Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Nazir: Polis prezidentin etimadını doğrultmağa çalışacaq


Ramil Usubov
Ramil Usubov

“Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu illər ərzində daxili işlər orqanları inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb”.

Azərbaycan Polisi Günü ( iyulun 2-si) və daxili işlər orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə keçirilmiş tədbirdəki çıxışında daxili işlər naziri Ramil Usubov belə deyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbir Polis Akademiyasında keçirilib.

Nazir Azərbaycan milisinin ( Sovetlər dönəmində polisin adı) İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlar göstərdiyini, 1970-1980-ci illərin Daxili İşlər Nazirliyinin tarixində mühüm mərhələ olduğunu iddia edib.

Nazir deyib ki, müstəqilliyin ilk illərində respublikada ictimai-siyasi böhran, hərc-mərclik, özbaşınalıq, insan hüquqlarının kütləvi şəkildə pozulması, torpaqların işğalı halları baş verib. Belə bir situasiyada keçmiş prezident Heydər Əliyevin qurtuluş missiyasını həyata keçirərək qısa müddətdə respublikada möhkəm və dönməz sabitlik yaratmağa nail olduğunu iddia edən nazir dövlət çevrilişi və vətəndaş müharibəsinin qarşısının alındığını vurğulayıb. O, İlham Əliyevin zamanında ölkənin öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu ifadə edib.

Cinayətkarlığa qarşı mübarizədən bəhs edən nazirin sözlərinə görə, müstəqilliyin ilk illərində hüquqşünas ixtisası tələb olunan zabit heyəti vəzifələrinin yalnız 16 faizini müvafiq təhsilli əməkdaşlar təşkil edib. Ancaq onun deməsinə görə, indi bu göstərici 100 faizə çatıb, kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların isə təxminən 20 faizi ali təhsillidir.

“Azərbaycan polisi inkişafın, rifahın rəhni olan sabitliyin qorunub saxlanması, qanunçuluğun, təməlinsan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bundan sonra da bacarığını əsirgəməyəcək, prezidentin inam və etimadını hər zaman layiqincə doğrultmağa çalışacaq”, nazir çıxışınınm sonunda bildirib.

Xatırlatma

Ancaq Azərbaycan müxalifəti hesab edir ki, daxili işlər orqanları bəzi hallarda qanunun yox, hakimiyyətin keşiyində durur.

Onların fikrincə, polis orqanlarından müxalif qüvvələrin qanunsuz üsullarla təqib edilməsində istifadə edilir. Hərçənd Daxili İşlər Nazirliyində belə iddiaları əsasız sayırlar.

Azərbaycanda Polis Günü 1998-ci il iyulun 2-dən prezident Heydər Əliyevin fərmanı ilə keçirilir. Bundan ötrü keçmiş prezident həmin il mayın 24-də fərman vermişdi.

Azərbaycanda daxili işlər orqanlarının əsasının 100 il əvvəl Xalq Cümhüriyyəti (XC) zamanı qoyulduğu bildirilir.

AXC 1918-ci il mayın 28-də yaradılıb, lakin Rusiya qoşunlarının işğalı nəticəsində 1920-ci il aprelin 27-də süqut edib.Azərbaycan bir də müstəqilliyini 1991-ci ildə qazanıb.

XS
SM
MD
LG