Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:34

Səhiyyə Nazirliyi: 'Azərbaycanda səhiyyə pulsuzdur, hər şey pulsuzdur...'


Azərbaycanda tibbi praktika (arxiv fotosu)
Azərbaycanda tibbi praktika (arxiv fotosu)

“Apara bilərik” demək ayrı şeydir, amma real olaraq vətəndaş çiynində hiss etməlidir ki, o, konkret xəstəliklə bağlı tam yoxlanılıb və onda bu xəstəlik aşkarlandı, ya yox. O cür yoxlamaların nəticəsi olmalıdır. Məsələ bundadır. Müayinə aparılırsa, bunun hədəfi və nəticəsi olmalıdır”.

“Biz istəyirik millət özünə baxsın”

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liya Bayramova 3 ay müddətində pulsuz tibbi müayinələrin keçirilməsi haqda danışarkən belə deyir. O, AzadlıqRadiosu-na qısa açıqlamada bu tədbirin prezidentin tapşırığı əsasında aparıldığnı bildirir:

Səhiyyə nazirliyi
Səhiyyə nazirliyi

“Azərbaycanda səhiyyə pulsuzdur, hər şey pulsuzdur. Biz istəyirik ki, millət özünə baxsın. Heç olmasa, ildə bir dəfə tibbi müayinədən keçsin. Bilsin səhhətində hansı problemlər var, xəstəliklər varsa, bunu aşkarlasın. Kimsə illərlə diabetlə yaşayır, amma bunu bilmir, kiminsə təzyiqi qalxır-düşür, amma ürəyində problem olduğunu bilmir”.

Səhiyyə Nazirliyi adından əhalinin müayinələrdən keçirilməsi ilə bağlı sərəncam verilib. Nazirlik müayinələrin məcburi deyil, könüllü xarakter daşıdığını bildirir, tədbir üç ay - fevralın 12-dən mayın 12-dək davam edəcək.

Buna da bax: Səhiyyə nazirliyi keyfiyyətsiz dərmanlarla necə mübarizə aparır?

Sərəncamda deyilir ki, şəhər və rayonların tibb müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılır.

Eləcə də xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlbinin nəzərdə tutulduğu qeyd edilir.

Bu xidmət dövlət tabeliyində olan, pulsuz fəaliyyət göstərən tibb müəssisələrinə aiddir. Tutalım, tam təsərrüfat hesablı, Prezidentin Xüsusi Tibb Xidmətinin tabeçiliyinə verilmiş Mərkəzi Klinika üç aylıq müayinə və müalicələrdə iştirak etmir. Xəstəxananın baş həkimi Kamran Musayev AzadlıqRadiosu-na deyir ki, bu haqda daha dəqiq gələn bazar ertəsi danışa bilər, amma onun bildiyi qədər xəstəxana ötən il pulsuz müayinələr aparmayıb.

Buna da bax: Hökumət səhiyyənin inkişafından danışan zaman... [video]

Baş həkimin müavini: “Spesifik müayinələr üçün göndəriş verilir”

Bakı şəhərində yerləşən 5 saylı poliklinikanın baş həkiminin müavini Nelli Veyisova isə əhalinin bu müayinə və müalicələrə həvəsli yanaşdığını söyləyir.

Bu müayinələri yerdə qalan 9 ayda aparılan müayinə və müalicələrdən fərqli edən nədir? Baş həkimin müavininin sözlərinə görə, bu müddətdə təkcə ərazidə yaşayanlar deyil, eləcə də yaxınlıqdakı müəssisələrdə işləyənlər də onlara müraciət edərək “profilaktik pulsuz müayinədən” keçirlər:

“Bu poliklinikanın yaxınlığındakı təhsil ocaqları, məsələn, Xarici Dillər, Slavyan universitetlərinin, Konservatoriyanın, Tibb Universitetinin tələbləri, işçiləri, adi işıq, su idarəsində və başqa müəssisələrdə çalışanlar gəlib bizdə müayinədən keçə bilərlər. Tutalım, müəllimədir, iş saatında yaşadığı ərazidə həkimə getməyə vaxtı çatmır, bizə gəlir. Çox adam şəkərini, gözünü, ürəyini yoxlatdırır”.

Buna da bax: Deputat müalicəyə xaricə getməyin səbəblərindən danışır

Nelli Veyisova yoxlamalara əsasən “analizlərin, elektrokardioqramın, döş qəfəsinin rentgen, ultrasəs müayinəsinin və həkimlərin baxışının” daxil olduğunu bildirir. “Spesifik müayinələr kənarda aparılır, bunun üçün onlara göndəriş verilir”, – deyə baş həkimin müavini əlavə edir.

Onun sözlərinə görə, tədbirə hazırlıq İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi ilə birgə aparılır, hətta işə MİS işçiləri də cəlb olunur, həyətlərə, bloklara elanlar vurulur.

Bu tədbirə əlavə vəsait də ayrılır. “Biz özəl sektor deyilik. Bakı Baş Səhiyyə İdarəsinin tabeçiliyində fəaliyyət göstəririk. Bizim vəsait məsələsi orda həll olunur. Misal üçün, rentgen üçün alınan ‘babina’nın, reaktivlərin, elektrokardioqram, rentgen üçün istifadə olunan lentlərə tələbat artır və bunu da Bakı Baş Səhiyyə İdarəsi ödəyir”, – deyən N. Veyisova üç aylıq tədbir zamanı həkimlərə əlavə ödəniş edilmədiyini bildirir.

Buna da bax: İcbari tibbi sığorta ilə üç nəfər əməliyyat olundu. Pulsuz?

Adil Qeybulla: “Sahə həkiminin əlində heç bir vəsait və vasitə yoxdur”

Tibb elmləri doktoru, professor Adil Qeybulla müayinələrin hədəfinin göstərilmədiyinə təəssüflənir:

Tibb elmləri doktoru Adil Qeybulla
Tibb elmləri doktoru Adil Qeybulla

– Eşitdiyimə görə, əhali arasında ümumi yoxlama sahə həkimləri vasitəsilə həyata keçiriləcək. Sahə həkiminin əlində isə heç bir vəsait yoxdur, vasitə də yoxdur. Onlar sadəcə, sorğu apara bilərlər. Ancaq yaxşı olardı ki, belə bir proqram reallaşdırılırsa, konkret xəstəliklərlə bağlı müayinələr aparılsın. Məsələn, vərəm. Bu gün Azərbaycanda vərəmin durumu çox da ürəkaçan deyil. Sovet dövründə hər il vərəmli xəstələrin dispanserizasiyası aparılırdı. Heç olmasa, əhali arasında flüoqrafiya aparılardı, mantu sınağı qoyulardı. Xəstəliyin ilkin olaraq aşkarlanması məqsədilə belə bir addım atıla bilərdi. Dispanserizasiyada məqsəd əhali arasında xəstəliklərin erkən aşkar olunması və onların statistikasını, dinamikasını izləməkdir. Hesab edirəm ki, bu şəkildə daha məqsədəuyğun olardı.

– Amma 5 saylı poliklinikanın baş həkiminin müavini deyir ki, əksər xəstəliklərlə bağlı müayinə apara bilərlər.

Buna da bax: Həkimlərin maaşı artıb - Mingəçevir və Yevlaxda...

– “Apara bilərik” demək ayrı şeydir, amma real olaraq vətəndaş çiynində hiss etməlidir ki, o, konkret xəstəliklə bağlı tam yoxlanılıb və onda bu xəstəlik aşkarlandı ya yox. O cür yoxlamaların nəticəsi olmalıdır. Məsələ bundadır. Müayinə aparılırsa bunun hədəfi və nəticəsi olmalıdır.

Artıq üçüncü ildir ki, prezidentin tapşırığı ilə Səhiyyə Nazirliyi üç aylıq tibbi müayinə və müalicələr aparır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG