Daxili işlər naziri Ramil Usubov Bakı Baş Polis İdarəsinin ilin yekunu ilə bağlı iclasında deyib ki, polis gərək şərəfli polis adını qorusun, etik davranış qaydalarına riayət etsin.
Amma indi Bakı xəstəxanalarının birində müalicə alan sürücü Şaiq Qəhrəmanov deyir ki, bugünlərdə polis zorakılığına məruz qalıb - yanvarın 16-da, yolla getdiyi yerdə, yol polisinin əməkdaşları onu saxlayıb zorla 9-cu mikrorayona aparıblar. Sürücü deyir ki, Binəqədi Polisinin əməkdaşları onu məcbur etdilər ki, ərazidən zorla köçürülən məcburi köçkünləri Tərtər rayonuna aparsın:
Buna da bax: Polisin hüquqları artırılır və mətbuata yeni cəzalar gəlir
"Qadın çox pis vəziyyətdə idi ağlayırdı. Polis rəisindən soruşdum ki, bunlar heç özləri bilmir hara gedəcəklər, məni üzü qaranlığa hara göndərirsiz?! “Mənimlə söz güləşdirirsən, ə qoduq?!”, – deyə nalayiq sözlər söyə-söyə üstümə gəldi və mənə yumruq zərbəsi vurdu. Yumruq zərbəsi anında dörd polis əməkdaşı qollarımı tutdu və həmin mülki formalı polis və onun müavini təpik və yumruqla məni döyməyə başladılar".
Şaiq Qəhrəmanov deyir ki, onu elə döyüblər ki, bağırsaqları partlayıb və onu həmin gecə “Semaşko”da əməliyyat ediblər.
Buna da bax: Nardaran hadisələrindən 2 il ötdü [Video]
Sürücünün ittiham etdiyi Binəqədi rayon polis idarəsindən telefon zənglərimizə cavab verən olmadı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı telefonu AzadlıqRadiosu-nun üzünə qapadı.
Hakimiyyətyönlü deputat Zahid Oruc isə deyir ki, əgər kimsə polis orqanlarından şikayətçidirsə, məhkəməyə verib, hüququnu qoruya bilər. Onun sözlərinə görə, ayrı-ayrı hadisələr ümumilikdə polisin işini kölgə altına almamalıdır.
Azərbaycanda polis zorakılığı bağlı indiyə qədər də şikayətlər olub. Bu, Azərbaycanda polis zorakılığı bağlı ilk şikayət deyil. 2016-cı ilin avqustunda Mingəçevirdə polislə vətəndaş qarşıdurması yaşanmışdı. Etiraz edənlər mərhum Bəhruz Hacıyevin qohumları idilər. Polis iddia edirdi ki, Bəhruz Hacıyev özünü Mingəçevir Polis Şöbəsinin pəncərəsindən atıb.
Buna da bax: Polis maşınını əzən: 'Bunlar bezdirmişdi məni'
Amma Bəhruz Hacıyevin atası Dilsuz Hacıyev demişdi ki, oğlunun intihar etdiyinə inanmır, əmindir ki, onu döyüb öldürüblər, üzərində işgəncə əlamətləri, elektrokşok izləri olub. Bəhruz Hacıyevin ölümünə görə məsuliyyətə cəlb olunmuş polis baş-leytenantı Şahlar Şahlarzadəyə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə, 4 il iş verilib. Sabiq əməliyyat müvəkkili məhkəmədə ifadəsində özünü təqsirli bilməyib.
Buna da bax:
Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, polis zorakılığı və pis rəftarla bağlı durum illər ərzində dəyişməyib, yaxşılaşmayıb. Onun sözlərinə görə, polis daha çox ictimai fəallarla zorakı davranır.
Buna da bax: Cəmil Həsənli: ‘Həbslərin arxasında İlham Əliyev dayanır’
ReAl Hərəkatının İdarə Heyətinin üzvü, hüquqşünas Xalid Bağırov deyir ki, polis əməkdaşları peşəkarlığını itirib və siyasi alətə çevrilib.
"Azərbaycanda polis öz funksiyasını itirmiş qurumdur. Birinci səbəb odur ki, cəzasızlıq mühiti var, nəzarət mexanizmi yoxdur polisin fəaliyyətinə. Dəfələrlə İlham Əliyev də, Ramil Usubov da bildiriblər ki, biz polisi cəzalandırmayacağıq. Bu da onu göstərir ki, polis öz funksiyasını itirib və siyasi qrupun alətinə çevrilib. Bu da gətirib cəzasızlıq mühitinə, nəzarətin itməsinə, peşəkarlığın etməsinə gətirib çıxarıb".
Bəs Bakı sakinləri Azərbaycan polisi haqda nə düşünürlər:
Xalid Bağırov deyir ki, polisə etimadı qaldırmaqdan ötrü siyasi iradə olmalıdır- polis vətəndaşa qarşı cəbhədə dayanmamalıdır.
“Maraqlı təklif var ki, qadın polislərin sayı artmalıdır. Polis üzərində nəzarət mexanizmi artırılmalıdır. Ən başlıcası polis üzərində məhkəmə nəzarəti olmalıdır. Məhkəmələr polisləri cəzalandıra bilmirlər, çünki polisin arxasında siyasi qüvvə durur”.
Hakimiyyətyönlü deputat Zahid Oruc isə deyir ki, polis orqanları Azərbaycanda öz işlərinin öhdəsindən uğurla gəlir və Azərbaycan qətiyyən polis dövləti deyil.
Azərbaycan dövləti normal prinsiplər üzərində bərqərar olub, polis orqanları öz funksiyalarını həyata keçirirlər. Amma Azərbaycan polis dövləti deyil və qətiyyən bu anlayışı qəbul etmək olmaz.
Buna da bax: Taleh Bağırov: 'Belələrinin qarşısında sınmayın'
Nazir Ramil Usubov isə ilin yekunlarına dair iclasda deyib ki, o, əmindir: paytaxtın polis orqanlarının şəxsi heyəti prezident İlham Əliyevin qarşıya qoyduğu bütün tapşırıqları, vəzifələri layiqincə yerinə yetirəcək.
ABŞ Dövlət Departamenti keçən ilin martında yaydığı hesabatda, Azərbaycanın polis idarələrində pis rəftarın, hətta işgəncənin olduğunu bildirir. Məsələn, hesabatda “Nardaran məsələsindən” də söhbət açılır və qeyd olunur ki, Taleh Bağırzadə və daha 16 nəfər polis qurumunda işgəncələrə məruz qalıblar.
Azərbaycan iqtidarının yetkililəri belə iddiaları bir qayda olaraq rədd edirlər.