olacaq.

Financial Times qəzeti xatırladır ki, Brüssel və Bakı iyul ayında Azərbaycandan Avropa İttifaqına ixrac olunan qazın həcmlərini 2027-ci ilədək ildə 20 milyard kubmetrə çatdırmağa dair razılaşma imzalayıblar.

Aİ hazırda Rusiya qazından asılılığını minimuma endirməyə can atır.

Məqalədə deyilir ki, amma 3500 kilometrlik Cənub Qaz Dəhlizinin genişləndirilməsi milyardlarla dollarlıq investisiya və Avropa şirkətləri ilə yeni müqavilələr tələb edir.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, bu müqavilələr 2027-ci ildən sonrakı dövrü də əhatə etməlidir:

“İnvestisiyada maraqlı olanlar, istər özəl olsun, istərsə dövlət pullarını masa üstünə qoymalıdırlar ki, biz ixrac həcmlərini artıra bilək. Mən demək istəməzdim ki, bu məsələdə Aİ ilə fikir ayrılığı var, amma bu, məsələnin mühüm hissəsidir”.

'Azərişıq'dan ümidini üzən camaat özü-özünə işıq çəkir
Gözlə

No media source currently available

0:00 0:04:25 0:00

Ekspert: “Heç bir ölkə milyardlarla dollarlıq riskə girməz”

Nazir müavini əlavə edib ki, hazırda Avropa İttifaqının altenativ təchizatçılara ehtiyacı var, amma Bakıya da qarantiyalar verilməlidir:

“Biz buna əmin olmalıyıq ki…bu, Ukrayna müharibəsinə görə spontan bir tələb deyil. Bu müharibə bir gün qurtaracaq və sonra siz yenidən Rusiyadan qaz almağa qayıdacaqsınız və deyəcəksiniz ki, “yaxşı da, daha sizin qazınıza ehtiyac yoxdur”.

Məmmədov vurğulayıb ki, Azərbaycan sözü gedən investisiyalara öz pay töhfəsini verə bilər.

Cənub Qaz Dəhlizinin tikintisi 40 milyard dollara başa gəlib.

S&P Global Commodity Insights firmasından Loren Ruzekas deyib ki, Azərbaycan İtaliya və Bolqarıstana qaz ixracını bir qədər artıra bilər, amma bu həcmin əsaslı artırılması üçün əhəmiyyətli məbləğdə investisiyalara ehtiyac olacaq:

“Heç bir ölkə uzunmüddətli alıcısını tanımadan üzərinə milyardlarla dollarlıq riski götürmək istəməz.”

Avropa Komissiyası bu istiqamətdə hər hansı danışıqların aparıldığına dair sorğuya şərh verməyib.

Aİ rəsmilərindən biri FT-yə deyib ki, blokla Azərbaycan arasında uzun müddətdir davam edən enerji əməkdaşlığı var və Aİ Azərbaycanı etibarlı təchizatçı hesab edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG