Azərbaycan əhalisinin (2026-cı il yanvarın 1-nə 10 milyon 262 mindən çox) 50.2 faizini qadınlar təşkil edir. 2025-ci ildə doğulmuş 95.9 min körpənin 46.9 faizi qız uşaqları olub.
Bu rəqəmlər Dövlət Statistika Komitəsinin (DSK) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadınların cəmiyyətdə rolu ilə bağlı açıqladığı statistik göstəricilərdə yer alır.
Selektiv abortun nəticəsi?
Son illər Azərbaycanda doğuşda qızların sayı azalmaqda davam edir. Ekspertlər bunu selektiv abortla izah edirlər.
DSK bununla belə vurğulayır ki, təhsil sahəsində qadınların xüsusi çəkisi yüksək olaraq qalır. Ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən, ali təhsil müəssisələrində isə 60 faizdən çoxunu qadınlar təşkil edir: "Həkimlərin isə 2/3 hissəsi qadınlardır".
Amma təhsil alanlar arşında rəqəmlər bir qədər fərqlidir: "Ümumi təhsil müəssisələrində şagirdlərin 45 faizdən, ali təhsil müəssisələrinin tələbələrinin isə 50 faizdən çoxunu qızlar təşkil edir".
DSK əlavə edir ki, ölkədə elmi işçilərin 60 faizdən çoxu qadınlardır, onların təxminən 30 faizi elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsinə malikdir: "2025-ci ilin ilkin məlumatlarına əsasən, məşğul əhalinin ümumi sayında qadınların xüsusi çəkisi 48.1 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında bu göstərici 30.3 faiz, fərdi sahibkarlar arasında isə 23.7 faizdir".
Azərbaycan qadının siyasətdə payı aşağıdır
Rəsmi açıqlamaya görə, Azərbaycan Milli Məclisinə seçilmiş qadın deputatların sayı 2025-ci ildə 21 faizə yüksəlib.
Diqqəti cəlb edən faktlardan biri də sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır: "Sürücülük vəsiqəsi alanlar arasında qadınların xüsusi çəkisi 2008-ci ildə 4.6 faiz idisə, 2025-ci ildə bu göstərici 18.8 faizə çatıb".