Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:42

Azərbaycan nə düşünür ?


Paytaxt Bakıdan bir mənzərə, 6 iyul 2013
Paytaxt Bakıdan bir mənzərə, 6 iyul 2013

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov-un bu yaxınlarda Stokholmda “"Şərq Tərəfdaşlığı” (ŞT) üçün yeni siyasi baxış" mövzusunda yüksək səviyyəli nazirlərin seminarında çıxışı bir sıra suallar doğurur.

Nazirin deməsinə görə, Azərbaycan “Şərq Tərfdaşlığı”nın bugünədək nə verdiyi və bundan sonra hara getdiyi barədə düşüncə mərhələsindədir.

Bu barədə müraciət etdiyimiz ekspertlərin fikirləri isə mövzu ətrafında haçalanır.

Elmar Məmmədyarov, Brüssel, 4 aprel 2019
Elmar Məmmədyarov, Brüssel, 4 aprel 2019

“ Əsas səbəb Avropa Birliyinin öz dəyərlərinə hörmətlə yanaşmamasıdır”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bu vəziyyətin yaranmasında ilkin səbəb kimi "Şərq Tərəfdaşlığı” proqramında nöqsanların burxılmasını görür:

“ Əsas səbəb Avropa Birliyinin öz dəyərlərinə hörmətlə yanaşmamasıdır. Onların əsas məqsədi yaxın sərhədlərdə təhlükəsizliyi qorumaq, demokratiyanın inkişafına dəstək verməkdir. Məsələn, 2016-cı ildə Avropa Şurasının Sərsəng su anbarı ilə bağlı qətnaməsi oldu. Düzdür, Avropa Şurası və Avropa Birliyi ayrı-ayrı təşkilatlardır, amma biz Avropaya baxdıqda, onların qətnamələrə riayət etmədiklərini görürük. Bu da Azərbaycan vətəndaşlarını məyus edir. Yəni ən azı Sərsəng su anbarı ilə bağlı Avropa Şurası və Avropa Birliyi qətiyyət göstərib 6 rayona su verilməsində israr etsəydi, azərbaycanlıların Avropaya inamı artardı”.

Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010
Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010

“Öhdəliklərin də həddi var,...”

Məhərrəm Zülfüqarlı təəssüflənir ki, Avropa təşkilatlarının qəbul etdikləri qərarları kağız üzərində qalır, ancaq Azərbaycanın üzərinə yeni öhdəliklər qoymaq istəyirlər:

“Öhdəliklərin də həddi var, tutaq ki, Rəsmi Bakı Qarabağ problemini sülh yolu ilə həllinə razıdır. Ancaq problem həll olunmur və əhali də yurdlarına qayıtmaq istəyir, ərazi bütövlüyün bərpasını tələb edir. Ona görə Avropa strukturları qəbul etdikləri qərar və qətnamələrə hörmətlə yanaşıb Azərbaycana xüsusi münasibət sərgiləsinlər. Azərbaycan Avropanın bir sıra ölkələrini yanacaqla təmin edir, işğalçı Ermənistan isə ərazimizi işğalda saxlamaqla Avropa dəyərlərinə hörmət etmir, hər iki ölkə də Avropa Şurasının üzvüdür. Buna baxmayaraq, Avropa ölkələrinin deputatları Qarabağa qanunsuz səfər edirlər. Biz onlardan başqa heç nə istəmirik, dəyərlərinə hörmətlə yanaşsınlar, vəssalam”.

“Ölkənin maraqlarından çox hakimiyyətin mənafelərini düşünür...”

Akif Qurbanov, 17 oktyabr 2013
Akif Qurbanov, 17 oktyabr 2013

Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü, seçki eksperti Akif Qurbanov isə Azərbaycan hökumətinin düşüncə və tərəddüd içində olduğunu hesab etmir:

“Rəsmi Bakı da, Brüssel də nə istədiklərini bilirlər. Azərbaycan iqtisadi əlaqələri düşünüb qapını tam qapatmaq istəmir, çünki xarici ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi Avropa dövlətləri təşkil edir. Sadəcə, bir sıra məsələlərdə tərəflərin istədikləri üst-üstə düşmür. Avropa Birliyi də dialoqun qalmasında tərəfdardır, açıq pəncərəni qapatmaq yox, saxlamaq istəyir, ki, Bakını bir gün inandıra bildilər və prinsiplərə uyğunlaşacaqlar. Azərbaycan hökuməti də daxili və xarici ictimaiyyətə göstərməyə çalışır ki, Avropa Birliyindən uzaqlaşmır, amma müstəqil dövlətəm, özümə uyğun şərtlərim və geopolitik durum var. Buna görə də fərdi münasibətlərin tərəfdarı olduğunu göstərir. Əslində, Rəsmi Bakının bu ifadələri yersizdir, çünki hökumət "Şərq Tərəfdaşlığı” proqramına qoşulduğunu bildirib və 6 dövlətlə çərçivə müəyyənləşib, nəticədə yaxınlaşma siyasəti həyata keçirilir. Təbii ki, bu çərçivədə öhdəliklər var, 4 ölkə bunları yerinə yetirməyə çalışır və böyük məsafə qət ediblər, onlardan üçü Asosiativ saziş imzalayıb. Avrasiya birliyinin üzvü olan Ermənistan bu sənədi imzalamasa da, bu istiqamətə iradəsini nümayiş etdirir. Azərbaycan və Belarus bu prosesdə ölkənin maraqlarından çox hakimiyyətin mənafelərini düşünür və siyasətlərini bu əsasda qururlar”.

“Şimaldan Rusiya, cənubdan İran, Qərbdən Avropa ölkələri,...”

Məhərrəm Zülfüqarlı “ölkədə baş verən son proseslər, hökumətin bu məsələdə tərəddüd içində olduğunu göstərmirmi” sualına belə cavab verib:

“Azərbaycan dövlət müstəqilliyini elan edəndən sonra götürdüyü siyasi kurs təzyiqləri neytrallaşdırmağa hesablanıb. Şimaldan Rusiya, cənubdan İran, Qərbdən Avropa ölkələri, Amerika, hamısı Azərbaycanda öz mənafelərinə uyğun iş qurmaq istəyirlər. Məhz balanslaşdırılmış siyasətlə təzyiqlləri aradan qaldırırıq. Azərbaycan M.Saakaşvili kimi siyasət yeritsəydi, ərazilərimiz rəsmi şəkildə itirilmişdi. Necə ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyanı itirdi. Aparılan siyasət təzyiqlərə cavab vermək imkanını gücləndirir və ildən-ilə iqtsadiyyat və ordumuzu gücləndiririk. Amma təzyiqlər yenə var, Rusiya Qərbyönümlü siyasətimizi bəyənmir, Qərb də Rusiyayönümlü siyasəti. Hər ikisini də İran dövləti bəyınmir. Biz dövlətimizi bu təzyiqlərdən qoruyuruq”.

“Bunlardan biri Dünya Ticarət Təşkilatına qoşulmaqdır”

Dünya Ticarət Təşkilatı nazirlərinin görüşü, Cenevrə,15 dekabr 2011
Dünya Ticarət Təşkilatı nazirlərinin görüşü, Cenevrə,15 dekabr 2011

Akif Qurbanov isə fərqli yanaşır. Onun sözlərinə görə, tərəddüd o zaman olardı ki, nəyin yaxşı, nəyin pis olduğunu görüb hansını seçməkdə risk etsin:

A.Qurbanovun fikrincə, vizual baxımdan bəlkə də görünür ki, rəsmi Bakı geopolitik vəziyyətdə Rusiya və İrana görə Avropaya yaxınlaşmaqda düşüncələr içindədir, o cümlədən, siyasi ritorikasında bundan istifadə də edir. Amma o hesab edir ki, real gerçəklikdə belə deyil:

“Azərbaycan hökuməti başa düşür ki, Avropa Birliyi ilə yaxınlaşdıqda, saziş çərçivəsində irəliləyişlərə doğru addım atdıqda özünün də gərəkli addmları var. Bunlardan biri Dünya Ticarət Təşkilatına qoşulmaqdır, bu isə inhisarçılığın ləğvi, azad ticarət zonasının yaradılması, iqtisadi rıçaqların bir qrupun əlindən çıxması deməkdi. Eyni zamanda, insan haqları və demokratiya ilə bağlı öhdəliklərin götürülməsidir. Hökumət isə bunları istəmədiyindən danışıq prosesini uzadır. ”

Xatırlatma

Avropa Birliyinin bayrağı, Brüssel, 6 mart 2019.
Avropa Birliyinin bayrağı, Brüssel, 6 mart 2019.

Avropa Birliyinin (AB) «Şərq Tərəfdaşlığı» proqramının əsası 2009-cu ildə qoyulub. Proqram AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. 2017-ci ilin noyabrında qurumla Ermənistan arasında də tərəfdaşlıq sazişi imzalanıb.

Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG